Dubaydan yayımlanan “CNN Arabia” telekanalının efirində Azərbaycanın Qəbələ rayonunun Nic kəndi haqqında reportaj təqdim olunub.
AZƏRTAC xəbər verir ki, reportajda bu kənddə yaşayan udinlərin adət-ənənələri, multikultural ölkə olan Azərbaycanın xristian olan bu vətəndaşlarının dini ayinləri, Qafqaz Albaniyası dövründən qalan abidələri barədə ətraflı məlumat verilib.
Süjeti təqdim edən jurnalist qeyd edib ki, bu tayfalar III-VIII əsrlərdə bu ərazilərdə məskunlaşıb və həmin dövrdən öz unikal dini, dili və məişətini qoruyub saxlayıblar. Bu gün dünyanın müxtəlif ölkələrinə səpələnmiş 10 minə yaxın udinin 4 mini bu kənddə yaşayır. Nicdə qədim irs abidəsi olan 3 kilsə və sakinlərin qonaqpərvərliyi turistləri bu məkana cəlb edir.