Azərbaycan Beynəlxalq Abidələr və Tarixi Yerlər Şurasının iclasında iştirak edir

Azərbaycan Avstraliyanın Sidney şəhərində Beynəlxalq Abidələr və Tarixi Yerlər Şurasının (ICOMOS) Üçillik Baş Assambleyası (Triennial General Assembly) İdarə Heyətinin iclasında iştirak edir.Bu barədə Dövlət Turizm Agentliyi xəbər yayıb.Məlumata görə, ilk dəfə olaraq “ICOMOS Azərbaycan” Milli Komitəsi də təşkilatın Baş Assambleyasında təmsil olunur.Təşkilatın 1 500-dən çox üzvünü və rəsmi qonaqları bir araya gətirən tədbirdə “ICOMOS Azərbaycan”ın prezidenti Sədaqət Davudova və baş katib Şeyda Allahverdiya da iştirak edirlər.Baş Assambleyanın toplantısında “Mədəni irs: Davamlılıq-Məsuliyyət-Hüquqlar-Əlaqələr” mövzusunda Elmi Simpozium keçirilir. Sentyabrın 9-dək davam edəcək Assambleyada mədəni irsin qorunması və idarəolunması mövzularında mühazirələr, seminarlar da təşkil olunacaq. Toplantı iştirakçıları Avstraliyada UNESCO Dünya İrs siyahısına daxil edilmiş məkanlarla da tanış olacaqlar.Qeyd edək ki, ICOMOS (Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura) maddi-mədəni irsin qorunması üzrə dünyada ən böyük beynəlxalq təşkilatdır. 10 mindən çox üzvü, 104 ölkədə milli komitəsi olan ICOMOS həmçinin UNESCO-nun üç rəsmi məsləhətverici orqanından biridir.Azərbaycanın Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə yaranmış “ICOMOS Azərbaycan” Milli Komitəsi ötən ildən aktiv fəaliyyətə başlayıb. Xatırladaq ki, ötən ilin oktyabrın 25-31-i tarixlərində Tailand Krallığında keçirilən illik toplantıda “ICOMOS Azərbaycan” Milli Komitəsi təşkilatın Baş Assambleyasında iki həmsədrindən biri seçilib.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir