Cari ilin 25 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarstana səfər etmiş və Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində çıxış etmişdir. Həmin Anlaşma Memorandumunun mühüm əhəmiyyəti ondan ibarətdir ki, bu sənəd enerji resurslarının daha da şaxələndirilməsinə və enerji təhlükəsizliyinin gücləndirilməsinə səbəb olacaqdır.

Məlumdur ki, Bolqarıstan ilə Yunanıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaratmışdır. Həmin layihə artıq Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verməyə başlamışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bolqarıstan Prezidenti Radev keçən ay Azərbaycanda rəsmi səfərdə olmuşdur ki, bu da ölkələrimiz arasında əməkdaşlıq səviyyəsinin yüksək olduğuna dəlalət edir.
Artıq bir neçə ildir ki, Azərbaycan Avropanın, yalnız enerji sahəsində deyil, digər sahələrdə də etibarlı tərəfdaşıdır.Yeni imzalanmış Anlaşma Memorandumu icra olunmağa başladıqdan sonra Avropanın enerji təhlükəsizliyi daha da güclənəcək və Azərbaycandan Avropa İttifaqının üzv ölkələrinə qaz ixracının miqdarı artacaqdır.
Ölkəmiz artıq Avropa İttifaqına daxil olan 9 dövlətlə “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişləri imzalamış və qəbul etmişdir. Keçən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır. Həmin Memorandum əsasında Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. Ötən il Avropaya 8 milyard kubmetr qaz çatdırılmış, bu il isə 12 milyard kubmetrə qədər artırmaq nəzərdə tutulmuşdur. 2027-ci ildə bu rəqəmin 24,5 milyard kubmetr olacağı planlaşdırılır.
Prezident İlham Əliyevin həyat keçirdiyi uğuru qaz ixracı siyasəti əsasında hazırda Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, İtaliyaya və bu ildən başlayaraq Rumıniyaya da ixrac edilir. Lazımi infrastruktur yaradıldığı halda, ilin sonundan başlayaraq Azərbaycan qazı Macarıstana və Slovakiyaya da ixrac ediləcəkdir.
Azərbaycan hökuməti, Cənub Qaz Dəhlizi Albaniyanın ərazisindən keçdiyinə görə, yerli qazpaylayıcı sistemin qurulması üçün bu ölkə ilə müvafiq danışıqlar aparır. Nəzərdə tutulmuşdur ki, Slovakiya “Həmrəylik Halqası”nın üzvü olaraq enerji sahəsində tərəfdaşımıza çevrilsin. Planlaşdırılır ki, ölkəmiz qaz təchizatının coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirməlidir.
Mərasimdəki çıxışında Prezident İlham Əliyev demişdir: “Təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. İyirmi ildən artıqdır ki, ölkəmiz xam nefti ixrac edən iri təchizatçı kimi etibarlı tərəfdaşdır. Neft-kimya məhsulları və elektrik enerjisi də ixracımızın bir hissəsidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üç ildən az müddətdə, 1994-cü ildə müqavilə imzaladı. Sonradan həmin müqavilə “XX əsrin müqaviləsi” adlandırıldı. Ölkəmiz ilk dəfə olaraq Xəzər dənizində nefti hasil və ixrac etmək məqsədilə xarici neft şirkətlərini dəvət etdi. Bu gün XXI əsrin layihəsini həyata keçiririk və onun miqyası genişlənir.”
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan enerji sahəsində etibarlı tərəfdaş kimi bütün hədəflərə nail olmaq üçün lazımi addımları atmışdır və yaxın gələcəkdə də lazımı işlər görməyi nəzərdə tutmuşdur. Belə ki, üç əsas enerji infrastrukturu layihəsinin uğurla başa çatdırılmasından sonra, hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışmalar həyata keçirilir. Çünki ilkin hesablamalar göstərir ki, Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Xəzər dənizinin Azərbaycan sektorunda isə daha 157 qiqavat enerji potensialı vardır.
Ölkəmizin həyata keçirdiyi enerji diplomatiyası neft meqalayihələrindən tutmuş, qaz, habelə yaşıl hidrogenə qədər layihələri əhatə edir ki, bu da əlavə güclü
ötürmə xətlərinin olmasına, tamamilə yeni vəziyyət yaranmasına və Avrasiyanın enerji xəritəsinin yenidən cızılmasına gətirib çıxaracaqdır.

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent