Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 5-ci mikrorayonla 45-ci məhəllə arasındakı yaşıllıq ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb. Xidmət rəsmisi Bəhruz Məhəmmədov “Report”a bildirib ki, araşdırma zamanı ərazidə 17 ədəd köküstə yaş ağacın qanunsuz kəsildiyi müəyyən edilib. Yaşıllıq sahəsinə xidmət göstərən Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən ərazidəki ağacların mühafizəsinin düzgün təşkil olunmadığı və ağacların bir qisminin İdarə tərəfindən götürüdüyü qənaətinə gəlinib. Faktla bağlı akt tərtib olunub. Məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır. Götürülmüş ağacların əvəzinə yeni ağaclar əkilib və onlara aqrotexniki qulluq göstərilməsi üçün Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinə müvafiq göstəriş verilib.