Azərbaycan XİN-dən Paşinyanın iddialarına cavab

“Zəngəzur dəhlizi ilə bağlı Ermənistan Baş nazirinin üçtərəfli bəyanatın məlum müddəasının tamamilə yalnış təfsirinə və əsassız iddialarına gəldikdə qeyd edirik ki, Zəngəzur dəhlizi dedikdə Azərbaycan və ölkəmizin Naxçıvan Muxtar Respublikası arasında məhz tarixi əlaqənin bərpasından söhbət gedir və bu, sözügedən dəhlizin sülh və humanitar məqsədlər üçün istifadəsini nəzərdə tutur”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan Baş naziri N.Paşinyanın noyabrın 10-da hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində bildirib.

“Üçtərəfli bəyanata görə Ermənistanın Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz əlaqəni açmaq öhdəliyi var. Burada söhbət eynilə Laçın dəhlizində olduğu kimi yolun hərbi deyil, yalnız insanlar, yük və nəqliyyat üçün istifadəsindən gedir. Bu əlaqənin təmin olunmasının iqtisadi və kommunikasiya baxımından əhəmiyyəti ilə yanaşı, onun humanitar əhəmiyyəti, bölgədə ənənəvi coğrafi əlaqənin bərpa olunması, beləliklə də bölgədə dayanıqlı sülhün təmin olunması üçün əhəmiyyəti danılmazdır”, – A.Hacızadə qeyd edib.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir