Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Azad edilmiş ərazilərdə günəş panelləri, SES enerjisi və ⁠elektromobillərdən istifadə genişləndirilməlidir

Ekspert Cəfər Qara: “Tullantılar üçün yaxın ərazilərdə müasir poliqonların yaradılması, istehsal və məişət tullantılarının utilizasiyasının aparılması vacib məsələlərdən biridir”

İşğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir. Azad edilmiş ərazilərimizə əhalinin kütləvi qayıdışı, orada yaşayış məntəqələrinin, müasir infrastrukturun yaradılması Qarabağı cəmiyyətimizə yenidən qazandırmış oldu. Bununla belə, bu ərazilərin kütləvi məskunlaşması, eyni zamanda, Qarabağa artan beynəlxalq maraq, xarici turistlərin səyahət həvəsi bölgədə turizm, xüsusən də ekoturizm standartlarının oturuşmasını aktuallaşdırır.

Həmin bölgədə ekoturistik ərazilərin təmiz saxlanması, tullantılarla çirkləndirilməməsi ilə bağlı məqam isə xeyli aktualdır.

Mövzu ilə bağlı ekspertlərin fikir və təklifləri cəmiyyətimiz üçün maraq kəsb edir.

Bu dəfə isə mövzu ilə bağlı müsahibimiz turizm üzrə ekspert Cəfər Qaradır. Ekspertin fikrincə, işğaldan azad olunmuş ərazilər hələ tam olaraq minalardan təmizlənmədiyinə görə, ekoturistik potensial tam gerçəkləşdirilə bilməz: “Mina təhlükəsi, mina basdırılmış ərazilər həm də ekoturistik ərazilərin çirklənməsi, torpağın çirklənməsi deməkdir. Həmin ərazilərdə gəzə, onların gözəlliklərindən, ekoturistik imkanlarından zövq ala bilmirik. Eyni zamanda, mina təhlükəsi olan əraziləri əkmək də olmur, orada infrastruktur qurmaq da mümkün deyil. Bu, ekoturistik potensialın reallaşmasında birinci maneədir. Başqa bir məsələ isə yerli turistlərin, əhalinin ekoturistik məkanlara səyahəti ilə əlaqədar baş verən çirklənmədir. O günlərdə gördüm ki, Şuşa-Xankəndi yolunda bulağın ətrafı çirkləndirilib. İnsanlar tullantıları ora yığıblar. Bu isə təbii ki qəbuledilməz haldır. Çünki qanla alınmış torpaqları tullantılarla çirkləndirmək olmaz. Məlumdur ki, hər adam və ya turizm obyektinin sahibi də da orada zibil qutusu, nişanlar, məlumatlandırıcı lövhələr qoya bilmir. Bakı və ya hər hansı başqa rayon olsaydı, ekologiya və təbii sərvətlər nazirinin qarşısında bu məsələni qaldırıb, problemi daha rahat həll etmək olardı. Azad olunmuş ərazilərimiz  genişdir, hər adam ora girib-çıxa bilmir. Bilirik ki, giriş üçün portal vasitəsilə icazə lazımdır. Yəqin ki bu məsələ mərhələli şəkildə həllini tapacaq. Oranın faunası, florası, ekoturistik potensialı, yeraltı və yerüstü sərvətləri COP29-un Azərbaycanda keçirilməsi çərçivəsində də diqqətə götürülməlidir. Bundan əlavə, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində də bu məsələlərə diqqət yetirməyə dəyər. Ümumiyyətlə isə ölkənin, o cümlədən, azad edilmiş ərazilərin ekoloji sferası, ekoturistik potensialının qorunması kampaniya xarakteri daşımamalıdır, bu məsələdə cəmiyyətimizin hər bir üzvü daim öz üzərinə düşəni yerinə yetirməli, konstitusion vəzifələrinə sadiqliyini göstərməlidir”.

Bəs azad olunmuş ərazilərimizdə ekoturistik potensialımızın gerçəkləşməsində, ekoturistik standartların oturuşmasında daha hansı işlərin görülməsinə ehtiyac var? Ekspert bu barədə bir sıra məsələləri önə çəkdi: “Öncə qeyd edim ki, mövcud milli parkların ərazisini genişləndirmək və mühafizəsini gücləndirmək lazımdır. Bundan başqa, ərazilərin minadan təmizlənməsinin ardınca ⁠yeni ekoloji qoruq və milli parkların yaradılması ağlabatandır. Həmçinin, orada günəş panellərindən və SES enerjisindən, eləcə də ⁠elektromobillərdən istifadə genişləndirilməlidir. Tullantılar üçün yaxın ərazilərdə müasir poliqonların yaradılması, istehsal və məişət tullantılarının utilizasiyasının aparılması vacib məsələlərdən biridir. Daha sonra, müvafiq qurum və ictimai birliklər, eləcə də ekoturistik təşkilatlar tərəfindən “Təmiz Qarabağ”, “Ekoturistik Qarabağ” və s. layihələr həyata keçirmək mümkündür. Minalardan təmizlənmiş ərazilərin təkrar təyinatına uyğun istifadəsini də reallaşdırmaq lazımdır. ⁠Mineral  bulaqların və suların potensialından səmərəli istifadə etmək lazmdır. Bununla yanaşı, həmin ərazilərdə turizm infrastrukturunu mütəmadi gücləndirmək lazımdır. Müasir sanatoriya və SPA-ların yaradılması da bu qəbildəndir. Təbiətin bizə bəxş etdiyi göl və çaylardan balıqların artırılmasında, faunanın təbii artımında səmərəli istifadə etmək lazımdır. Ovçuluq və balıqçılıqda sərt qayda və qadağalar tətbiq edilməlidir. Eyni zamanda, bununla paralel olaraq bu sahədə turistlərin, həvəskar ovçu və balıqçıların, yerli icmaların mütəmadi olaraq müxtəlif vasitələrlə maarifləndirilməsi, məlumatlandırılması həyata keçirilməlidir.  “Yaşıl kənd” , “Ağıllı kənd” layihələrinin icrası, effektli və davamlı ⁠ekoturizm marşutlarının hazırlanması, ⁠maarifləndirici yol nişanlarının qoyulması da məqsədəuyğun olardı. Qeyd etdiklərimdən əlavə, ⁠kütlə toplaşan yerlərə tullantılar üçün qabların quraşdırılması, ⁠ekologiyanı daha çox mühafizə edən və dəstəkləyən otel və kotteclərin yaradılması çox yaxşı olardı”.

Ekspertin fikrincə, COP29 ərəfəsində daha çox yaşıllaşdırma işlərinin aparılması, meşələrin, parkların salınması, ⁠çay və göllərin təmizlənməsi, ⁠yağış sularından əkin və digər təyinatlar üzrə anbarların qurulması da həyata keçirilə bilər.

Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə (layihə adı qeyd edilə bilər) çərçivəsində hazırlanmışdır. Bu məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir