Azərbaycan Mədəniyyət Mərkəzi “Heydər Əliyev ili” münasibətilə Özbəkistanın 14 kitabxanasına kitab kolleksiyası bağışlayıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cü il “Heydər Əliyev ili” münasibətilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına və Özbəkistanın vilayətlərində yerləşən 14 mərkəzi kitabxanaya  Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edib.

Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına 40 nüsxə, Daşkənd, Xarəzm, Nəvai, Buxara, Səmərqənd, Kaşkadərya, Surxandərya, Cizzax, Sırdərya, Nəmənqan, Fərqanə, Əndican vilayət, Qaraqalpaqıstan Respublikası informasiya-kitabxana mərkəzi olmaqla hər bir mərkəzi kitabxanaya 82 adda, ümumilikdə isə 1148 nüsxə kitab və elektron nəşr hədiyyə olunub.

Sözügedən kolleksiyada Azərbaycanın tarixinə, dövlətçiliyinə, mədəniyyətinə dair Azərbaycan və rus dillərində kitablar, “Azərbaycanca-Özbəkcə, Özbəkcə-Azərbaycanca” lüğət, danışıq kitabları, dərsliklər, elektron nəşrlər, habelə Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilində nəşr edilmiş Azərbaycan klassiklərinin əsərləri, müasir Azərbaycan ədəbiyyatına dair nəşrlər də yer alıb.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə 2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar olaraq bu kolleksiyalara əsasən ulu öndər Heydər Əliyev, Azərbaycan dövlətçiliyi, Prezident İlham Əliyev, Heydər Əliyev Fondu, Azərbaycan tarixi kimi mövzuları əhatə edən müxtəlif nəşrlər daxil edilib. Bundan başqa, kolleksiyada dahi Azərbaycan şairi Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş “Xəmsə”si, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Əzizə Cəfərzadənin əsərləri, habelə Ermənistanın Azərbaycan ərazilərini işğalı, Xocalı soyqırımına dair kitablar, özbək müəllif Şuxrat Salamovun mövzulara aid özbək və rus dillərində nəşrləri də yer alıb.

Cari ilin 24 yanvar tarixində Azərbaycana dair zəngin kitab kolleksiyası Özbəkistanın regionlarındakı 14 mərkəzi kitabxanaya çatdırılması məqsədilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına təqdim olunub. Hədiyyə nəşrlərin Özbəkistan Milli Kitabxanasında sərgisi də keçirilib.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir