Azı bir milyard insanın gündəlik qida rasionuna daxil olan alma çoxumuzun sevimli meyvəsidir. Alma supermeyvə kimi öz reputasiyasını doğruldur.
AZƏRTAC xəbər verir ki, amerikalı tədqiqatçılar (Montana Dövlət Universiteti) almanın insan bağırsağı üçün şübhəsiz faydalarını əsaslandırıblar. Belə ki, bu meyvənin otoimmün xəstəliklərdə, xoralarda və kolitdə həzm sistemində iltihaba səbəb olan patogenləri boğduğu sübut edilib. Alma orqanizmi digər meyvələrdən daha yaxşı kolon (yoğun bağırsaq) xərçəngindən qoruyur.
Heyvanlar üzərində aparılan tədqiqatlar göstərib ki, almanın tərkibində bağırsaqlarda iltihaba səbəb olan hüceyrələrin fəaliyyətini dayandıra bilən antioksidant polifenollar var.
Əslində, polşalı tədqiqatçılar artıq 592 xərçəng xəstəsi və 765 sağlam insanı əhatə edən böyük təcrübə aparıblar. Təcrübə göstərib ki, bir insan gündə bir alma yeyərsə, bağırsaq xərçənginə tutulma ehtimalı əhəmiyyətli dərəcədə azalır.
Alimlər almanın belə xüsusiyyətlərini bu meyvələrin tərkibində çoxlu miqdarda flavonoidlərin – heterosiklik oksigen tərkibli birləşmələrin olması ilə izah edirlər. Onlar antioksidant kimi fəaliyyət göstərir, sərbəst radikalların təsirindən qoruyaraq bununla da şiş hüceyrələrinin əmələ gəlməsinin və çoxalmasının qarşısını alır.