Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Sahib Ələkbərov: Azərbaycanın Yeni Nəsil İqtisadiyyatı Strategiyasının hazırlanmasına başlanılıb

Azərbaycanın beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat-logistika və kommunikasiya qovşağına, regionun ən böyük və dinamik iqtisadi məkanına, 4-cü sənaye inqilabı və strateji investorların maraq mərkəzinə çevrilməsi, onun qlobal dəyər zəncirinə inteqrasiyası və innovasiya əsaslı inkişaf mərhələsinə keçidi üçün möhkəm təməllər yaranıb.

“APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Yeni nəsil iqtisadiyyatda Süni intellekt: çağırışlar və imkanlar” tədbirində çıxışı zamanı bildirib.
“Artıq Azərbaycanın Yeni Nəsil İqtisadiyyatı Strategiyasının hazırlanmasına başlanılıb. 2030-cu ilədək dövlət, özəl və vətəndaş cəmiyyətini əhatə etməklə iqtisadiyyata töhfə verəcək 9 əsas layihə və bu layihələr çərçivəsində 69 fəaliyyət istiqaməti üzrə Azərbaycanda iqtisadi artımı dəstəkləmək, sektorların rəqabət qabiliyyətini artırmaq, vətəndaşların xidmətlərə çıxışını asanlaşdırmaq və dövlət xidmətlərinin fəaliyyətinin təkmilləşdirilməsini təşviq etmək üçün rəqəmsal texnologiyadan geniş istifadə olunmasını təmin etmək nazirliyimiz qarşısında duran ən mühüm vəzifələrdən biridir. İqtisadiyyat Nazirliyi innovasiyaları, inklüzivliyi əhatə edən, onları Azərbaycan iqtisadiyyatının və cəmiyyətinin bütün aspektlərinə səmərəli şəkildə inteqrasiya edən iqtisadi artım üçün istiqamətləndirici baxışın həyata keçirilməsinə çalışır. Bu Strategiyanın reallaşdırılması yeni dövrdə Azərbaycanda biznes transformasiyasının gücləndirilməsindən tutmuş potensialın artırılmasına, 4Sİ texnologiyalarının geniş tətbiqini nəzərdə tutan model tipli müəssisənin və yeni nəsil texnoloji mərkəzin qurulmasına, Rəqəmsal əkizlərin yaradılmasına və “Lokal Generative Süni İntellekt” təşəbbüsünün həyata keçirilməsinə, sahibkarlığın təşviq edilməsinə və əlverişli infrastrukturun dəstəklənməsinə qədər bütün sahələrdə inkişafa zəmin yaradacaq. “Lokal generativ süni intellekt” təşəbbüsü Azərbaycan dilini mükəmməl bilən və Azərbaycana məxsus məzmun yerləşdirilən generativ Sİ platformalarının hazırlanmasını stimullaşdırmaq məqsədi daşıyır. Təşəbbüsün məqsədi Azərbaycanın mədəni zənginliyini qorumaqla ölkədə süni intellektin tətbiqi imkanlarını artırmaq, iqtisadi artımı təşviq etmək, yeni texnologiyaya əsaslanan iş yerlərinin və sənayelərin yaradılmasını stimullaşdırmaqdır”, – deyə nazir müavini qeyd edib.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir