Üzən adalar və Munzur vadisinə səyahət

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalistin qardaş ölkəyə səfəri çərçivəsində baş çəkdikləri yerlərdən bir də Bingöl şəhəri olub.

Türkiyənin Bingöl şəhəri Muşa nisbətən daha kiçikdir və burada demək olar, tarixi abidələr yoxdur. Bələdçimiz Ramazan Çeliktürk bunun səbəbini tarixən Bingölün Ərzurum, Elazığ, Diyarbəkir, Van kimi digər bəyliklərə bağlı olması ilə əlaqələndirildiyini deyir və əlavə edir ki, tarixi abidələr daha çox adıçəkilən bölgələrdə tikilib.

Bingöl qədim Urartuda yaşayış məskənlərindən biri olub və Urartu kralı Meneus Bingöldə qala tikdirsə də, həmin abidə günümüzə qədər gəlib çatmayıb. Urartuluların qalaları hər zaman təpələrin başında inşa etdiklərini deyən bələdçimiz söyləyir ki, bu gün dünyada qədim Urartu dilində sadəcə üç nəfər danışır. Onlardan biri də Van şəhərində yaşayan Mehmet bəydir. Maraqlı təsadüfdür… Çünki qədim Urartunun paytaxtı Tuşpa şəhərinin yerində hazırda Van yerləşir.

Bingöldə tarixi abidəyə rast gəlinməsə də, şəhərin qədim keçmişi var. 1945-ci ildə Bingöl adını alan şəhərin öncəki adı Çapaqcur olub. Hətta Övliya Çələbi öz səyahətnaməsində şəhərin Makedoniyalı İsgəndər tərəfindən salındığını yazır. Şərqi Anadolunu ümumiləşdirsək, burada qədim tarixə malik olmayan şəhər və ya bölgə tapılmaz.

Bingöldə yerləşən məhşur üzən adalara doğru yol alırıq. Türkiyədə 22 üzən adacıq var ki, onlardan 3 ən böyüyü Bingölün payına düşür. İlk baxışdan qeyri-adi görüntüsü ilə bura gələn turistlərin diqqətini cəlb edən kiçik adaların necə hərəkət etdiyinə gəldikdə, bu, bir təbiət möcüzəsidir desək, yanılmarıq. Belə ki, adaların üzərində yerləşən bitkilər mikro hüceyrələri yedikdən sonra metan qazı xaric edir və bununla da həmin qaz adacıqların altındakı suyu hərəkət etdirir. Adacıqların hərəkət etdiyi gölməçənin 54 metrə qədər dərinliyi olduğunu eşidəndə qırğız və bosniyalı həmkarlarımızla birgə heyrətimizi gizlədə bilmirik. Müqayisə üçün deyim ki, Bosfor boğazının dərinliyi orta hesabla 61 metrdir. Kiçik gölməçə kimi görünən suyun dərinliyi barədə biləndə bu adacıqlar üzərinə çıxmaq və ya ona yaxından baxmaqdan imtina edirik. Bingöl dedikdə isə ilk ağıla gələn bu üzən adalardır.

Bingölə qısa səyahətdən sonra Tunceli şəhərinə doğru gedirik. Haqqında danışmaq istəmədiyim bəzi səbəblərdən ötrü Tunceliyə səyahət fikri məni bir qədər narahat etmişdi. Lakin buradakı təbiətlə şəhərləşmənin ahəngini görəndə bütün narahatlıqlar itib gedir. Düzü, Tuncelidəki inkişaf məni bir qədər heyrətə gətirir. Dağlar, meşələrlə yanaşı, səliqə ilə salınmış şəhərin sintezi insanda xoş təəsürat yaradır.

Təxminən, iki min əsəri ilə minillik tarixə işıq tutan balmumu heykəllər, daş alətlər və müxtəlif metallardan hazırlanmış əşyalarla bölgənin inanc ayinlərinin sərgiləndiyi Tunceli Muzeyində şəhərin ən qədim tarixi tapıntıları diqqətimi çəkir. Tuncelidə Ələviliyin geniş yayıldığını deyən bələdçimiz onların dini rituallarından ibarət görüntüləri nümayiş etdirir. Muzey çox böyükdür və bir çox dini inanc, məzhəb, eyni zamanda, fərqli mədəniyyətlər barədə buradan müfəssəl məlumat əldə etmək mümkündür.

Növbəti səyahət yerimiz isə Tunceli və Ovacık arasında uzanan Munzur vadisidir. 42 min hektar ərazidə yerləşən vadi Tunceli şəhər mərkəzinə 8 kilometr uzaqlıqda yerləşir. Vadi fauna və florası ilə olduqca zəngindir. Məhz buna görə 1971-ci ildə Milli Park statusu alıb. Munzur vadisinə səyahətimiz payız fəslinə təsadüf etdiyindən hər yer “qızıl yarpaqlar”la bəzənib və buradakı mənzərə hansısa təbiət portretini xatırladır. Hər fəsildə gözəlliyi ilə göz oxşayan Munzur vadisinin ən bolsulu olduğu vaxt isə yaz aylarıdır. Dağların qarı əridikcə vadinin suyu aşıb-daşır, təbiət canlanır. Burada insanların istirahət etməsi və düşərgə qurması üçün xüsusi yerlər də ayrılıb. Sıldırım qayalar və sıx meşələr mənə Şuşanı xatırladır.

Bingölün 200 minə yaxın əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Bingöl eyni zamanda, təbii balı ilə çox məşhurdur və şəhərin simvolu hesab edilir. Bir gün yolunuz Bingöldən düşsə, burada mütləq ət qovurmasının dadına baxın.