“Azərbaycan Hava Yolları” QSC (AZAL) “A320neo” və “A321neo” laynerləri daxil olmaqla “A320neo” ailəsinə aid 12 “Airbus” təyyarəsi üçün sifariş verib.
Bu gün Bakıda alqı-satqı müqaviləsinin imzalanması mərasimi keçirilib.
Yeni təyyarələr aviaşirkətin səmərəliliyini və rəqabət qabiliyyətini artırmağa və parkda olan bütün hava gəmilərində sərnişinlərin yüksək səviyyədə rahatlığını təmin etməyə imkan verir. Bu amillər müasir və qənaətcil təyyarələrin istismarına yönəlmiş AZAL-ın donanmasının yenilənməsi strategiyasının bir hissəsidir. Mühərriklərin seçimi aviaşirkət tərəfindən daha sonrakı mərhələdə baş tutacaq.
“Biz donanmamızın modernləşdirilməsi proqramı üzrə “Airbus” ilə qarşılıqlı faydalı əməkdaşlığımızı davam etdirməkdən məmnunuq və ikitərəfli tərəfdaşlığımızı gücləndirmək niyyətindəyik. İmzalanmış müqavilə sərnişinlərimizə ən müasir və komfortlu dar gövdəli təyyarələri ilə səyahət təmin edəcək”, – deyə AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev bildirib.
“Bu sifariş “Airbus” və AZAL arasında məhsuldar əməkdaşlıqda mühüm mərhələdir: “A320neo” ailəsi öz donanması üçün sərfəli həllər axtaran aviaşirkətlər üçün ən yaxşı olaraq qalır. Bu sifariş müştərilərimizin “A320neo” təyyarəsinin performansına və etibarlılığına inamının sübutudur. Əminik ki, bu qərar “Azərbaycan Hava Yolları”nın uzunmüddətli perspektivdə davamlı inkişafına töhfə verəcək”, – deyə “Airbus”un Beynəlxalq Departamentinin rəhbəri və baş kommersiya direktoru Kristian Şerer vurğulayıb.
Hazırda AZAL-ın donanmasına 14 “Airbus” təyyarəsi – 4 ədəd “A319ceo”, 6 ədəd “A320ceo”, 2 ədəd “A340” və ilin əvvəlindən 3 yeni nəsil “A320neo” daxildir. Milli aviadaşıyıcı yerli və beynəlxalq marşrut şəbəkəsini inkişaf etdirmək üçün “A320neo” ailəsinin səmərəli təyyarələrindən istifadə etməyi planlaşdırır. “A320neo” təyyarələri böyüdülmüş “Sharklets” qanad ucları, CO2 emissiyalarını azaldan və ən azı 20 % yanacaq qənaəti təmin edən yeni nəsil mühərriklər kimi ən son texnologiyalarla təchiz edilib. “A320neo” ailəsi 135 müştərinin 8 700-dən çox sifarişi ilə dünyada ən populyar hava gəmisi növüdür.