Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Bioresursların qorunmasında hansı səmərəli üsullardan istifadə edilməlidir?

İdman balıqçısı Azər Əliyev: “Müvafiq hökumət qurumları qanunsuz balıq ovuna qarşı keçirilən reydlərdə həvəskar və idmançı balıqçı klubları, birlikləri ilə sıx əməkdaşlıq etməlidir”

 

 

Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunması, sulardakı biomüxtəlifliyin tükənməsinin qarşısının alınması hər bir cəmiyyət üzvünün konstitusion vəzifələrindəndir. Son zamanlar bu məsələ xeyli dərəcədə aktuallaşıb. Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ölkənin bir sıra su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqi” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunmasına, sulardakı biomüxtəlifliyin qorunmasına, Qarabağdakı su resurslarına nəzarətin bərpa olunmasına, təbiətin gözəlliyinin və ətraf mühitin təmizliyinin saxlanmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaqdır. Layihə çərçivəsində sahəyə aid ekspertlərdən, ictimai birliklərdən və ictimai fəallardan mövzu ilə bağlı fikir və təkliflər öyrənilir. Mövzu ilə bağlı müsahibimiz həvəskar və idman balıqçısı Azər Əliyevdir.

Azərbaycanın hansı bölgələrini balıqçılıq turizmi baxımdan daha əlverişli hesab edirsiniz?

Ölkəmizdə balıqçılıq turizmi və həvəskar balıq ovu baxımdan bir sıra yerlər var ki, populyardır və əlverişli hesab oluna bilər. Bu destinasiyalar içərisində mənə görə ən əlverişliləri isə Bakı, Mingəçevir və Şəmkirdir. Bakının müəyyən dəniz sahilləri, Mingəçevir və Şəmkirin isə su anbarları qeyd etdiyiniz cəhətdən münasibdir.

Azərbaycanda su resurslarının və onlardakı bioresursların qorunması məsələsi getdikcə aktuallaşır. Bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz?

Son 5 ildə bu iş üzrə müsbət tendensiya müşahidə olunur, lakin ümumilikdə götürəndə, çox aşağı templərlə irəliləyiş olunur. Bu məsələdə əlaqədar qurumlar, ictimai birliklər, mütəxəssislər, ümumilikdə isə cəmiyyət təşəbbüsləri artırmalı, nəzarəti gücləndirməlidirlər. Daha effektiv üsullardan və daha intensiv tempdə istifadə olunmalıdır.

Su resurslarının və onlardakı bioresursların qorunmasında bir həvəskar balıqçı kimi daha hansı təklifləriniz ola bilər?

Öncə deyim ki, gərək müvafiq hökumət qurumları qanunsuz balıq ovuna qarşı keçirilən reydlərdə həvəskar və idmançı balıqçı klubları, birlikləri ilə sıx əməkdaşlıq etsin. Bu reydlərin səmərəli olması üçün isə daimi nəzarət və qanunun tələb etdiyi tədbirlər həyata keçirilməlidir. Bu təbiət, su hövzələri və onlarda yaşayan canlılar ölkəmizə məxsuzdur, onlar daim qayğı altında olmalıdır. İnsanlarımız bu baxımdan ciddi maarifləndirilməlidirlər.

Azad edilmiş ərazilərmizdə su resursları və onlardakı biomüxtəliflik necə qorunmalıdır?

Bu sahədə ümjumi nəzarət var, amma müəyyən tədbirlər də həyata keçirilə bilər. Məsələn, həvəskar balıqçı təşkilatlarının üzvlərinə dövlət tərəfindən əlavə olaraq qanunsuz balıq ovuna qarşı səlahiyyətlər verilə, reydlərin keçirilməsinə dəstək göstərilə bilər.

Brakonyerliyə qarşı mübarizədə hər bir həvəskar balıqçı necə davranmalıdır?

Brakonyerliyə qarşı mübarizədə hər bir həvəskar balıqçı öncə dövlətin qanunları çərçivəsində hərəkət etməlidir, belə bir qanunsuz hal müşahidə edəndə müvafiq orqanların qaynar xətlərinə müraciət etməlidir, hadisə yerinə aidiyyəti qurumun əməkdaşları gəlməyincə brakonyerlərə qarşı heç bir qanunsuz hərəkət erməməlidir. Yəni bu mübarizə tam qanunun tələb etdiyi şəkildə aparılmalıdır.

Qorqud Ağayev

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.
Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir