Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Ətraf mühitdən asılı olaraq ətir çalarları dəyişən plümeriya

Daha çox Cənubi Amerika, Karib adaları və ABŞ-ın cənub ştatlarında yayılan plümeriya tropik bitki sayılır. Subtropik iqlimli ölkələrdə onu dekorativ məqsədlə park və bağçalarda əkirlər. Təbiətdə 5-8 metr hündürlüyündə olan plümeriya ətir və təravətini uzun müddət saxladığına görə həmin ölkələrdə qadınlar saçlarını onun çiçəkləri ilə bəzəyirlər. AZƏRTAC xəbər verir ki, ağ, sarı, çəhrayı, al-qırmızı və mərcan rənginə qədər çaları olan plümeriyanın çiçəkləri adətən 5, bəzi növlərdə isə 4, 6 və ya 7 ləçəkdən ibarət olur. Onun çiçəkləri zərif və xoşagələn ətrə malikdir. Həmin xüsusiyyətinə görə XVI əsrdə italyan zadəganı Franjipani ətir almaq üçün plümeriyadan istifadə edib və alınan ətrin çaları ətraf mühitdən asılı olaraq dəyişmək xüsusiyyəti daşıyıb. Onun şərəfinə plümeriyanı bəzən franjipani də adlandırırlar. Yarpağını tökən bitkilərə aid olduğuna görə qış aylarında yaşıl hissəsi tam və ya qismən tökülür. Sükunət dövrü cəmi bir neçə həftə davam edir. Ev şəraitində dibçəkdə yetişdiriləndə kiçik ağac formasında olur və müasir dövrdə seleksiyaçı alimlər plümeriyanın çoxlu hibrid formalarını yetişdiriblər. Təbiətdə yalnız yayda çiçəkləsə də, otaq şəraitində ildə bir neçə dəfə çiçək açır. Bunun üçün plümeriyaya gün ərzində 6 saatdan az olmayaraq işıqlı mühit yaratmaq və çiçəkləyən bitkilər üçün nəzərdə tutulan mineral gübrələr vermək lazımdır.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir