Ötən illə müqayisədə ölkəmizə idxal olunan ekoloji təmiz nəqliyyat vasitələrinin işlənmişlərinin sayında artım qeydə alınsa da, yenilərinin sayında həmin tendensiya müşahidə olunmur.
AZƏRTAC xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
“Ölkəyə idxal olunan elektromobillərin, xüsusilə yenilərinin sayında artım var. Lakin hibrid avtomobillərinə gəlincə isə gətirilən köhnə hibrid avtomobillərinin sayında artım müşahidə edilsə də, yenilərinin idxalında bir qədər azalma qeydə alınır. Azalma iri avtomobil sənayeçilərinin ehtiyat hissələrinin çatışmazlığı səbəbindən yeni avtomobillərin istehsalında bir qədər problem yaşanması, daşınma xidmətlərində müəyyən çətinliklərin olmasına görədir”, – deyə E.Cəfərov bildirib.
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadənin sözlərinə görə, tətbiq olunan stimullaşdırıcı tədbirlər, iqtisadi alətlərdən istifadə edərək təşviqedici fəaliyyət ona gətirib çıxarıb ki, elektrik və hibrid mühərrikli avtomobillərin idxal faizi ilbəil artır: “2019-cu ildə hibrid avtomobillərinin idxalda payı 8 faiz idi, 2020-ci ildə 10, 2021-ci ildə 14-15 faiz təşkil edib. Bu ilin ötən dövründə rəqəmlər ötən ildən çoxdur. Lakin təəssüf ki, həmin artımın böyük əksəriyyəti istifadə olunmuş elektromobillərə, hibridlərə gəldikdə isə həddən artıq istifadə olunmuş köhnə hibrid avtomobillərə aiddir. Yəni ekoloji mühitimizə müsbət təsirini o qədər də gözləmədiyimiz avtomobillərin idxalı ilə bağlıdır. İstənilən halda tendensiya müsbətdir. Hökumətin tətbiq etdiyi tədbirlər nəticəsində idxal payı ildən-ilə artacaq. Məqsədimiz odur ki, nəqliyyat parkında həmin avtomobillərin sayında da nəzərəçarpacaq dərəcədə artım olsun. Elektromobillərin idxalı ötən illə müqayisədə bir neçə dəfə artıb, lakin say nöqteyi-nəzərdən götürəndə misal üçün 100 idisə 200 olub. Milyon yarım avtomobil olan ölkədə 200 avtomobilin atmosfer havasına mənfi təsir göstərməməsi hiss olunmayacaq. Belə tədbirlərin davamlı olması, daha da effektivləşdirilməsi, intensivləşdirilməsinə, o cümlədən müəyyən qədər vaxtın keçməsinə ehtiyac var”.