Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Gədəbəy, Ağcabədi, Salyan, Hacıqabul rayonlarının müxtəlif ərazilərində tullantıların qalaqlanması və yandırılması faktları müəyyən olunub. Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı akt, protokol tərtib edilib, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Xidmət rəsmisi təbiət ərazilərini çirkləndirən, tullantıları zibil qutularına deyil, hara gəldi atan vətəndaşları, həmçinin tullantıların idarə edilməsinə məsul olan qurumları bu məsələlərdə daha diqqətli olmağa çağırıb. “Çox təəssüf ki, əsasən kənd və qəsəbələrin ətrafının, istirahət mərkəzlərinin, çay və dəniz kənarlarının çirkləndirilməsi, zibillərin qalaqlanması, yerlərdə antisanitar vəziyyətin yaranması hallarına rast gəlinməkdədir. Yay mövsümü başlanandan “Təmiz ölkəm” devizi ilə hər şənbə günü bütün ölkəni əhatə edən təmizlik aksiyalarının keçirilməsinə, ərazilərin təmiz saxlanılmasına və tullantıların düzgün idarə olunmasına yönələn maarifləndirici çağırışlar edilməsinə, əməli nümunələr göstərilməsinə baxmayaraq, yenə də narahatedici faktlarla üzləşirik. Bir daha müraciət edirik ki, cəmiyyətimizin hər bir fərdi tullantıları təbiətə, ətraf ərazilərə atmamaq, təmizliyə riayət etmək vərdişlərini özünə təlqin etsin, ətrafındakıları da nümunəvi əməlləri ilə maarifləndirsin”.