Azad edilmiş ərazilərdə ekoturistik standartların oturuşması vacibdir

Qarabağda ekoturizmin inkişafı üçün minalar təmizlənməli, bioresurslar qorunmalıdır. Bununla bağlı müvafiq qurum və ictimai birliklər yerli icmalarla birbaşa maarifləndirici və təşəbbüskar layihələr reallaşdıra bilərlər.      

Azərbaycanda, xüsusən də işğaldan azad edilmiş ərazilərimizdə ekoturizm potensialının reallaşdırılması həmin ərazilərin iqtisadi reinteqrasiyası baxımından mühüm rol oynayır. Bu baxımdan bir neçə nüansı incələmə məqsədəuyğun olardı. 

Ekoturizm nədir?

Ekoloji turizm və ya ekoturizm ətraf mühitə qayğı ilə yanaşmağı təlqin edən, eyni zamanda təbiətdən zövq almağı aşılayan turizm növü hesab edilir. Ekoturizm bir müstəqil turizm istiqaməti kimi BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Turizm Təşkilatı tərəfindən müəyyən edilib. Ekoturizm məqsədyönlü şəkildə təbii ərazilərə ətraf mühitin və yerli təbiətin vəziyyəti ilə daha da dərindən maraqlanmaq, bu sahədə problemlərin və tendensiyaların daha dərindən öyrənilməsi və dərk edilməsi məqsədilə təbiətlə birbaa təmasda olmaqdır. Belə səyahətlər zamanı ekosistemin bütövlüyü qorunmalı, flora və faunaya, təbii resurslara qayğı ilə yanaşılmalıdır. Bundan əlavə, ekosistemin qorunması həm də yerli əhaliyə sərf edəcək şəkildə həyata keçirilməlidir. Ekoturizm standartlarına düzgün əməl edilərsə, həm təbiətin qorunmasına və çiçəklənməsinə, flora və faunanın təbii artımına, həm də təbiətin daha təmiz olmasına münbit zəmin yaradır. Ekoturizm turizm fəaliyyətinin təbiətdən başqa, həm də yerli əhali ilə qarşılıqlı əlaqəni təmin edir. Ekoturizm turizmin digər növləri ilə müqayisədə, daha az antropoloji təsirə məruz qalmış təbii ərazilərdə həyata keçirilir. Ekoturizm ətraf mühitin aşınmasına və onun keyfiyyətinin aşağı düşməsinə, bitki, su resursları və heyvan növlərinin tükənməsinə imkan verməməli, buna şərait yaratmamalıdır. Ona görə də bütün bunlara nail olmaq üçün ekoturizm standartlarına cidd-cəhdlə əməl edilməsi vacibdir. Bu iş etibar və bacarıqla həyata keçirilməlidir. Ekoturizmin daha bir məqsədi də yerli əhalinin təbiətdən zövq almasına şərait yaratmaqdır. Bu, təbiətə xoşməramlı və dostca edilən səyahətdir, səyahətin məqsədi isə yerli təbiət və adət-ənənələrlə tanış olmaq, eyni zamanda, bundan zövq alamaqdır.  O cümlədən, azad edilmiş ərazilərimizin ekoturistik potensialı bu baxımdan ekoturistlərə, həmçinin yerli əhaliyə çox şeylər vəd edir.

 Azad edilmiş ərazilərin ekoturistik potensialı

İşğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir. Azad edilmiş ərazilərimizə əhalinin kütləvi qayıdışı, orada yaşayış məntəqələrinin, müasir infrastrukturun yaradılması Qarabağı cəmiyyətimizə yenidən qazandırmış oldu. Bununla belə, bu ərazilərin kütləvi məskunlaşması, eyni zamanda, Qarabağa artan beynəlxalq maraq, xarici turistlərin səyahət həvəsi bölgədə turizm, xüsusən də ekoturizm standartlarının oturuşmasını aktuallaşdırır. Həmin ərazilərdə, xüsusən, su hövzələrinin təmiz saxlanması və qorunması, sulardakı biomüxtəlifliyin tükənməsinin qarşısının alınması hər bir cəmiyyət üzvünün konstitusion vəzifələrindəndir. Son zamanlar bu məsələ xeyli dərəcədə aktuallaşıb. Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunmasına, sulardakı biomüxtəlifliyin qorunmasına, Qarabağdakı su resurslarına nəzarətin bərpa olunmasına, təbiətin gözəlliyinin və ətraf mühitin təmizliyinin saxlanmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaq hər birimizin borcudur. Bu barədə fikirlərini öyrəndiyimiz ekspert Əliheydər Məmmədovun fikrincə, azad edilmiş ərazilərdə su resurslarının qorunması oranın ekoturizm imkanlarının qorunub saxlanılması və artırılmasında mühüm rol oynayır: “Hazırda ölkəmizdə turizm, eləcə də ekoturizm üzrə böyük işlər görülür. Amma təəssüf ki, bu sahədə bir çox ölkələrdən geri qalırıq. Xüsusən də ekoturizm sahəsində vəziyyət belədir. Hər halda, bu, əsasən, yolların bağlı olması ilə əlaqədardır. Quru yollar bağlı olduğu üçün turistlər ucuz qiymətə Gürcüstana gəlir və Gürcüstanın bir çox dövlət qoruqları öz ərazisinə onları buraxır. Gələn ekoturistlər Gürcüstanın milli parklarında və bir çox təbiət mənzərələri olan yerlərdə, landşaftlarda istirahət etmək imkanı qazanırlar”. Ekspertin fikrincə, ekoturizmə aid olan ən vacib şeylərdən biri çadır düşərgəcikləridir. Dünyanın hər yerində milli parklarda, şəlalənin kənarında, meşənin,çayın kənarında çadır düşərgəcikləri qurulur. Bu çadır düşərgəciklərində ekoturist cibinə uyğun istirahət edir. Məsələn, şəlalənin, küləyin səsini dinləmək, buludlara, səmaya, biomüxtəlifliyə baxmaq, piyada cığırla 1 neçə km dağa çıxıb-düşmək onun xoşuna gəlir”. Ekspertin fikrincə, ekoturistlər üçün çadır düşərşələrinn qurulması imkanları çoxaldılmalıdır. Bu iş isə həm də azad olunmuş ərazilərimizdə mina təhlükəsinin aradan qaldırılmasından sonra reallaşa bilər. Bundan başqa, qeyd olunduğu kimi, həmin ərazilərdə təbiətin, su hövzələrinin qorunması da önəm kəsb edir. Bu barədə müvafiq qurumlar, ictyimai birliklər və yerli əhali ilə birgə işləməlidir.

Ekspert düşünür ki, azad olunmuş ərazilərdə ən çox qorunmalı olan su hövzəsi Araz və Kəlbəcərdən axan Tərtər çayıdır. Tərtər çayının ətrafı, təbiəti çox unikaldır, suyu digər çayların suyundan mineral cəhətdən, gətirdiyi təbii qazıntıların qalıqları da fərqlidir.Tərtər çayının qorunması üçün çox geniş tədbirlər görülməlidir. Hazırda su qıtlığı ilə əlaqədar bütün dünyada həyəcan təbili çalınır və biz də buna qoşuluruq”.

 Hansı tədbirlər görülə bilər?

Həmin su resurslarından düzgün istifadə, eləcə də onlardakı bioresursların qorunması, brakonyerlik hallarına qarşı ən sərt tədbirlərin həyata keçirilməsi günün tələbidir. Bu iş əhalinin təbiət və hüquqi məsuliyyət baxımından maarifləndirilməsi ilə birgə həyata keçirilməlidir. Lazım gələrsə, bu barədə sosial və internet mediada sosial reklam çarxlarının hazırlanıb yayılması həyata keçirilə bilər. Müvafiq qurumlar və ictimai birliklər yerli icmalarla birbaşa maarifləndirici və təşəbbüskar aksiyalar, layihələr reallaşdıra bilərlər.

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçivəsində hazırlanıb. Müəllifin və ya müsahibin mövqeyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyi uyğun olmaya bilər.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir