Təbii ehtiyatlarımızın qanunsuz istismarının dayandırılması sülhməramlılarla müzakirə edilib

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun Azərbaycan Respublikasının ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirməsi barədə birgə məlumat yayıb.

AZƏRTAC-a daxil olan birgə məlumatda bildirilib ki, dekabrın 3-də keçirilmiş müzakirələrin davamı olaraq, dekabrın 7-də İqtisadiyyat Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirib.

Görüşdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunub.

Görüş konstruktiv ruhda keçib. Aidiyyəti üzrə təmaslar davam etdiriləcək.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir