Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Azərbaycan və Almaniya  əməkdaşlığında yeni səhifə

Azərbaycan müstəqilliyini qazandıqdan sonra beynəlxalq təşkilatlara üzv olması, dünya ölkələri ilə  siyasi, iqtisadi, mədəni, humanitar, hərbi və s. sahələri əhatə edən münasibətləri  çoxşaxəli xarakter daşıyır və Azərbaycanın maraqlarının daha dolğun ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlərlə qarşılıqlı əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərir. Azərbaycanda siyasi və iqtisadi sahələrdə aparılan islahatlar, dünya ölkələri ilə qurdugu münasibətlər ölkəmizin nüfuzunun ildən-ilə artmasına səbəb olub. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaş olan Azərbaycan əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin mühüm qlobal enerji və kommunikasiya layihələrini reallaşdırmasi, tranzit ölkəyə cevrilməsi   bir cox dünya ölkələri ilə yanaşı, qloballaşan dünyanın mühüm siyasi mərkəzlərindən biri olan Almaniya ilə də əlaqələrin artmasına səbəb olub.

Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biri olan Almaniya əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilmiş ölkəmizlə əməkdaşlığın daha da dərinləşməsinə maraq göstərir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizlə Almaniya arasında diplomatik münasibətlər qurulmuşdur. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. Etibarlı tərəfdaş kimi münasibətlərin ildən-ilə inkişaf etdirilməsində dövlət başçılarının qarşılıqlı səfərləri önəmlidir.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri əlaqələrin davamlığının təzahürüdür. Səfər çərçivəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi haqqında fikir mübadiləsi aparılması onu göstərir ki, Azərbaycan və Almaniya əlaqələri yüksək inkişaf səviyyəsindədir. Ölkəmizin Avropanın enerji təminatının şaxələndirilməsində, TAP, TANAP kimi nəhəng enerji layihələrinin həyata keçirilməsində, eləcə də “Şərq tərəfdaşlığı” Proqramında mühüm rol oynaması əlbəttə ki, Almaniyanın ölkəmizə marağının artmasında rol oynayıb. Həm Almaniya, həm də Avropa İttifaqı üçün tərəfdaş olan Azərbaycan Almaniyanın və Avropa İttifaqının enerji təchizatı üçün böyük potensiala malik olan ölkəyə çevrilib. Prezidentimizin  bu səfəri zamanı  həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüş keçirməsi və ikitərəfli münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi əlbəttə ki,  dövlətlərarası münasibətlərə böyük töhfə verəcəkdir.

Səfər çərçivəsində bir çox məsələlər müzakirə olunub. 30-a yaxın almaniyalı iş adamı ilə Cənab Prezidentin görüşü əlaqələrin daha da möhkəmlənməsinə töhfəsini verəcəkdir. Görüşdə iqtisadi sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiyalar və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. “Bu görüşdə Azərbaycana, Azərbaycan iqtisadiyyatına, imkanlara Almaniya biznesi tərəfindən böyük diqqətin şahidi oldum. O cümlədən bərpaolunan enerji növlərinin birgə işlənməsi və istismarı istiqamətində çox gözəl imkanlar var, bu barədə də bu gün biz fikir mübadiləsi apardıq. Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir və artıq bir neçə kontrakt imzalanıb. Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəkdir.” Bu fikirləri Azərbaycan Prezidenti Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında dövlət başçımız çıxışı zamanı bildirib.

Keçirilən görüşlər zamanı Prezident İlham Əliyev dünyada baş verən qlobal proseslər barədə ətraflı söhbət açaraq bildirmişdir ki, Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi. “Biz, əslində, beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrəyik və yeni kreditlər götürməyi planlaşdırırıq. Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir.”

Vurğulayaq ki, Azərbaycan regionda geosiyasi potensiala malik olan bir dövlət kimi həm region, həm də bir sıra Avropa ölkələri üçün önəmli tərəfdaşdır.  Səfər çərçivəsində regional təhlükəsizlik məsələləri də müzakirə edilib. 30 ilə yaxın erməni işğalına məruz qalmış Azərbaycanın 20 faizə yaxın torpağı işğal altına düşdü. 44 günlük Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. “Ermənistanı məğlub etdik və məcbur etdik ki, Ermənistan bizim torpaqlarımızdan çıxsın. Beləliklə, 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı olmuşdur”, – deyən dövlətimizin başçısı bildirib ki, 2019-cu ildə Ermənistanın bugünkü baş naziri demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə” və bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi: “44 günlük Vətən müharibəsi zamanı biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Biz bu nida işarəsini 2020-ci il noyabrın 8-də Şuşada qoyduq”. İndi isə sülhün zamanının çatdığını bildirən Cənab Prezident Azərbaycanın Ermənistana 5 prinsip əsasında sülh müqaviləsini təklif etdiyini söyləyib: “Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır”.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü zamanı dövlət başçımız Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh yolu ilə həllinə töhfə vermək üçün əlimizdən gələni edəcəyimizi diqqətə catdırıb.  “Hesab edirəm ki, razılaşma əldə etmək üçün yaxşı şans var, xüsusən də ötən ilin oktyabrında Soçidəki görüşlərdən sonra Ermənistanın və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı bir zamanda. Bu sazişi gec-tez imzalamaq yaxşı fikirdir. Biz beynəlxalq hüquqa əsaslanan və bizim mövqeyimizə görə sülh sazişinin əsasını təşkil etməli olan beş prinsip işləyib hazırlamışıq”, – deyə Prezident bildirib.

Cənab Prezident Ermənistanın üçtərəfli Bəyanata əsasən, Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini də diqqətə çəkib. Laçın yolunun son nöqtəsində, Azərbaycan və Ermənistan sərhədində Azərbaycanın müvafiq sərhəd-keçid məntəqəsinin yaradılması ilə bağlı təklifi barədə məlumat verən dövlətimizin başçısı Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə region üçün yeni nəqliyyat dəhlizinin formalaşmasına imkan yaranacağını vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın hazırda öz ərazisində dəmir yollarının və avtomobil yollarının qurulması üzrə işləri sürətli şəkildə davam etdirdiyini bildirib.

Bir sözlə Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan–Almaniya strateji tərəfdaşlığının təzahürü olmaqla yanaşı, iki ölkə arasında münasibətlərdə yeni səhifə açır. Bu münasibətlər sözsüz ki, Azərbaycanın Avropa miqyasında önəmli yer tutmasını bir daha özündə ehtiva edir.

 

 

Şirincan MƏMMƏDLİ, “Tərəqqi” medalı təltifçisi

 

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir