“Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmləri yaradılıb”

Beynəlxalq münasibətlərdə Azərbaycanın mühüm rol oynadığı platformalardan biri də Türk Dövlətləri Təşkilatıdır. Belə ki, qardaş Türkiyə ilə strateji müttəfiqliyin əsasında yaradılan Türk Dövlətləri Təşkilatı dünyada yeni bir güc mərkəzinə çevrilməklə yanaşı, həm də regional iqtisadi-siyasi proseslərə ciddi təsir imkanlarına malik nüfuzlu bir qurumdur. Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm hadisədir və yeni yüksəliş dövrünün başlanğıcı sayıla bilər.

Bu fikirləri Milli Məclisin deputatı Tamam Cəfərova saytımıza açıqlamasında söyləyib.

Millət vəkili  bildirib ki, məlum zəlzələ faciəsindən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü xüsusi əhəmiyyət kəsb edir. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinə toxunan dövlətimizin başçısı qeyd etdi ki, ölkələrimiz həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olub. Prezident şərəfli Vətən müharibəsindən danışaraq Rəcəb Tayyib Ərdoğanın ilk anlardan başlayaraq son günə qədər göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycana əlavə güc verdiyini xüsusi vurğulayıb. “Ölkə rəhbəri  çıxışı zamanı 44 günlük vətən müharibəsində və ondan sonraki dövrdə Türkiyə başda olmaqla verilən qardaş dəstəyinin önəmini vurğuladı. Eyni zamanda bu yaxınlarda Türkiyədə baş vermiş zəlzələdə Azərbaycanın ilk yardıma gələn dövlət olması, xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfərin sağ çıxarılması, həmçinin, 780 nəfərin cəsədinin dağıntılar altında aşkar edilməsi, tibb personalımızın ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərməsi qeyd olundu. Təbii ki, bu belə də olmalıdır. Bu həm də qardaşlıq nümunəsidir. İstər xoş günümüzdə istərsə də acı günümüzdə hər zaman yanaşı durmalıyıq”.

Fikirlərinin davamı olaraq Tamam Cəfərova əlavə edib ki, “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkib, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparıblar. Digər tərəfdən, türk dövlətlərinin liderləri çıxışlarda Türkiyənin təkcə regionda deyil, bütün dünyada nüfuzunun yüksək olduğunu vurğuladılar.

Türkiyənin qlobal güc kimi özünü təsdiq etməsində Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu qeyd edildi. Sammitdə türk ölkələrinin liderlərinin Ərdoğan hökumətinin xarici siyasətinə dəstək nümayiş olundu, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə reallaşdırılan islahatların türk xalqını yeni-yeni uğurlara çatdıracağına əminliyi ifadə edildi. Prezident İlham Əliyev çıxışında keçən il Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşünə də toxunaraq qeyd edib ki, R.T.Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif olunması Türkiyə liderinin Türk dünyasının gücləndirilməsində xidmətlərinin daha bir sübutudur. Bundan sonrakı fəaliyyətində də Rəcəb Tayyib Ərdoğan Türk dünyasının inkişafına, əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcək.

Millət vəkili qeyd edib ki, zirvə görüşü zamanı Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyət əsas müzakirə mövzusu olsa da, liderlər üçün digər məsələləri də gündəmə gətirmək baxımından uğurlu platforma idi. Türkiyə Prezidentinin Türk Dövlətləri Təşkilatı olaraq enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə də regional nəqliyyat əlaqələrinin inkişafında və digər məsələlərdə strateji rol oynayacağı mesajı əslində, türk soyuna düşmən kəsilənlərə sərt zərbə oldu. Burada qeyd olundu ki, türk dövlətləri Asiya ilə Avropa arasında nəqliyyat dəhlizlərinin formalaşmasında əhəmiyyətli rola malikdirlər. Bu fakt Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin əməkdaşlıq əlaqələrini inkişaf etdirməsini zərurətə çevirir. Bu birlik dünyanın iki böyük qitəsini birləşdirməklə, yalnız təşkilata üzv dövlətlərin deyil, bütövlükdə Avrasiya regionunun iqtisadi inkişafına böyük və faydalı töhfə verəcək.

“Türk birliyinin qlobal gücə çevrilməsi artıq reallığa çevrilməkdədir. Bu fakt qloballaşan dünyada türk faktoru ilə hesablaşmağı beynəlxalq birlik üçün zəruri edəcək. Bu tarixi hədəfə tezliklə çatmaq üçün Azərbaycan və Türkiyə ilə yanaşı digər türk dövlətləri də güclü siyasi iradə nümayiş etdirməli, bütün imkanlardan maksimum istifadə olunmalıdır.  TDT-nin Fövqəladə Zirvə Görüşündə qəbul olunan Ankara Bəyannaməsinin müddəaları, eləcə də digər qərarlar bu hədəflərin reallaşmasını daha da yaxınlaşdırır. TDT-nin Fövqəladə Zirvə Görüşündə qəbul olunan Ankara Bəyannaməsinin müddəaları, eləcə də digər qərarlar bu tarixi, strateji hədəflərin əsas istiqamətlərinin müəyyənləşməsi baxımından vacib bir yol xəritəsi hesab edilir. Sənəddə Türkiyədə baş verən zəlzələdə qeydə alınan müddəada Türk dövlətlərinin təbii fəlakət zamanı zərər çəkmiş şəxslərə yardım göstərməsi qardaş ölkələrin birliyindən xəbər verir. Sənəddə siyasi və humanitar yaxınlıqla yanaşı, iqtısadi birlik də önəmli yer alıb. Bu birliyin möhkəmlənməsi nəticəsində təbii fəlakət zamanı qarşılıqlı yardım, sərmayə yatırımı, iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq və beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməyi şərtləndirir. Bu sənəd eyni dilə və mədəniyyətə sahib olduğumuz türk xalqlarının əməkdaşlıq şəraitində fəaliyyət göstərmələrinə səbəb olacaq.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir