Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Motoklublar Birliyinin birgə təşkilatçılığı ilə “Şahdağ motosiklet festivalı” keçirilib.
Şahdağda ilk dəfə olaraq təşkil edilən festivala ölkənin müxtəlif bölgələrindən 300-ə yaxın motohəvəskar iştirak edib. Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, iki gün davam edən tədbirdə motosikletçilər təşkilatçılar tərəfindən hazırlanan müxtəlif müsabiqələrdə güclərini sınayıblar. Yarışda motohəvəskarlar güclü motosiklet, dəbli motosiklet, təcrübəli motosikletçi, uzağa üzmə, qol güləşi və digər müsabiqələr üzrə birincilik uğrunda mübarizə aparıblar.
Öz bacarıq və istedadları ilə seçilən qaliblər münsiflər heyəti tərəfindən müxtəlif mükafatlarla təltif olunublar. Tədbir çərçivəsində kompleksin qonaqları üçün motohəvəskarlar tərəfindən ödənişsiz peşəkar təlimlər keçirilib. Həm yerli, həm də əcnəbi qonaqları tərəfindən böyük maraqla qarşılanan festival çərçivəsində iştirakçılar və turizm mərkəzinin qonaqları üçün şou proqramlar təşkil edilib.