Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Ekoturizmlə bağlı videoçarxlar və digər təbliğati materiallar hazırlanmalı, orta təhsildə təbiətşünaslığa lazımınca yer ayrılmalıdır

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov: “Brakonyerlərin qarşısını almaq üçün təbiəti mühafizə qurumları, hüquq-mühafizə orqanları və ictimai nəzarət birlikləri diqqəti artırmalıdır. İctimai qurumlara prinsipial jurnalistlər cəlb olunmalı və hər qayda pozuntusu araşdırılmalı, mediada yayılmalıdır”

İşğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir. Azad edilmiş ərazilərimizə əhalinin kütləvi qayıdışı, orada yaşayış məntəqələrinin, müasir infrastrukturun yaradılması Qarabağı cəmiyyətimizə yenidən qazandırmış oldu. Bununla belə, bu ərazilərin kütləvi məskunlaşması, eyni zamanda, Qarabağa artan beynəlxalq maraq, xarici turistlərin səyahət həvəsi bölgədə turizm, xüsusən də ekoturizm standartlarının oturuşmasını aktuallaşdırır.

Mövzu ilə bağlı ekspertlərin, elm adamlarının fikir və təklifləri cəmiyyətimiz üçün maraq kəsb edir.

Bu dəfə isə mövzu ilə bağlı müsahibimiz Azərbaycan Turizm Agentlikləri Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovdur.

– Azad edilmiş ərazilərimizdə ətraf mühitin, o cümlədən su hövzələrinin və onlardakı bioresursların, həmçinin digər təbii resursların qorunması ölkəmizdə “yaşıl artım” prinsiplərinə əməl olunması baxımından da əhəmiyyət kəsb edir. Bu çərçivədə ölkəmizdə, o cümlədən azad edilmiş ərazilərdə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?

– Ekoturizm turizmdə nisbətən yeni anlayışdır. Ekoturizm anlayışının formalaşmasının başlanğıcı 20-ci əsrin 80 – ci illəri hesab olunur. Bu mövzuda tədqiqatlar ilk dəfə bu zaman ortaya çıxmışdır. Davamlı ekoloji təhlükəsiz turizmin ən erkən konsepsiyası Almaniya, Avstriya və İsveçrədə tətbiq olunan alman “yumşaq turizm” konsepsiyasıdır. Bu konsepsiya çərçivəsində turizm təkcə kommersiya uğruna deyil, həm də təbiətə, mədəniyyətə və yerli ənənələrə hörmətlə yanaşmağa yönəlib. Ekoloji turların məqsədləri təbiəti araşdırmaq, həmçinin istirahət etmək, emosional və estetik həzz almaqdır.

Ekoturizmin ilk təriflərindən biri meksikalı iqtisadçı və ekoloq Hector Ceballos-Lascurain tərəfindən verilmişdir. Müəllifin fikrincə, ekoturizm təbiətə ekoloji cəhətdən həssas münasibətlə səyahətin məcmusudur ki, bu da flora və fauna nümunələri ilə tanış olmaq və öyrənmək sevincini onların qorunmasına töhfə verməyə və birləşdirməyə imkan verir. Ekoturizmin əsas məqsədi təbii mühitdə səyahət etməkdən, təbiətlə ünsiyyətdən, regional etnik xüsusiyyətlərlə tanış olmaqdan həzz almaqdır. Ekoloji turizmin əsas rekreasiya resursu təbiətdir. Yuxarıda deyilənləri nəzərə alaraq, azad edilmiş ərazilərdə keçirilən tədbirləri çox yaxşı qiymətləndirirəm. Lakin eyni zamanda, maarifləndirmə işləri ilə bərabər təbiəti qorumaq üçün inzibati tədbirlərə də tələbat var. Bu barədə videoçarxlar, buklet və prospektlər çap olunmalı, orta məktəblərdə təbiətşünaslığa yer ayırmalı və diqqət və verilməlidir.

– Böyük qayıdış çərçivəsində işğaldan azad olunmuş ərazilərdə insanlar daha sıx məskunlaşacaqlar. Bu isə su hövzələrinin də nisbətən daha çox çirklənməsi ehtimalını artırır. Bu mənadan bölgələrə köçürülən əhali, ekoturizm həvəskarları, həvəskar balıq ovçuları və digər qrupların ətraf mühit və ekoturizm baxımından maarifləndirilməsi günün tələbidir. Bu yöndə hansı aksiyalara ehtiyac var? Bu istiqamətdə araşdırmalar aparılırmı?

– Azad olmuş ərazilərdə insanlar məskunlaşdıqca, təbliğat və təşviqat elə aparılmalıdır ki. suyu nəinki qənatlə işlətməliyik, eyni zamanda su hövzələrini təmiz saxlamalıyıq. Çünki biz və bizim uşaqlar o hövzələrdəki sudan istifadə edirik. Gələcək nəslin sağlam olması üçün su hövzələrini qorumalıyıq. Ekoturizm standartları və qaydaları yerli əhaliyə və bu yerlərə təşrif buyuran turistlərə aydın şəkildə bildirilir və yaddaş kitabçaları çap olunur.

Ekoturizmin əsas elementlərinə aşağıdakılar daxildir:

təbiət haqqında biliklər – ekoloji turlar təbii mühit haqqında yeni biliklərin əldə edilməsinə və ekoloji şüurun formalaşmasına diqqəti nəzərdə tutur;

ekosistemin mühafizəsi – ekoturizm turistlərin davranışı ilə bağlı ciddi qaydalara əməl olunmasını, habelə turizm xidməti göstərənlərin ətraf mühitin mühafizəsi və bərpası proqramlarında bilavasitə iştirakını tələb edir;

yerli əhalinin bilavasitə iştirakı – ekoturizm ərazilərin sosial-iqtisadi inkişafını təmin etməklə yerli resurslardan istifadə edilir.

Bildiyimə görə, bu sahədə araşdırmalar və təhlillər aparılmır. Lakin bu sahədə tədqiqatların aparılması günün vacib tələbidir.

– “Metsamor”un Qarabağ bölgəsinə, ümumilikdə regionun ekeloji durumuna hansı təhlükə və təhdidləri var?

– “Metsamor” atom stansiyası, nəinki Qarabağ bölgəsi, eyni zamanda, bütün Cənubi Qafqaz üçün böyük təhlükədir. Qəza nəticəsində ola biləcək fəsadlar barədə konkret faktlar göstərilməlidir. Qəza nəticəsində Cənubi Qafqazın insanlarına, təbiətinə böyük zərbə vurmuş olardı. Məhz buna görə bütün Qafqazın, xüsusilə Cənubi Qafqazda yaşayan xalqların arasında təbliğat işi aparılmalı, bu problem barədə konfrans və simposiumlar keçirilməlidir.

– “Yaşıl artım” prinsiplərinə əməl etməklə ekoturizm potensialından yararlanmaq və bununla həmin ərazilərin səmərəli reinteqrasiyasına töhfə vermək iqtisadi baxımdan da rentabellidir. Həmin bölgənin turistik potensialının yüksək olması da bildirilir. Bu baxımdan, həmin ərazilərdə ekoturizmi inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?

– Ekoturizmin əsas məqsədlərinə aşağıdakılar daxildir:

təbiət, insan və cəmiyyət arasında münasibətlərin uyğunlaşdırılması;

ekoloji turların iştirakçılarında təbii mühitə və onun gələcəyinə məsuliyyətli münasibətin formalaşdırılması;

ətraf mühitin mühafizəsinə investisiyaların artırılması;

turizm təşkilatlarının turizm gəlirlərinin bir hissəsini bu məqsədlər üçün ayırmaqla təbii mühitin qorunmasına və bərpasına həvəsləndirilməsi;

iqtisadi maraqların (mənfəət, qazanc) qlobal maraqlara tabe edilməsi, təbii ehtiyatların sonrakı nəsillər üçün qorunması.

Səyahət və turizm insanlara təbiətlə harmoniya əldə etməyə kömək etməlidir. Ətraf mühitin mühafizəsi turizmin inkişafı prosesinin tərkib hissəsi olmalıdır. Turizmin inkişafı problemləri yerli hakimiyyət orqanlarının və maraqlı vətəndaşların iştirakı ilə həll edilməlidir. Turizm sektoruna təsir edə biləcək təbii və texnogen fəlakətlərlə bağlı dövlətlər bir-birini xəbərdar etməlidir. Turizm sənayesi ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq hüquqa əsaslanmalıdır.

Ekoturizmin problemlərinə bir sıra amillər təsir göstərə bilər. Bunlar əsasən iqtisadi və təşkilati səbəblərdir. Məqsədyönlü ekosəyahət proqramlarını hazırlamağa başlayacaq ekomərkəzlərin yaradılmasını maliyyələşdirmək üçün zəruri ilkin kapital lazımdır. Ekoturizm infrastrukturuna investisiyalar yatırılmalıdır. Həmçinin bu sahədə reklam kampaniyası üçün vəsait olmalıdır. Bunlardan əlavə, ekoturizm zonalarında turist marşrutlarının məhdud sayda olması və onların zəif infrastrukturu da problemdir. Ekoturizm sahəsində ixtisaslaşmış turizm təşkilatları da yetərincə olmalıdır. Əsasən xüsusi mühafizə olunan təbiət ərazilərinin administrasiyası ilə ekoturizm səfərləri və ekskursiyalarının təşkilatçıları arasında qarşılıqlı əlaqə mexanizminin inkişaf etdirilməməsi səbəbindən təbii cəlbedici yerlərə səfərlərə bürokratik qadağalar və məhdudiyyətlər qoyulur. Turistlər üçün sadə rekreasiya xidmətlərinin, ekoturizm reklamının olmaması, ekoturizm sahəsində ixtisaslı mütəxəssislərin məhdud sayda olması, ekoturizm üçün zəruri qanunvericilik bazasının olmaması da bu sahədə qeyd edilə bilən problemlərdəndir.

