Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Məhz bu müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz düşməni darmadağın etdi. Həmin il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsindən qalib ayrılan Azərbaycan, eyni zamanda, regionda yeni reallıqlar yaratdı.Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib.O qeyd edib ki, bu reallıqlar fonunda Azərbaycan işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işləri aparır.“Dağıdıcılığı, vəhşiliyi həyat tərzi seçən Ermənistandan fərqli olaraq Azərbaycan hər zaman quruculuğa, inkişafa hesablanan siyasət həyata keçirib. İşğaldan azad edilmiş ərazilərdə postmüharibə dövründə görülən işlər də həm bizim qurucu xalq olduğumuzu, həm də bu torpaqların gerçək sahibləri olduğumuzu təsdiqləyir. Bu, eyni zamanda, Azərbaycanın tezliklə həmin əraziləri bərpa edərək əhalinin ora köçürülməsi siyasətində də qətiyyətini ortaya qoyur”, – deyə deputat bildirib.Prezident İlham Əliyevin təsdiqlədiyi Böyük Qayıdışa dair I Dövlət Proqramını və onun tədbirlər planını bu istiqamətdə atılmış mühüm addım kimi xarakterizə edən Vüqar İskəndərov deyib: “Xüsusi olaraq vurğulayım ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı mahiyyət etibarilə Azərbaycan Prezidentinin ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirməklə bağlı sözlərinin əməli təzahürü, bunu reallaşdırmağın praktiki planıdır. Bəlli olduğu kimi Prezidentin ərazilərin bərpası və əhalinin qayıdışına dair baxışı və qarşıya qoyduğu hədəflər Dövlət Proqramının prioritet istiqamətlərini təşkil edir. Bu istiqamətləri ümumi olaraq belə qeyd edə bilərik: Təhlükəsizlik, müasir yaşayış məntəqələrinin salınması, əhalinin dayanıqlı məskunlaşması, əhatəli və qabaqcıl standartlara uyğun infrastrukturun qurulması, ərazilərin iqtisadi inkişafının dəstəklənməsi və ekoloji təmiz mühitin təmin edilməsidir. Hesab edirəm ki, Azərbaycan dövlətinin qətiyyətli siyasəti nəticəsində bu Proqram vaxtında və uğurla reallaşdırılacaq”.Deputat qeyd edib ki, Azərbaycanın yalnız bir bölgəsini əhatə edən bu Dövlət Proqramının miqyası bir çox dünya dövlətlərində bütövlükdə ölkə miqyasında qəbul edilən inkişaf proqramlarından qat-qat daha əhatəli, daha praqmatik və daha hədəfyönümlüdür.“Bu miqyasda yenidənqurma və inkişaf proqramının ölkənin öz daxili imkanları hesabına icra edilməsi isə bir çox ölkələr üçün əlçatmaz bir təcrübədir. Başqa bir tərəfdən Dövlət Proqramı göstərir ki, yaxın gələcək – növbəti 4 il üçün Qarabağ və Şərqi Zəngəzurda planlaşdırılan işlər tikinti və quruculuqla məhdudlaşmır. Tədbirlər Planının əhəmiyyətli bir hissəsi dayanıqlı icmaların yaradılması, sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin, gələcəkdə məşğulluğun təmin edilməsi və sair kimi kompleks məqsədlərə söykənir”, – deyə V.İskəndərov diqqətə çatdırıb.