Siyasi ekspert: İrandakı rejim tədricən etnik təmizləmə siyasətini reallaşdırır

“İran” adlanan ölkənin teokratik rejiminin Güney Azərbaycan türklərinə münasibətdə həyata keçirdiyi siyasət bir çox komponentləri ilə ermənilərin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətini xatırladır.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Siyasi ekspert qeyd edib ki, güney azərbaycanlıların “İran” adlanan subyektin sərhədləri çərçivəsində öz tarixi vətənlərində yaşadıqlarını da nəzərə almaq lazımdır. Yəni, əgər ermənilər tarixi Azərbaycan torpaqlarında – indiki Ermənistan ərazisində yaşayan və bu torpaqların sahibi olan azərbaycanlıları doğma yurdlarından müxtəlif zamanlarda deportasiya etdikdən, zorla qovduqdan sonra Azərbaycan xalqına məxsus mədəniyyətin izlərini silməyə, Azərbaycan toponimlərini dəyişməyə başlamışdılarsa, molla rejimi bunu 35 milyon Azərbaycan türkünün gözü qarşısında edir.

“Ultramillətçi Tehran rejimi tarixi Azərbaycan torpaqlarını müxtəlif ostanlara bölməklə, Azərbaycan toponimlərini fars toponimləri ilə əvəz, yaxud təhrif etməklə, Azərbaycan xalqının milli mədəniyyətini, dilini, kimliyini assimilyasiyaya məruz qoymaqla, “İran” adlanan ölkənin titul xalqını fars azlığının içərisində əritməyə cəhd göstərir. Əgər təcavüzkar Ermənistan ordusu vaxtilə İranın da dəstəyi ilə Azərbaycan Respublikasının ərazisinin bir hissəsini qəsb etdikdən, azərbaycanlıları öz yurdundan didərgin saldıqdan sonra buradakı toponimləri dəyişməyə çalışmışdısa, xalqımıza məxsus mədəniyyət nümunələrini, tarixi abidələri məhv edərək özününküləşdirmişdisə, bu torpaqları ekoloji terrora məruz qoyaraq ağlasığmaz vandalizm aktları törətmişdisə, fars-molla rejimi bunu saxta, təhrif olunmuş, siyasiləşdirilmiş və etnik fars milli kimliyi ilə uzlaşdırılmış məzhəbçi ideologiyanın pərdəsi altında həyata keçirir, etnik təmizləmə siyasətini tədricən reallaşdırır”, – deyə siyasi ekspert qeyd edib.

E.Mirzəbəyli bildirib ki, İran rejimi Azərbaycan ərazilərinin sərvətini talayır, amma azərbaycanlıların rifahı üçün bir addım belə atmır. Bu ölkədə farsların və qeyri-farsların, o cümlədən azərbaycanlılar da daxil olmaqla, türk xalqlarının yaşadıqları bölgələrə nəzər salmaqla, rejimin siyasətinin mahiyyətini görmək mümkündür.

Repressiv molla hakimiyyətinin dünyanın nadir su hövzələrindən biri olan Urmiya gölünün məhv edilməsi istiqamətində həyata keçirdiyi siyasət, zəhərli maddələrin istehsalı ilə məşğul olan müəssisələrin, məqsədyönlü şəkildə azərbaycanlıların yaşadıqları ərazilərdə inşa və istismar edilməsi rəsmi Tehranın ekoloji terrorunun yalnız görünən hissəsidir. Rejimin bəşəriyyətin və yaxın qonşuların təhdid edilməsinə yönəlmiş nüvə proqramı çərçivəsində radioaktiv tullantıları məhz azərbaycanlıların yaşadıqları ərazilərdə xüsusi konteynerlərdə yerləşdirilməsi ilə bağlı yayılan məlumatlar da sübuta yetirir ki, rəsmi Tehranın hədəfi Azərbaycan türklərinin izini öz tarixi torpaqlarından silməkdir.

