Azərbaycan Universitetində “Heydər Əliyev və Türk Dünyası” mövzusunda beynəlxalq konfrans keçirilib

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Heydər Əliyev və Türk Dünyası” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bu haqda saytımıza Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Konfrans başlamazdan əvvəl tədbir iştirakçıları Fəxri Xiyabana gedərək ümummilli liderin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.

Konfrans, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ümumtürk birliyi, azərbaycançılıq, türkçülük məfkurəsinin yaradılması istiqamətində xidmətlərinin, Azərbaycan Respublikasının Türkiyə və Mərkəzi Asiyanın Türk respublikaları ilə əlaqələrinin möhkəmləndirilməsi uğrunda fəaliyyətinin araşdırılması məsələlərinə həsr edilib.
Beynəlxalq tədbir Azərbaycan Universitetinin tədris binasında keçirilib. Konfransın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən qısa film nümayiş olunub.
Konfransı giriş sözü ilə Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva açıb. Rektor çıxışında qeyd edib ki, 1969-1982 və 1993-2003-cü illər Azərbaycan tarixinin Heydər Əliyev epoxası dövrüdür. Ümummilli lider Azərbaycana rəhbərliyinin bütün dövrlərində qeyri-adi idarəçilik bacarığı, uzaqgörən və məqsədyönlü qərarları ilə ölkədə sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Öz xalqına sıx bağlı olan Heydər Əliyev Azərbaycançılıq ideologiyasının formalaşması, ana dilinin dövlət qayğısı ilə əhatə olunmasına xüsusi diqqət yetirib. Dövrün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev ölkəmizin beynəlxalq münasibətlər istiqamətində də layiqli mövqe qazanmasında müstəsna rol oynayıb.
Səadət Əliyeva vurğulayıb ki, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ümummilli liderin qarşıya qoyduğu başlıca vəzifə olub. Heydər Əliyevin şah əsəri olan güclü Azərbaycan dövləti öz qüdrətini Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanmaqla sübuta yetirib: “Şəxsiyyət və zaman münasibətlərində şəxsiyyət ağırlıq təşkil edərsə, o, zamanı idarə etməyi, irəli aparmağı, qabaqlamağı bacarırsa, o şəxs tarixi şəxsiyyətə çevrilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin tarixində öz epoxasını yaratmış qüdrətli tarixi şəxsiyyətdir”- deyə rektor bildirib. Çıxışında konfrans iştrakçılarına və qonaqlara təşəkkür edən Səadət Əliyeva qeyd edib ki, beynəlxalq konfransın məqsədi böyük dövlət xadiminin çoxşaxəli fəaliyyətini elmi cəhətdən araşdırmaq, fikir mübadiləsi aparmaq və alınan elmi nəticələri paylaşmaqdır.
Ardınca “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi, Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç, Rusiya Federasiyasının Tümen Dövlət Universitetinin rektoru İvan Romanchuk, Özbəkistanın Ürgənc Dövlət Pedaqoji Universitetinin Filologiya və Sənət fakültəsinin dekanı Zəfər Adilov çıxış edərək ümummilli lider Heydər Əliyevin Türk Dünyası ilə bağlı irəli sürdüyü ideyalar və gördüyü işlərə, Türk dövlətlərinin birliyinin möhkəmlənməsindəki rolu, Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsinə nəzər yetirib, konfransın işinə uğurlar arzulayıblar.
Beynəlxalq elmi konfransın plenar iclasında isə AMEA-nın həqiq üzvü, akademik Yaqub Mahmudovun “Azərbaycan Respublikasının Türk Dövlətləri Birliyi yaratmaq siyasəti:Heydər Əliyevdən İlham Əliyevə”, Türkiyənin Ege Universitetinin müəllimi Baha Ahmet Yılmazın “Siyasi kommunikasiyada xilaskar lider anlayışı”, Azərbaycan Universitetinin İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyevin “Heydər Əliyev və Cənubi Qafqaz respublikaları – Müstəqil Dövlətlər Birliyi münasibətləri” mövzusunda mühazirələri dinlənilib.
Açılışın və plenar iclasın ardından konfransın işi 4 bölmə iclasında davam edib. Bölmə iclaslarında konfrans iştirakçıları “Heydər Əliyev və ümumtürk tarixi”, “Türk dünyasının filoloji tədqiqatlarında Heydər Əliyev şəxsiyyəti”, “Heydər Əliyev və azərbaycançılıq, türkçülük məfkurəsi”, “Türk dünyasının mədəniyyət və incəsənət abidələrində Heydər Əliyev obrazı”, “Sosial və iqtisadi siyasət: Heydər Əliyevin rəhbərliyi dövründə sosial və iqtisadi siyasətin əsas aspektləri”, “Türkiyə-Azərbaycan münasibətləri” və bu kimi mövzularda çıxış edib, müzakirə aparıblar.     

 

Rusiya Ordusunun Mərkəzi Evində “Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi” kitabının təqdimatı olubRusiya Ordusunun Mərkəzi Evində “Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi” kitabının təqdimatı olub

2022-ci il dekabrın 19-da SSRİ-nin yaranmasının 100 illiyi ərəfəsində Rusiya Ordusunun M.V.Frunze adına Mərkəzi Evinin Marşal Jukov zalında  “Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatı tərəfindən faşizm