Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Azad edilmiş ərazilərdə su bioresurslarının qorunması ekoturizmin inkişafında önəmlidir

İşğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir. Azad edilmiş ərazilərimizə əhalinin kütləvi qayıdışı, orada yaşayış məntəqələrinin, müasir infrastrukturun yaradılması Qarabağı cəmiyyətimizə yenidən qazandırmış oldu. Bununla belə, bu ərazilərin kütləvi məskunlaşması, eyni zamanda, Qarabağa artan beynəlxalq maraq, xarici turistlərin səyahət həvəsi bölgədə turizm, xüsusən də ekoturizm standartlarının oturuşmasını aktuallaşdırır. Mövzu barədə söhbət açarkən, xüsusilə, Qarabağa aid su hövzələrinin bioresurslarının qorunmasının aktual olduğunu bildirmək olar. Ekoturizm müstəvisində vacib komponent olan su resursları və onlardakı biomüxtəlifliyin qorunması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, bir sıra tədbirlərin, xüsusilə də maarifləndirmənin həyata keçirilməsi lazımdır.Maarifləndirmə həm də qanunvericiliyin tələbləri barədə olmalıdır ki, balıq ovuna həvəsi olan insanlarımız bu məsələdə bilgili olsunlar. Bununla bağlı bir sıra nüansları oxucuların diqqətinə çatdırmaq istəyirik.

Öncə qeyd edək ki, ölkəmizdə idman və həvəskar balıq ovu ictimai istifadədə olan su obyektlərində sərbəst şəkildə həyata keçirilə bilər, lakin xüsusi mühafizə olunan təbiət ərazilərində balıq ovu ilə bağlı müəyyən məhdudiyyətlər mövcuddur. Belə ki, xüsusi mühafizə olunan təbiət ərazilərində və balıqartırma təsərrüfatlarında idman və həvəskar ov fəaliyyəti qadağan edilir. Bu məhdudiyyətlər, ekosistemlərin qorunması və həmin ərazilərdəki nadir növlərin mühafizəsi üçün tətbiq olunur. “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda bu barədə müvafiq tənzimləmələr nəzərdə tutulub. Qanunda, həmçinin, eyni zamanda, bu ərazilərdəki su bioresurslarının məhv olmasının qarşısını almaq və onların davamlı istifadəsini təmin etmək məqsədilə müxtəlif tədbirlər müəyyən edir. Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində idman və həvəskar ov fəaliyyəti, müvafiq icra hakimiyyəti orqanları tərəfindən tənzimlənir. Bu orqanlar, balıqçılıq obyektlərinin idarə olunmasına və bioresursların qorunmasına dair qaydalar müəyyən edir. İcra hakimiyyəti orqanları qanunların yerinə yetirilməsini təmin etməklə yanaşı, lazım gəldikdə, mövcud qaydaları dəyişdirə və ya yeniləyə bilər ki, bu da bioresursların qorunması ilə bağlı çevik qərarların qəbul edilməsi baxımından vacibdir.

Qanunda göstərilən qadağalar, eynilə azad olunmuş ərazilərdəki su resursları üçün də keçərlidir. Bu barədə bizə danışan ekserptlər də eyni fikirdədirlər.

“Bakı Balıqçılar və Sualtı Ovçular Klubu” İctimai Birliyinin sədri Vüqar Abdullayevin fikrincə, balıq ovu qaydaları ilə bağlı ümumi maariflənmə gücləndirilməlidir. Bununla brakonyerlik və digər qeyri-qanuni halların qarşısını almaq mümkündür. İnsanları maarifləndirmək məqsədilə azad olunmuş ərazilərin su resursları ilə bağlı maarifləndirici videoçarxlar, aksiyalar, turnirlər təşkil edilməli, mediada bunun haqqında mütəmadi məlumatlandırmalar olmalıdır.

Ekspert Əfqan Əliyev isə düşünür ki, bu sahədə ictimai və dövlət qurumları sıx əməkdaşlıq etməli, ictimai təşəbbüslər gücləndirilməlidir: “Biz Azərbaycan Balıqçılar İttifaqı olaraq bu sahədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, DİN Su Nəqliyyatında Polis İdarəsi, Dövlət Sərhəd Xidməti və yerli polis idarələri ilə əməkdaşlıq edirik. Mənim bu sahədə şəxsi təklifim budur ki, gələcəkdə Azərbaycanda Daxili İşlər Nazirliyinin tabeliyində Ekologiya Polisi yaradılsın. Bir də balıqçılığa aid bir dövlət qurumu yaradılmalıdır ki, bu sahədə bioresurslar daha yaxşı qorunsun, bu çox vacibdir, çünki Azərbaycanda sırf balıqçılıqla məşqul olan və bu işə məsul qurum yoxdur”.

Ekspert Çingiz Qəniyevin fikrincə isə brakonyerlərin istifadə etdiyi, Azərbaycanda istifadəsi qadağan olunmuş sintetik torlardan istifadənin və suya elektrik verməklə baliqların, digər canlıların məhv edilməsinin qarşısını həm maariflənmə, həm də qanunun tələb etdiyi üsullarla almaq olar. Müvafiq qurumlar bunun üçün lazımi tədbirlər görür. Bununla belə, bir çox vətəndaşlar hələ də brakonyerliklə məşğul olurlar və bunu açıq-a.kar formada həyata keçirirlər. Bu məqamla bağlı bir daha onu vurğulamaq lazım gəlir ki, öncə vətəndaşlarımıza təbiəti sevməyi, onunla bağlı ətraflı maariflənməyi öyrətmək lazımdır. Bunun üçün xeyli iş görmək lazımdır. Bu işə erkən təhsil vaxtlarından başlanılmalıdır: “İşğaldan azad edilmiş ərazilərimizin sərvətləri, o cümlədən oradakı su resurslarımız və biomüxtəlifliyi dövlət qurumlarının nəzarətindədir. Həmin ərazilər kütləvi antropogen təsirə məruz qalan vaxtlarda bu barədə də konseptual yanaşma tətbiq etmək olar. Balıqçılıq qaydalarını pozanlara, brakonyerlərə qarşı mübarizə isə hər zaman hər birimizin vətəndaşlıq borcu olmalıdır. Bu məsələdə hər bir vətəndaş müvafiq qurumları dərhal məlumatlandırmalı, üzərinə düşən digər vəzifələri məsulyyətlə həyata keçirməlidir.

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçivəsində hazırlanıb. Müəllifin və ya müsahibin mövqeyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyi uyğun olmaya bilər.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir