Azərbaycanın dövlət müstəqilliyini qoruyan məhz Ulu Öndər Heydər Əliyev oldu

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev müdrik xalqımıza növbəti qələbənin sevincini yaşatdı.  Dövlət başçımız 3 rəngli bayrağımızı əzəli və əbədi torpaqlarımızda – Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi. Sübut etdi ki, Azərbaycan xalqı və onun qurduğu dövlət güclüdür, yenilməzdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.İlham Əliyev hakimiyyətə gəlişinin 20-ci ildönümündə Xankəndi, Ağdərə, Xocavənd, Xocalı və Əsgəranda üçrəngli bayrağı dalğalandırıb: “Dünən – 15 oktyabr tarixi bir gündür, Azərbaycan tarixində bir dönüm nöqtəsi oldu. 15 oktyabrda Azərbaycan torpaqları üzərində tam suverenliyini təmin edib. Bir zamanlar Qarabağdan Azərbaycanı təhdid edən erməni liderlər saxlanılaraq Bakıya həbsxanaya salınıb. Onlar artıq Azərbaycanın həbsxanasında çay içməkdədir.
Beləliklə, dövlət başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk mərhələsində qarşıya qoyulan strateji məqsəd və vəzifələr, habelə orta və uzunmüddətli dövr üçün inkişaf istiqamətlərinin uğurla həyata keçirilməsi gələcək fəaliyyətin dəqiq müəyyənləşdirilməsini, müxtəlif sahələr üzrə fəaliyyət proqramlarının hazırlanmasını, nəticədə isə həyatın bütün sahələrində tarixi göstəricilərin əldə olunmasını şərtləndirdi. 
Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyat və ordu olmalıdır.  Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər.  
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Xankəndində dövlət bayrağımızı dalğalandırmaqla Azərbaycan xalqının qalib ruhunun dönməzliyini, qadirliyini dünyaya bir daha bəyan etdi.
Yuxarıda qeyd edilənlər bir daha onu göstərir ki, son 20 il ərzində ölkəmiz uğurla inkişaf edib, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr yüksək səviyyədə həyata keçirilib. Sosial, hərbi sahələrdə, eləcə də Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan genişmiqyaslı bərpa-quruculuq layihələrinin reallaşdırılmasında isə iqtisadi potensial mühüm rol oynayıb. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Ötən iyirmi il ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır.  Son 20 il ərzində əldə edilmiş uğurlar göz qabağındadır.  Ölkəmizin iqtisadi inkişafı  dörd dəfədən çox artıb. Prezident İlham Əliyev ölkəyə rəhbərliyinin 20 ili ərzində fəaliyyətində “güclü iqtisadiyyat–güclü dövlət” prinsipinə əsaslanıb. Bunun üçün, ilk növbədə, iqtisadi strategiyanın imkanlarından maksimum yararlanıb.
İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan Dövlət başçısı qarşına bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Ötən iyirmi il ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır.
Ali Baş Komandan öncə Azərbaycanımızın gücünü artırmağa çalışmış, iqtisadi güc sayəsində ordu gücləndirmiş, işğal altındakı torpaqları diplomatik yol ilə azad etmək istəmişdi. Ancaq bu addımlar nəticə vermədiyi üçün ədaləti özü bərpa etdi. Qarabağda – Azərbaycanın torpaqlarında separatistlərin təxribatları səbəbindən Azərbaycan 19 sentyabrda antiterror tədbirləri həyata keçirib, bu təbirlər Azərbaycanın ordusunun nə qədər güclü olduğunu dünya sübut edib. Əsasən 44 günlük müharibə zamanı da Azərbaycan ordusu gücünü dünyaya sübut edib. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir.
Bizim Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir, deyən, cənab Prezident əlavə etdi ki, “Ulu öndərin 100 illiyini hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etmək bizim üçün böyük rəmzi məna daşıyır. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub.”
Azərbaycan xalqı bəşər tarixinə görkəmli dövlət xadimləri, qüdrətli sərkərdələr, istedadlı alimlər, məşhur sənətkarlar bəxş edib. Millətimizin adını uca edən, azərbaycanlı məfhumuna geniş məkanlarda hörmət gətirən böyük şəxsiyyətlər arasında ulu öndər Heydər Əliyevin müstəsna yeri var. Mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, xalqına təmənnasız xidmət etməklə əbədiyaşarlıq rəmzinə çevrilən ümummilli lider haqlı olaraq “Dünyanın ən böyük azərbaycanlısı” adlandırılır. Xalqın əsrlər boyu ən ülvi arzusu olan müstəqillik və azadlıq məramını gerçəyə çevirən, ona sosial rifah və sivil cəmiyyət bəxş edən, ölkəsinin beynəlxalq məkanda böyük nüfuzunu təmin edən insan həqiqətən də, ən ali həmvətənimiz, bütün zamanların əsl Azərbaycanlısıdır.
Ümummilli lider Heydər Əliyev müdrik dövlət xadimi, dahi siyasətçi olmaqla bərabər, həm də alovlu vətənpərvər idi. Azərbaycanımızın hər bir guşəsi, hər bir bölgəsi kimi Dağlıq Qarabağ da onun üçün əziz və doğma olmuşdur. Zaman-zaman Azərbaycan torpaqlarına göz dikən ermənilərin ötən əsrin ikinci yarısında fəallaşmalarının qarşısı məhz ulu öndərin qətiyyəti sayəsində alınmışdı. Hələ Dövlət Təhlükəsizlik Komitəsinin sədri olarkən erməni millətçilərinin hərəkətlərinin qarşısını dəfələrlə qətiyyətlə alan Heydər Əliyev 1967-ci ilin iyun ayında Xankəndidə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb edən vərəqələri yayanların və bu işlərin təşkilatçılarının tutulub cəzalandırılmalarına nail olmuşdu. Dağlıq Qarabağda yaşayan azərbaycanlılar 1967-ci ildən başlayaraq ulu öndərin xilaskar fəaliyyətinin şahidi olmuş, onun vətənpərvərliyini, millətsevərliyini daha yaxından hiss etmişlər.
1969-cu ilin iyulun 14-də Azərbaycan KP MK-nın plenumunda birinci katib seçilən Heydər Əliyev Dağlıq Qarabağa münasibətində öz prinsipiallığı və milli dəyərlərə köklənmiş iş üslubu ilə sübut etdi ki, Azərbaycana əsl milli lider rəhbərlik edəcəkdir. Keçmiş vilayətdə yaşayan azərbaycanlıların öz aralarında bir-birinə göz aydınlığı verməsi, nəhayət öz hüquqlarından sərbəst istifadə edəcəklərini böyük sevinclə qeyd etmələri yəqin ki, çoxlarının yadındadır. 70-ci illərdə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında böyük bir dirçəliş yaradan Heydər Əliyev son dərəcə barışmaz mövqe və ardıcıl siyasətlə Dağlıq Qarabağda erməni millətçiliyinə və daşnak xislətinə sipər çəkdi. Qəti və prinsipial mövqe bildirərək vilayət partiya komitəsində ermənilərin də iştirak etdiyi toplantıda “Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır, kim burada yaşamaq istəmirsə çıxıb gedə bilər” bəyanatını verdi. Moskvadakı yüksək dairələrin təzyiqinə baxmayaraq muxtar vilayət millətçi cinayətkar ünsürlərdən təmizləndi. Vilayətin partiya, sovet, hüquq-mühafizə, o cümlədən, dövlət təhlükəsizlik orqanlarında köklü dəyişikliklər edildi. Separatçılar və onların ideoloqları vilayətdən qovuldular. Vilayətdə yaşayan azərbaycanlılar isə yeni bir həyata qədəm qoydular. Mübaliğəsiz demək olar ki, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar məhz Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra özlərini yaşadıqları dədə-baba yurdunun əsl sahibi kimi hiss etməyə başladılar. Onlar sözün həqiqi mənasında vətəndaşlıq hüquqları əldə etdilər. Orta və yaşlı nəslin yaxşı yadındadır ki, ulu öndərimizin hakimiyyətə gəlişinin ilk illərindən başlayaraq bütün azərbaycanlılar yaşayan kəndlər abadlaşmağa, yeni və yaraşıqlı evlər tikilməyə, sosial infrastruktur qurulmağa başlandı. Vilayətin mənəvi-siyasi iqliminin dəyişməsi real həqiqət kimi hər kəsin ovqatına hakim kəsilmişdi.
Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Azərbaycan KP MK-nın və Nazirlər Sovetinin 280 və 360 nömrəli qərarları qəbul olundu və Şuşa şəhəri çox sürətlə inkişaf etməyə başladı. Bu qərarlardan biri Şuşanın kurort şəhəri kimi kompleks şəkildə inkişafı haqqında, ikinci isə Şuşanın “qoruq şəhər” elan edilməsi barədə idi. Az bir vaxtda şəhər əhalisinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədi ilə Turşsu xətti Şırlandan Şuşaya gətirildi, iki sanatoriya binası, 600 yerlik sanatoriya yeməkxanası, 210 yerlik turist bazası, 1176 yerlik xüsusi internat məktəb, radiozavodun filialı, toxuculuq kombinatı, minlərlə kvadratmetr mənzil sahəsi tikildi. Qeyd etmək lazımdır ki, bu kimi abadlıq-quruculuq işləri Dağlıq Qarabağın bütün yaşayış məntəqələrində aparılırdı. Xüsusi ilə uzun illər diqqətdən kənarda qalan azərbaycanlılar yaşayan kəndlər inkişaf etməyə başlayır, əhalinin güzəranı günbəgün yaxşılaşırdı. Birmənalı olaraq qeyd etmək lazımdır ki, 70-ci ildən başlayaraq Dağlıq Qarabağda milli ruhun yüksəldilməsi vüsət aldı.
Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı. Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar, həm sovet dövründə, həm müstəqillik dövründə. Xüsusilə AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində bütün bu boyda ərazi işğal altına düşdü, sonra da qorxaqcasına öz vəzifələrini guya donduraraq kənara çəkildilər.
Azərbaycanın dövlət müstəqilliyini qoruyan məhz Ulu Öndər Heydər Əliyev oldu. Ulu Öndər Heydər Əliyevin dühası, onun siması, Heydər Əliyev amili Azərbaycan xalqının yardımına yetişdi və biz haqlı olaraq Ulu Öndəri Xilaskar adlandırırıq.
Biz istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik.

Məlahət İbrahimova,
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın üzvü

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir