İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR karbamid” zavodu ixrac coğrafiyasını genişlənməkdə davam edir.İZİA-dan AZƏRTAC-a bildirilib ki, şirkət tərəfindən ilk dəfə olaraq Polşa, İsrail və Yunanıstana məhsul ixracına başlanılıb və ilkin mərhələdə bu ölkələrə 26 min tondan çox məhsul göndərilib. 2019-cu ildə fəaliyyətə başlayan “SOCAR karbamid” zavodu azot gübrəsi idxalından asılılığın aradan qaldırılmasında, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır. Zavodda istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə dünyanın 15-dən çox ölkəsinə ixrac edilir. İndiyədək müəssisədə 625 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 85 faizdən çoxu ixracın payına düşür.