BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (UNDESA) İdarəetmə və Dövlət İdarəçiliyi üzrə baş mütəxəssisi Adriana Alberti uğurlu nəticələri ilə dünyada nadir təcrübə olan “ASAN xidmət” modelinin BMT-yə üzv dövlətlərə təqdim edilməsini yüksək qiymətləndirib.
“Report”un ABŞ bürosu xəbər verir ki, Adriana Alberti BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin 22-ci sessiyası çərçivəsində Azərbaycanın təşkilatçılığı ilə “İnsan yönümlü dizayn və birgə idarəetmə vasitəsilə dövlət xidmətlərinin göstərilməsinin transformasiyası” mövzusunda plenar sessiyadakı çıxışında bu barədə bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin təşkilatçılığı ilə keçirilən sessiyada BMT rəsmiləri, təşkilata üzv ölkələrin nümayəndələri və beynəlxalq ekspertlər iştirak edib.
Sessiyada “ASAN xidmət”in fəaliyyət istiqaməti ilə bağlı ətraflı məlumatın yer aldığı videoçarx nümayiş olunub.
Plenar sessiyada çıxış edən Adriana Alberti dövlət xidmətlərinin göstərilməsi sahəsinin mütəmadi təkmilləşdirilməli olduğunu qeyd edib. O, bu istiqamətdə “ASAN xidmət”in müstəsna rolunu vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxışında “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə bağlı qonaqlara ətraflı məlumat verib. Ü.Mehdiyev vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində məhz ölkə vətəndaşlarının maraqları dayanır və “ASAN xidmət” mərkəzlərinin yaradılmasının bu istiqamətdə həyata keçirilən mühüm islahatlardan biridir: “Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulub. İlk dəfə Azərbaycanda yaradılan və tətbiq edilən, özünü praktikada tam olaraq doğruldan “ASAN xidmət” modelinin bütün dünya üçün əhəmiyyət kəsb etdiyini düşünürük və bunun üçün də dünya ölkələrinə model olmağa hazırıq”.
Seneqalın keçmiş baş naziri Aminata Ture “ASAN xidmət” təcrübəsinin Afrika qitəsində tətbiq dairəsinin genişləndirilməli olduğunu vurğulayıb.
BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) Yamaykadan olan üzvü Devon Rov və Mərakeş Krallığından olan üzvü Najat Zarruk “ASAN xidmət” mərkəzlərində müxtəlif mənbələr vasitəsilə vətəndaşlardan alınan rəy sorğularının, eləcə də “ASAN xidmət” indeksi üzrə qiymətləndirmə sisteminin dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində əhəmiyyətini qeyd ediblər.
Sessiyada çıxış edən CEPA-nın Almaniyadan olan üzvü Rolf Alter xidmətlərə bərabər çıxışın və əlçatanlığın təmin edilməsi baxımından səyyar “ASAN xidmət”in unikallığından bəhs edib.
Çıxışçılar “ASAN xidmət” konsepsiyasının dövlət xidmətləri sahəsində Azərbaycan Respublikası tərəfindən həyata keçirilən mühüm islahatlardan biri olduğunu və bu təcrübənin dünyaya nümunə olduğunu vurğulayıblar. Plenar sessiyada qonaqları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.