– Azad edilmiş ərazilərdə bioresursların, su hövzələrindəki canlıların qorunması ilə bağlı tədbirlər də əhəmiyyət daşıyır. Bu barədə qeyri-qanuni ov və brakonyerliyin qarşısının alınması ilə bağlı hansı tədbirlər görülə bilər? Nə kimi təklifləriniz var?

– Brakonyerlərin qarşısını almaq üçün təbiəti mühafizə qurumları ilə yanaşı, hüquq-mühafizə orqanları və ictimai nəzarət qurumları diqqəti artırmalıdır. İctimai qurumlara prinsipial jurnalistlər cəlb olunmalı və hər qayda pozuntusu araşdırılmalı, mediada yayılmalıdır. Ümumuiyyətlə, medianın potensialından qayda və qanunları pozanlara qarşı bir silah kimi istifadə edilməlidir. Bu öz effektliyini göstərəcəkdir.

– Bu mövzuda əsas auditoriya və hədəf qrupları üçün maarifləndirmə, təşviq və məlumatlandırma baxımından hansı sosial media layihələri həyata keçirilə bilər? Yeni media vasitələrindən yararlanmaqla təbliğat necə qurulmalıdır?

– Dayanıqlı turizm üçün müəyyən prinsiplər var. Bunlar təbii ehtiyatların davamlı istifadəsi, istehlak və israfın azaldılması, təbii, sosial və mədəni müxtəlifliyin qorunmasının təmin edilməsi, diqqətli planlaşdırma, kompleks yanaşma, regional inkişaf planlarına inteqrasiya, yerli iqtisadiyyatların dəstəklənməsi, yerli əhalinin turizmin inkişafında iştirakı, maraqlı tərəflərlə və ictimaiyyətlə məsləhətləşmələr və s. məsələləri əhatə edir. Digər tərəfdən, peşəkar ekoturizm üçün personalın təlim keçməsi, məsuliyyətli turizm marketinqi kimi faktorlara ciddi fikir verilməlidir. Deyə bilərik ki, ekoturizm təbiətyönümlü və davamlı turizmin kəsişməsində yerləşir.

Dünya ölkələrinin ekoturizm sahəsində dövlət siyasəti əhəmiyyətli dərəcədə fərqlənir. Geosiyasi amillər və daxili inkişaf strategiyaları nəzərə alınmaqla, ekoturizmin inkişafının həyata keçirilməsi ilə bağlı ölkələrin mövqeləri fərqlidir. Bununla belə, qeyd edim ki, ekoturizmin inkişafı müəyyən ərazinin ətraf mühitin mühafizəsi fəaliyyətinin tərkib hissəsidir. Yəni qorunan ərazilər turistləri cəlb edir və turizm sektorunun vəzifəsi onlara yüksək keyfiyyətli və sərfəli xidmət göstərməkdən ibarətdir. Bu gün ən böyük və ən təhlükəli problem artan və zəif idarə olunan insan fəaliyyəti nəticəsində təbii mühitin tükənməsi və məhv olması, onun daxilində ekoloji tarazlığın pozulmasıdır.

Sosial məsuliyyət buraa vacib amildir: yerli əhalinin əməyindən etik şəkildə istifadə etmək, yerli mallardan yararlanmaq, yerli əhali və qonaqlar üçün ekoloji proqramları tədris etmək diqqətə götürülməlidir.

Ekoturizmlə məşğul olan ərazilərin davamlı inkişafı turizm infrastrukturunun yaradılması, yeni iş yerlərinin təşkili, yerli əhalinin xidmət sahəsinə cəlb edilməsi ilə təmin edilir ki, bunun da nəticəsində yerli əhalinin həyat səviyyəsi yüksəlir. Ekoturizmin ekoloji təbiəti rekreasiya zonalarının flora və faunasının müxtəlifliyinin məcburi şəkildə qorunub saxlanmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün ekoturizm təcrübəsi ilə işlənmiş ekoloji texnologiyalardan, həmçinin fundamental və tətbiqi elmin tövsiyələrindən istifadə olunur.

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçivəsində hazırlanıb. Müəllifin və ya müsahibin mövqeyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyi uyğun olmaya bilər.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir