Azad edilmiş ərazilərin ekoturistik məkanlarında işlək zibil konseptinin işə salınması, mina təhlükəsizliyi qaydalarına əməl olunması və brakonyerlik hallarına yol verilməməsi əsas məsələlərdəndir
Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçjvəsində Füzuli, Şuşa, Laçın, Suqovuşan və Xocavənddə (Azıx kəndi və mağarası) olduq. Bu yazıda Füzuli, Şuşa, Suqovuşan və Azıxla bağlı ekoturistik yöndə müşahidələrimizi bölüşmək istərdik.
Şuşa
Azərbayca xalqı üçün mühüm tarixi-siyasi (Qarabağ xanlığının paytaxtı) və mədəni əhəmiyyəti olan Şuşa Kiçik Qafqaz dağlarının qoynundakı yüksəklikdə yerləşir. Qarabağın incisi olan Şuşa şəhərinin yetişdirdiyi rəhbərlər, şairlər, rəssamlar, memarlar, musiqiçilər ölkənin tarixi-mədəni və siyasi irsinə mühüm töhfələr veriblər. Təsadüfi deyildir ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı hesab edilir. TÜRKSOY tərəfindən isə şəhər 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.
Şuşa bizim üçün mədəniyyət paytaxtı olan şəhər kimi assosiasiya olunmasına baxmayaraq, buraların çox füsunkar təbiəti var. Bura başdan-başa təbiət möcüzələri ilə doludur. Şəhərin cənub hissəsində yerləşən Cıdır düzü həmişə Şuşa adı ilə yanaşı çəkilib. Gözəl mənzərəsi olan, sıldırım ərazidə yerləşən Cıdır düzü tarixən at yarışları, digər oyunlar, camaatın bayram-şənlik yığıncaqları və s. üçün meydan olub. Cıdır düzündən 200 metr aşağıda Daşaltı çayı axır və dərə yerləşir. Buradan dağlara gözəl ekoturistik mənzərə açılır. Daşaltı dərəsinin yaxınlığında isə gözəl Çətir şəlaləsi axır. Şəlalənin ətrafı gözəl seyrangahdır. Şuşa şəhərindən təxminən iki kilometr aralıda, dəniz səviyyəsindən təqribən 1500 metr hündürlükdə yerləşən İsa bulağı isə həmişə buranın sakinləri üçün müqəddəs məkanlardan olub, folklor nümunələrində anılıb. Burada olarkən İsa bulağına baş çəkən, bunun üçün uzun növbələr yaradan kütləvi sayda turist müşahidə etdik ki, bu da məşhur İsa bulağına bəslənən dərin duyğulardan xəbər verir…
Bununla belə, Şuşanın ətraf ərazilərində mina təhlükəsinin qalmasına baxmayaraq, turistlər mina ilə bağlı plakatlara, lövhələrə, edilən xəbərdarlıqlara bir çox hallarda ciddi məhəl qoymurlar. Bu isə olduqca təhlükəlidir. Əsasən, yerli vətəndaşlarımızdan ibarət olan turistlərin çox vaxt nənə-baba və körpə uşaqlar da daxil olmaqla geniş tərkibli ailələrlə yol qıraqlarında, mina təhlükəli ərazilərin lap yaxınlığındaqayğısız “piknik”ləri diqqətə götürülməlidir. Bir çox hallarda, 10-20 nəfərdən ibarət şəxslərin samovar qalayaraq, yol qıraqlarında, yaxın meşəlik ərazidə oturduqlarını görmək olur ki, bu da təbiətdə yanğın törətmək baxımından təhlükə yarada bilər. Doğrusu, postlarda polislərin bu cür yekə samovarlarla azad olunmuş ərazilərə keçməyə can atan yerli turistləri saxlayıb, samovar aparmağa icazə vermədiklərini müşahidə etdik. Bununla belə, həmin ərazilərdə samovarla “piknik” edənləri də gördük. Şuşa-Laçın yolu boyunca, Turşu və digər yerlərdə də mina təhlükəsi olduğu halda, insanların toplu halda bardaş qurduqlarının, bəzən isə yol qırağından meşə və ya dağa doğru yol aldıqlarının şahidi olduq…
Füzuli
Kiçik Qafqazın cənub-şərq qurtaracağının dağətəyi hissələrini əhatə edən Füzuli rayonu Beyləqan, Ağcəbədi, Cəbrayıl, Xocavənd rayonları və Araz çayı ilə həmsərhəddir. Füzuli rayonu işğaldan qabaq ölkəmizin iqtisadi baxımdan rentabelli rayonlarından olub. Füzuli pambıqçılıq, taxılçılıq klimi istiqamətlər üzrə fərqlənən rayonlardan biri kimi yadda qalıb. Bundan əlavə, rayonda kənd təsərrüfatının digər istiqamətləri də inkişaf edib. Rayon sənaye məhsullarının istehsalına görə də fərqlənib.
Özünəməxsus relyefi olan rayonun dağətəyi düzənlik sahələri çoxdur. Yol boyunca bir sıra plantasiyaların da şahidi olduq. Rayonda Araz çayı və onun böyük qolları Köndələnçay, Quruçay və bu çayların çoxsaylı kiçik qolları axır. İqlim şəraitinə görə rayon ərazisi isti-quru iqlim tipinə aid edilir. Belə ki, Füzuli isti-quraq yayı, mülayim-isti qışı ilə seçilir. Füzuli rayonunun ekoturistik və kənd turizmi imkanları olsa da, rayonun azad edilmiş böyük hissəsi hələ minalardan təmizlənməyib. Şuşayadək olan yol boyu mina təhlükəsindən xəbərdar edən lövhələr bunu göstərir. Bununla belə, burada da söhbət etdiyimiz yerli sakinlər insanların bir sıra hallarda mina təhlükəsinə ciddi diqqət yetirmədiklərini dedilər.
Buranın hazırkı mənzərələrindən biri də odur ki, Zəfər yolu boyunca azad edilmiş ərazilərdə dağıdılmış tikililərin qalıqları uzanır…
Azıx mağarası
Füzuli rayonunun qurtaracağında Şuşa yoluna dönməmiş, sağa burularaq avtomobilllə bir neçə kilometr getdikdən sonra Xocavənd rayonunun ərazisində yerləşən Azıx kəndində eyniadlı mağara yerləşir. Həmin əraziyə yollandıq və vaxtilə neandertal insanların (azıxantrop) yaşamış olduğu mağaranı tapdıq. Mağara 900 metr yüksəklikdə yerləşir. Mağaraya çatmaq üçün uzun, dar və narahat pilləkənlərlə xeyli yol dırmaşmalısan. Yayın istisində, bu, xüsusilə asan deyil. Bununla belə, mağaradan ətraf ərazilərin gözəl mənzərəsi var. Əlavə edək ki, mağara istər tarixi, istərsə də ekoloji turizm baxımından daha da cəlbedici ola bilər. Amma bunun üçün bu gözəl arxeoloji və təbiət abidəsinin daha yaxşı təqdimatına ehtiyac var. İşğal vaxtı ermənilər informasiya savaşı müstəvisində mağaradan da istifadəyə cəhdlər göstəriblər. İndi isə mağara özümüzdədir. Abidə qorunmur və istənilən şəxs ora qalxa bilər. Bununla belə, ətrafda atılmış plastik olduğunu gördük və belə hallar arzuolunmazdır…
Suqovuşan
Növbəti marşrutumuz Murov dağının zirvəsindən aşağıda, meşəlik ərazidə yerləşın Suqovuşan qəsəbəsi oldu. Qəsəbə gözəl bir təibət qoynunda yerləşir və ərazisindəki Suqovuşan gölü xüsusilə ekoturistik baxımdan önəm kəsb edir. Göl 50 ildən çoxdur yaradılıb. Suvarma baxımından xüsusilə əhəmiyyətlidir. Azad olunandan sonra Suqovuşan gözəl ekoturistik turistik məkana çevrilir. Gölün və qəsəbənin unikal mənzərəsi, ətrafda yerləşən Sərsəng su anbarı, Talış yüksəklikləri, Kəlbəcər və Goranboya yaxın məsafədə yerlləşməsi qəsəbənin ekoturistik üstünlüklərindən xəbər verir. Bundan başqa, yaxınlıqda saf bulaqlar, zəngin bitki və heyvanlar aləmi, dağ relyefi mövcuddur. Bütün bu imkanlar dövlət tərəfindən də yaxşı dəyərləndirilir. Qarabağ azad ediləndən sonra dövlət başçısının iştirakı ilə Suqovuşanda turizm kompleksinin təməlinin qoyulması, həmçinin digər turistik infrastruktur quruculuğuna başlanılması da bundan xəbər verir.
Beləliklə, ümumilikdə Qarabağda ekoturizmin inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Bu imkanların gerçəkliyə çevrilməsi üçün dövlət tərəfindən bütün məqsədyönümlü və nəticəyönümlü tədbirlər həyata keçirilir. Azad edilmiş və minalardan təmizlənmiş bütün ərazilərdə geniş tikinti və infrastruktur quruculuğunun, o cümlədən tuirizm infrastrukturu quruculuğunun şahidi olursan. Yetər ki, bölgəyə ayaq basan insanlarmız və müvafiq qurumlar da bu məsələdə diqqət və töhfələrini artırsınlar.
Əsas məsələlər ekoturistik məkanlarda işlək zibil konseptinin işə salınması, mina təhlükəsizliyi qaydalarına əməl olunması və brakonyerlik hallarına yol verilməməsidir…
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçivəsində hazırlanıb. Müəllifin və ya müsahibin mövqeyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyi uyğun olmaya bilər.