Onun sözlərinə görə, bu aspektdən, ermənilərlə “İran” adlanan ölkənin rejimini birləşdirən təkcə onların özlərinin tez-tez təkrarladıqları kimi “ortaq mədəniyyətə” sahib olmaları deyil, həm də Azərbaycana və azərbaycanlılara qarşı aşkar-gizli düşmən münasibətləridir. “Qeyd edim ki, 35 milyonluq Azərbaycan türklərinə öz ana dillərində təhsil almaq qadağan edildiyi halda, İran rejimi bir ovuc erməninin rahat yaşaması üçün əlindən gələni əsirgəmir. Hər il paytaxt Tehran da daxil olmaqla, İranın bir sıra şəhərlərində erməni məktəblərinin ənənəvi sərgisi keçirilir. Rəsmi məlumatlara görə, hazırda İranda təqribən 60-80 min erməni yaşayır. Buna baxmayaraq, təkcə Tehran şəhərində ermənilərin təsis etdiyi 53 məktəb fəaliyyət göstərir. Onlardan 20-də yalnız ermənilər və əsasən öz dillərində təhsil alırlar. Bundan başqa, paytaxt Tehranda ermənilər üçün nəzərdə tutulan çoxsaylı uşaq bağçaları da fəaliyyət göstərir”, – deyə E.Mirzəbəyli diqqətə çatdırıb.

Siyasi ekspert xatırladıb ki, İran Dövlət Mədəniyyət Şurasının 2010-cu ildə keçirdiyi sorğuya görə, ölkə əhalisinin 47,55 faizi özünü fars, 31,13 faizi türk (22,45 faiz Azərbaycan türkləri, 8,68 faiz digər türk əsillilər), 7,78 faizi kürd, 7,25 faizi lor, 2,51 faizi bəluc, 2,40 faizi isə ərəbdilli hesab edir. Bu, İran Dövlət Mədəniyyət Şurasının keçirdiyi son sorğudur və sorğu da çox güman ki, məqsədyönlü şəkildə milli mənsubiyyət yox, ana dili amili üzərindən gerçəkləşdirilib. Çünki İranda yaşayan əhalinin əhəmiyyətli hissəsi gündəlik həyatda öz ana dilindən istifadə etmir, fars dilində təhsil alır və bu dildə danışır. Bu baxımdan, gerçək rəqəmlərlə Mədəniyyət Şurasının BMT-yə təqdim etdiyi göstəricilər arasındakı fərqin kifayət qədər böyük olduğunun əlavə sübuta ehtiyacı yoxdur.

E.Mirzəbəyli bildirib ki, müxtəlif hesabatlarda “İran İslam Respublikası” adlanan ölkədə təqribən 35-40 milyon türkün öz tarixi torpaqlarında yaşadığı bildirilir. Amma yenə də İran Dövlət Mədəniyyət Şurasının BMT-yə təqdim etdiyi statistik göstəricilərindən çıxış edərək, “bu ölkənin öz gözündə tiri görməyib, başqasının gözündə çox axtaran” başbilənlərinə, həmçinin sosial şəbəkələrdəki başyaran və saçyolanlarına sadə bir sual ünvanlamaq istəyirəm: “Necə olur ki, rəsmi statistikaya görə, İran əhalisinin, 31,13, – 7,78, – 7,25, – 2,51 və 2,40 faizini təşkil edən xalq və etnik qrupların öz ana dillərində məktəbləri yoxdur, amma sayı 0,001%-dən də az olan ermənilərin hər şeyi var – erməni dilində uşaq bağçaları və məktəblər, mədəniyyət mərkəzləri və sair.

Əlahəzrət fakt konkret göstərici və müqayisəli, əsaslandırılmış arqument tələb edir. Bu da molla rejiminin havaya üfürdüyü ideoloji nağıllar deyil ki, Həzrət Abbasa and içib canını qurtarasan. Yaxud hansısa ehkamın arxasında gizlənib həqiqəti dilə gətirənləri susdurasan.

“İran rejiminin ermənilərdən başqa digər xalqlara öz ana dillərində təhsil almaq hüququ vermək istəməməsinin qarşılığında dilə gətirməyə utanmadıqları arqument nədir? Deyirlər ki, bəs türklər, ərəblər və digərləri müsəlmandırlar, ermənilər isə yox. Müsəlmandırlar, o zaman qoy ərəb dilində təhsil alsınlar. Yaxud əgər sən özünü “İslam Respublikası” elan etmisənsə, o zaman, ilk növbədə, öz ümmətinin hüquqlarını tanı! Əks təqdirdə, belə təsəvvür yaranır ki, İran farsların və ermənilərin dövlətidir. İranın mövcud rejiminin təkcə dil üzərindən yürütdüyü siyasət belə düşünməyə əsas verir”, – deyə Elçin Mirzəbəyli fikirlərini yekunlaşdırıb.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir