Azərbaycanın ən yeni siyasi tarixində Ümummilli Lider Heydər Əliyevin rolu

1993-cü ildə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev xalqımız qarşısında əvəzsiz xidmətlər göstərərək Azərbaycanı olduqca mürəkkəb situasiyadan çıxardı. Məhz bundan sonra Azərbaycanın siyasi tarixində yeni bir mərhələ açıldı. Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində ölkəmizdə sabitlik təmin edildi və sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Ulu Öndər deyirdi ki, müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir: “Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir”.

Azərbaycanın ən yeni siyasi tarixində Ümummilli Lider Heydər Əliyevin xüsusi yeri var. Ulu Öndər Heydər Əliyev öz nüfuzu və iradəsi ilə ən mürəkkəb situasiyalarda dəqiq qərarlar çıxarmaq bacarığına malikdir. Demokratik cəmiyyətə keçid yolunu müəyyənləşdirərək ardıcıl siyasət yürüdən Ümummilli Lider Heydər Əliyevə görə müstəqillik naminə biz hər şeyə dözməliyik, müstəqillik naminə hər çətinliyə, hər əzab-əziyyətə dözməliyik: “Öz təcrübəmə və bir çox ölkələrin təcrübəsinə əsasən deyirəm ki, qazanılmış müstəqilliyin bir çox çətinlikləri, mürəkkəb halları dəf etdiyi, müxtəlif islahatların çətinliklə aparıldığı, xarici xarakterli çox çətinliklərin olduğu ölkələrdə nüfuzlu siyasi xadim gərəkdir. Elə bir adam gərəkdir ki, ona inansınlar, öz talelərini ona etibar edə bilsinlər”.

Əslində, bu görkəmli şəxsiyyət Azərbaycanda müstəqil dövlət formalaşdırmaq kimi tarixi vəzifəni böyük çətinliklər bahasına yerinə yetirib. Heydər Əliyev xalqımızın ümummilli lideri kimi siyasi hakimiyyətə gələrkən, ölkədə hərc-mərclik baş alıb gedirdi. O, mövcud olan vətəndaş müharibəsini və hakimiyyət böhranın qarşısını almaqla Azərbaycan tarixidə böyük iz buraxıb. Həmin zamanlar müxtəlif dövlətlərin ölkəmizə yönələn geostrateji maraqlarını uzlaşdırıb. Bununla da Azərbaycanda demokratik cəmiyyətin inkişafına təminat yaranıb. Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik təfəkkürü onun tarixi çıxışılarında daha aydın görünür: “Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir”.

Öz tarixi missiyanı uğurla icra etmiş Heydər Əliyev Azərbaycan xalqına yeni Azərbaycan bəxş edib. O, öz ideyalarının müdrikliyi ilə ümummilli lider kimi xalqımız qarşısında üzərinə düşən vəzifələri şərəf və ləyaqətlə yerinə yetirib. Ulu Öndərin ideya və fikirləri zəngin və qüdrətli Azərbaycana gedən yola daima işıq salır:      “Sovet İttifaqı dağılandan sonra Azərbaycan böyük çətinliklərdən keçərək öz müstəqilliyini əldə edibdir. İndi biz bu müstəqilliyi saxlamalıyıq, müstəqil Azərbaycanı yaşatmalıyıq, inkişaf etdirməliyik. Bu böyük tarixi vəzifəni, bu tarixi missiyanı hansısa xırda siyasətçilərin iddialarına, şıltaqlıqlarına, yaxud da ki, ayrı-ayrı hay-küylərinə biz qurban verə bilərikmi? Bu, heç vaxt ola bilməz!”

Müstəqillik əldə etdikdən sonra Azərbaycan diplomatiyasının qarşısında duran ən mühüm istiqamətlərdən və vəzifələrdən biri Ermənistanın təcavüzünün dəf edilməsi olub. Respublikamızın pozulmuş ərazi bütövlüyünün bərpa olunması və işğalçı ermənilərin ölkəmizin ərazisindən çıxarılması, Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq aləmin dəstəyinin qazanılması prioritet olub. Ulu Öndər Heydər Əliyev beynəlxalq münasibətlər sistemində Azərbaycan həqiqətlərinin carçısı olaraq Qarabağ məsələsini qabardıb. Nəticə də isə beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur. Ulu Öndər Heydər Əliyev bu istiqamətdə güclü diplomatik manevrlər edərək balanslaşdırılmış xarici siyasət strategiyası həyata keçirib. Və hər zaman da Azərbaycan xalqına ərazi bötüvlüymüzün bərpa olunacağı vədini verirdi. Xüsusən şəhid ailələri ilə görüşündə bu haqda böyük ümidlə danışırdı. 1999-cu ililin 26 fevralında Xocalının erməni işğalçılarından müdafiəsində iştirak etmiş, şəhid olmuş milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə “Qızıl ulduz” medalları, “Azərbaycan bayrağı” ordenlərini Prezident iqamətgahında təqdimetmə mərasimində çıxşından da belə vəd vermişdi: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur”.

Ulu Öndər Heydər Əliyevin beynəlxalq təşkilatların siyasi gündəliyinə çıxardığı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını artıq Qərb dairələri “dondurulmuş” olaraq təqdim edirdi. Lakin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində şücaət göstərərək ərazi bütövlüyümüzü bərpa etməklə bu işğal faktına soy qoydu. Bununla Prezident İlham Əliyev ata vəsiyyətini uğurla yerinə yetirmiş oldu.

 

 

Paşazadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

 

 

 

 

 

 

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir