Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Azərbaycana daha 10 zubr gətirilib

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində noyabrın 22-də Azərbaycana daha 10 zubr gətirilib.

Bu barədə AZƏRTAC-a IDEA İctimai Birliyindən məlumat verilib.

Qeyd edilməlidir ki, zubrların Azərbaycanın təbiətinə qaytarılması üzrə həmin layihəyə 2019-cu ildə start verilib. IDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, nəsli kəsilmiş bizonların bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması, digər növ vəhşi heyvanların elmi məqsədlərlə artırılması üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində 305 hektar sahə ayrılıb, ərazidə zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib. 2019-cu ilin may ayından etibarən Almaniya, Belçika, Hollandiya zooparklarından Azərbaycana 26 baş bizon gətirilib, onların sayı təbii şəkildə artaraq 31-ə çatıb.

Almaniyanın “Tierpark Berlin” zooloji parkından gətirilən daha 10 zubrla birlikdə hazırda Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində zubrların sayı 41-dir. Yeni gətirilən zubrlar bir müddət volyer şəraitində saxlanacaq, adaptasiya dövrünü keçdikdən sonra Şahdağ Milli Parkının ərazisinə buraxılacaq.

Layihənin 2028-ci ilə qədər davam etdirilməsi və zubrların sayının 100 başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, zubrlar vaxtilə Avrasiyada çox geniş arealda yayılsa da, ötən əsrin əvvəllərində vəhşi təbiətdə nəsli, demək olar ki, kəsilib. Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülüb. Hazırda dünyada mövcud olan zubrların böyük əksəriyyəti zooparklarda artırılıb və bu yolla növün bərpasına yönəlmiş səylər davam edir.

Zubrların Azərbaycanda biomüxtəlifliyinin daha da zənginləşdirilməsi və meşə ekosistemlərinin inkişafında potensial rolunu nəzərə alaraq, layihənin təşkilatçıları Azərbaycanın şimal bölgələrində yaşayan əhalini və ümumiyyətlə bütöv ölkə ictimaiyyətini Qafqaz zubrlarının təbiətimizə qaytarılması, onların mühafizəsi və qanunsuz ovlanmasının qarşısının alınması işində dəstək olmağa çağırır.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir