Ekofəal Məhsəti Hüseynova: “Qarabağda ermənilərin ekologiya və ekoturizmə vurduqları zərər turistlərə daha çox göstərilməli, bununla bağlı faktlar yayılmalıdır”
İşğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir. Azad edilmiş ərazilərimizə əhalinin kütləvi qayıdışı, orada yaşayış məntəqələrinin, müasir infrastrukturun yaradılması Qarabağı cəmiyyətimizə yenidən qazandırmış oldu. Bununla belə, bu ərazilərin kütləvi məskunlaşması, eyni zamanda, Qarabağa artan beynəlxalq maraq, xarici turistlərin səyahət həvəsi bölgədə turizm, xüsusən də ekoturizm standartlarının oturuşmasını aktuallaşdırır.
Mövzu ilə bağlı ekspertlərin, elm adamlarının fikir və təklifləri cəmiyyətimiz üçün maraq kəsb edir.
Bu dəfə isə mövzu ilə bağlı müsahibimiz ekofəal və ictimai fəal, QHT nümayəndəsi Məhsəti Hüseynovadır.
– Azərbaycanda ətraf mühitin qorunması və iqlim dəyişikliklərinin təsirlərinin aradan qaldırılması ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilir. Bu, eyni zamanda, insanlarımızın təbiətlə ünsiyyətində, azad olunmuş ərazilərin reinteqrasiyası prosesində də aktual məsələdir. Fikirlərinizi bilmək istərdik.
– Ümumiyyətlə, ölkəmizdə, həmçinin azad olunmuş ərazilərdə artıq yaşıl enerji sektorunun inkişafı ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Xüsusilə də, COP29-un – BMT-nin ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə bağlı konvensiyasının bu il Azərbaycanda keçirilməsi və eləcə də ötən il COP28-də Azərbaycanın ilk dəfə öz pavilyonu ilə çıxış etməsi vasitəsilə Qarabağda, azad olunmuş ərazilərdə yaşıl enerji sektorunun inkişafı, orada aparılan işlərlə bağlı məlumatlandırma daha geniş səviyyədə aparılır. Həmin bölgə, Ağdamda görüşdə olan Cənab Prezidentimizin bildirdiyi kimi, başdan-başa yaşıl enerji zonası olacaq. Xüsusilə də burada bərpa olunan enerji istehsalını, bu siyasətin uğurla həyata keçirilməsini göstərdikdə, Azərbaycanda sosial-iqtisadi inkişafla yanaşı, təmiz ətraf mühitin və yaşıl artımın ön plana çəkilməsi qeyd edilməlidir. Bu məsələ “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də parlaq şəkildə əksini tapır. Bildiyimiz kimi, 5-ci Milli Prioritet məhz yaşıl artım və təmiz ətraf mühitlə əlaqədardır. Bununla yanaşı, artıq 2020-ci ildən Azərbaycanda bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq və onlarla bağlanılan müqavilələr bərpa olunan enerji ilə bağlıdır. Bir çox pilot layihələr artıq həyata keçirilir ki, bunlardan Səudiyyə Ərəbistanı Krallığının şirkəti “AQWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə bağlanan sazişləri misal çəkmək olar. Burada Azərbaycanda bərpa olunan enerji ilə yanaşı, külək elektrik stansiyaları layihələrinin də tikilməsi, istifadəyə verilməsi nəzərdə tutulur ki, bu da Azərbaycanda, o cümlədən işğaldan azad olunan ərazilərdə daha intensiv şəkildə həyata keçiriləcək. Artıq bu sahədə bir sıra işlər görülməkdədir.
– Bu baxımdan, Qarabağda ekoturizmin inkişafı, bu sahədə standartların oturuşması ilə bağlı hansı işlər görülməlidir?
– Eyni zamanda, Qarabağda ekoturizmin inkişafı ilə bağlı bir çox işlər aparılır. Bu istiqamətdə turizmin inkişafı strategiyasının hazırlanması vacib məsələdir. Bu sahədə turizm məhsullarının hazırlanması, turizm infrastrukturunun qurulması, və turistlərin təhlükəsizliyinin təmin olunması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. Azad edilmiş ərazilərə əhalinin qayıdışı artıq mərhələli şəkildə həyata keçirilir və demək olar ki, əhalinin geri qayıtdığı və infrastrukturun bərpa olunduğu yerlərdə artıq turizm daha da inkişaf etmyə başlayır. Orada ekoturlar müəyyən rayonlar üzrə artıq həyata keçirilir. Şuşa və digər işğaldan azad olunmuş ərazilərdə, xüsusilə də Ağdam və Füzuli bölgələrində ermənilərin ekoturizmə, ekologiyaya vurduqları zərəri turistlərə daha çox göstəriləcək ki, işğal altında olan zaman ətraf mühitimizə nə qədər zərər dəymişdir. Şuşa ilə bağlı təqdimatlarda göstəriləcək ki, Şuşa daha çox tarixi, sağlamlıq və mədəni turizmin mərkəzi kimi tanınıb, hətta, sovet dövründə orada bir çox turlar həyata keçirilirdi və turizm üçün daha aktiv hesab olunurdu. O dövrdəki pansionatlar və istirahət evlərinin olması, sağlamlıq, xüsusilə mədə-bağırsaq xəstəliklərinin müalicəsi üzrə ixtisaslaşmış Turşsunun imkanları və potensialı hər zaman turistlərin marağını cəlb etdiyinə görə bundan sonra da bu istiqamətdə bir çox işlər aparılmalı, ekoturistik hazırlıqlar olmalıdır.
– Bu baxımdan daha hansı işlərin həyata keçirilməsinə ehtiyac var?
– Bundan başqa, tarixi-mədəni abidələr də hər zaman turistlərin diqqət mərkəzində olan məkanlar sırasındadır. Bunlara da diqqət ayrılacağı göstərilmişdir.COP28-lə bağlı bir məqamı da qeyd etmək istərdim ki,COP28-də,Azərbaycan pavilionunda,Qarabağda yaşıllaşmanı təmin etmək məqsədi ilə Azərbaycan pavilionunda hərəyə bir ağac əkək bölməsi kimi qeyd olunmuşdur.Burada daha çox turistlər paviliondakı ağac ək bölməsinə daxil olaraq,Ermənistanın işğalı zamanı dağıdılmış ekoloji tarazlığı bərpa etmək üçün Azərbaycanın xüsusən Qarabağda keçirilən ağac əkmə təşəbbüslərini təqdim edirdilər.Demək olar ki,pavilionu ziyarət edən hərbir ziyarətçi planşet vasitəsilə rəqəmsal olaraq ərazini görürdü və bu ərazini ərizə təqdim edərək öz ağac əkmə təşəbbüsünə qoşulurdu.Burada da daha çox şam və zeytun ağaclarının əkilməsi həyata keçirilirdi.Daha çox bu ağaclar Qarabağ bölgəsində Füzuli şəhəri əsas götürülmüşdür.Bu da əsas məsələlərdən biri idi ki,ən azından işğal olunmuş ərazidə təbiətimizə qarşı törədilən cinayətləri birbaşa olaraq dünyaya çatdırmaq üçün önəmli addımlardan biridir.Xüsusilə də bu il bizim Azərbaycan,eləcə də dünya üçün önəmli olan iqlim dəyişikliyi üzrə COP29 keçirildikdə də artıq turistlərin Azərbaycana gəlişi zamanı müəyyən turların işğaldan azad olmuş ərazilərə də təşkil olunacağı qarşıdakı planlarda göstərilir.Digər bir məqam vardır ki,Azərbaycanda istilik efekti yaradan qazların emissiyasınınn azaldılması haqqında da müəyyən sərəncamlar imzalanıb ki,bu da 2030-a qədər ilk yaxın planları qeyd ediblər ki,burada artıq 35%-ə qədər azaldılması nəzərdə tutulub.2050-ci ildə isə 40%-ə qədər çatdırılacağı göstərilmişdir.Bu da birbaşa olaraq Azərbaycanın Yaşıl Enerji siyasətində atdığı addımlardan hesab oluna bilər. Digər bir məqam isə COP28-də də istər su ehtiyyatlarının düzgün istifadəsi və dünyada şirin su ehtiyyatının azalması və eyni zamanda da su israfı ilə bağlı müəyyən çıxışlar olmuşdur. Azərbaycanın su mənbələri birbaşa olaraq transsərhəd ölkələrdən qaynaqlandığı üçün hər zaman risk mənbəyidir. Bir çox çaylarımız vardır ki, bunlar birbaşa olaraq qonşu Ermənistan ərazisindən keçdiyinə görə 30 il ərzində bilərəkdən həmin çayların çirkləndirilməsi və ətrafda yaxın olan yataqlarda daha çox tullantıların bu çaylara axıdılması, oranın biomüxtəlifliyinin məhv olmasına səbəb olması, eləcə də bu çaylar vasitəsilə axıdılan tullantıların Azərbaycan ərazisinə gələrək yaxında yaşayan insanların müəyyən xəstəliklərə tutulmasında da rol oynayır. Bu da əsas məsələlərdən biridir. Hər bir insanda mütləq şəkildə su israfının qarşısını almaq üçün sudan düzgün istifadənin təmin olunması və bununla yanaşı, kənd təsərrüfatı üçün olan suvarmada daha çox damla suvarmanın, pivot suvarmanın həyata keçirilməsi belə, artıq su israfının qarşısının alınmasında böyük rol oynayır. Bu da əsas mövzulardan idi, hansı ki, COP28-də bununla bağlı çıxışlarım olub.
– Qarabağda ətraf mühitin qorunması və ekoturizm standartlarına əməl edilməsi ilə bağlı hansı təşəbbüsləriniz olub?
– 2022-ci ilin dekabrında Qarabağda, Laçın-Xankəndi yolunda Ermənistana qarşı ekoloji aksiyada Ermənistanın mis-qızıl, molibden yataqlarından qanunsuz istifadəsi və tullantıların ətraf mühitə atılması, ətraf mühitin korlanmasına qarşı etiraz edən ekofəallardan biriyəm. Məqsədimizə nail olmaq üçün uzun müddət bu aksiyanın keçirilməsində iştirak etdik. Biz birbaşa olaraq ətraf mühitin, ekologiyamızın qorunması və eyni zamanda da tullantıların düzgün idarə olunması, Azərbaycan və dünya üçün də plastik qablar, digər tullantıların çeşidlənməsi ilə bağlı layihələr həyata keçiririk ki, bunlar da birmənalı olaraq hər kəsin sağlamlığına təsir edən əsas amillərdən biridir. Qarabağda təhlükəsizlik tədbirləri tam icra ediləndən və minalar tam təmizlənəndən sonra ekoturistik fəaliyyətin genişləndirilməsi məqsədəuyğun olardı. Bunun üçün ekoturistik strategiya reallaşdırılmalıdır. Müvafiq qurumların bununla bağlı fəaliyyətinin gücləndirilməsinin tərəfdarıyam.
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçivəsində hazırlanıb. Müəllifin və ya müsahibin mövqeyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyi uyğun olmaya bilər.