Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Azərbaycan Çin ilə anod bloklarının istehsalı sahəsində əməkdaşlıq edəcək

Neft koksunun kalsinasiyası və alüminium istehsalı üçün vacib xammallardan biri olan anod bloklarının istehsalının ölkəmizdə təşkili məqsədilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (ASK) və Çin Xalq Respublikasının “Sunstone Development Co. Ltd” şirkətinin rəhbər heyəti arasında görüş olub.ASK-dan AZƏRTAC-a bildirilib ki, görüşdə qeyd olunan layihə üzrə birgə fəaliyyət, uzunmüddətli əməkdaşlığın qurulması, ölkəmizə investisiyanın cəlb olunması kimi mühüm məsələlər müzakirə edilib. “Sunstone Development” şirkəti tərəfindən istehsal olunan anod həcmi 2011-ci ildə 1 milyon ton olub, 2022-ci ildə 2,5 milyon tona yüksəlib və 2025-ci ildə isə bu rəqəmin 4,5 milyon tona çatdırılması planlaşdırılır. Çinin illik anod ixracının 39 faizi “Sunstone Development Co. Ltd” şirkətinin payına düşür və anod istehsalının həcminə görə dünyanın ən böyük şirkətlərindən biridir. Anod blokları istehsalının ölkəmizdə qurulması yalnız idxaldan asılılığın aradan qaldırılması və xaricə valyuta axınının qarşısının alınması baxımından deyil, eyni zamanda, gələcəkdə digər alternativ sahələrin də yaranması, həmin sahələr üzrə xarici investorların cəlbi və ölkəmizdə istehsal olunan məhsullarla dünya bazarına daha rəqabətli şəkildə çıxmaq baxımından da xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, layihənin icrası yeni iş yerlərinin açılmasına, bu sahə üzrə milli kadr potensialımızın daha da güclənməsinə və ümumi sosial-iqtisadi inkişafın təmin olunmasına imkan verəcək.Qeyd edək ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 4 dekabr tarixli Fərmanının 10.2-ci bəndinə əsasən quruma alüminium sənayesinin yerli xammal və materiallarla təchizatını təmin etmək və idxaldan asılılığını aradan qaldırmaq üçün yerli və xarici ekspertlər cəlb etməklə tədqiqatların aparılması, texniki-iqtisadi əsaslandırılmanın hazırlanması, ekoloji təmiz istehsal texnologiyasının seçilməsi və onun sənayedə tətbiqinin sınaqdan keçirilməsi, alunitin kompleks sənaye emalının təşkili, habelə ölkə ərazisində neft koksundan istifadə etməklə anod bloklarının istehsalı imkanlarının araşdırılması tapşırığı verilib. Qeyd olunan tapşırığın icrası məqsədilə ASK tərəfindən ilkin layihələr hazırlanıb və həmin layihələrdə iştirakla bağlı xarici investorlarla mütəmadi olaraq görüşlər keçirilib.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir