Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Brakonyerliyə qarşı necə mübarizə aparılmalıdır?

İdman balıqçısı İlkin Umudov: “Sosial mediadan və kütləvi informasiya vasitələrindən maarifləndirmə və məlumatlandırma, tətbiq edilən cərimələr və məsuliyyət barədə bilgiləndirmə məqsədilə geniş istifadə edilməlidir”

 

Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunması, sulardakı biomüxtəlifliyin tükənməsinin qarşısının alınması hər bir cəmiyyət üzvünün konstitusion vəzifələrindəndir. Son zamanlar bu məsələ xeyli dərəcədə aktuallaşıb.  

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ölkənin bir sıra su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqi” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunmasına, sulardakı biomüxtəlifliyin qorunmasına, Qarabağdakı su resurslarına nəzarətin bərpa olunmasına, təbiətin gözəlliyinin və ətraf mühitin təmizliyinin saxlanmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaqdır. Layihə çərçivəsində sahəyə aid ekspertlərdən, ictimai birliklərdən və ictimai fəallardan mövzu ilə bağlı fikir və təkliflər öyrənilir. Mövzu ilə bağlı müsahibimiz idman balıqçısı İlkin Umudovdur.

 

Öncə özünüzü təqdim edərdiniz.

İlkin Umudov. İdman balıqçısıyam.

Azərbaycanın hansı bölgələrini balıqçılıq turizmi baxımdan daha əlverişli hesab edirsiniz?

Ölkəmizdə bu baxımdan əlverişli yerlər çoxdur. Xəzər dənizi sahilində, Bakının və bir çox rayonların ərazisindəki sahillərdə bu turizm növünü inkişaf etdirmək mümkündür. Məsələn, Siyəzən rayonunun sahilləri, Bakıda Zirə, Türkan və Şıx, Lənkəranda Nərimanabad kəndi, daxili su hövzələrində isə İsmayıllıda yerləşən Aşıqbayramlı gölü, Mingəçevir su anbarı, Lənkəranda yerləşən Xanbulan gölü, Göygöl və s. yerlər bu baxımdan münasib sayıla bilər. Bununla belə, deməliyəm ki, balıqçılıq turizmi baxımından beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi çox vacibdir.

Azərbaycanda su resurslarının və onlardakı biomüxtəlifliyin qorunması məsələsi getdikcə aktuallaşır. Bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz?

Bəli, doğru qeyd etdiniz. Bu məsələ bizim üçün elə daim aktual olaraq qalır. Çünki su bioresurslarının qorunması gələcək nəsilllərə əmanət kimi anlaşılmaldır. Bunu cəmiyətin hər bir üzvü dərk etməlidir. Biz bu gün təbiətimizi qorumasaq, gələcəkdən danışa bilmərik. Bir vacib məqamı qeyd edim ki, bu məsələ ilə bağlı ölkəmizdə nəzarət tədbirləri gücləndirilməkdədir. Dövlət qurumlarımız tərəfindən bununla bağlı son zamanlar sərt addımlar atılır və bu təqdirəlayiq haldır. Çünki müsbət nəticələrini müşahidə etməyə başlamışıq.

Su resurslarının və onlardakı bioresursların qorunmasında bir həvəskar balıqçı kimi hansı təklifləriniz ola bilər?

Bunları qeyd edə bilərəm. Öncə sintetik torla ov edən sənaye balıqçıları, bu ov vasitələrini digər, yəni təbiətə ziyanı olmayan (iplə toxunmuş torlar) ov alətləri ilə əvəz etmələri günün tələbidir. Sintetik torların bu məqsədlə satışı və istifadəsi qadağandır. Sintetik torlar balıqlar və digər su bioresursları üçün kütləvi öldürücü effektə malikdir. Elektrik və kimyəvi üsullarla balıq ovlayan brakonyerlər isə bu işdən əl çəkməli, özlərinə normal peşə tapmalıdırlar. Onları bu zərərli işlə məşğul olmamağa çağırıram. Əslində, onlar bu barədə düzgün və dolğun maariflənsələr, bir daha bununla məşğul olmazlar. Bu barədə təcrübələr də göstərir ki, maariflənmə zəruridir. Məsələn, mən bilmədən brakonyerliyə başlayan vətəndaşı məlumatlandırandan sonra o, bu işlə məşğul olmağa bir daha cəhd etməyib, hətta özü belə hallara qarşı mübarizə aparıb.

Azad edilmiş ərazilərimizdə su resursları və onlardakı biomüxtəliflik necə qorunmalıdır?

Həmin ərazilərdə təbiətin, ətraf mühitin və bioresursların qorunması Azərbaycan qanunları ilə tənzimlənmiş şəkildə aparılmalıdır. Həmin ərazilər mina tələlərindən təmizlənməli, bütün zərərli ünsürlər zərərsizləşdirilməlidir. Hazırda müvafiq qurumlarımız bu sahədə üzərlərinə düşən vəzifələri lazımi şəkidə yerinə yetirirlər.

Brakonyerliyə qarı mübarizədə hər bir həvəskar balıqçı necə davranmalıdır?

Bununla bağlı öncə düşünürəm ki, aidiyyəti qurumlar məlumatlandırılmalıdır. Yəni brakonyerlik halları barədə aidiyyəti orqanlara məlumat verilməlidir. Lazım gələrsə, brokonyerlə maarifləndirici söhbət aparılmalıdır. Sosial mediadan və kütləvi informasiya vasitələrindən maarifləndirmə və məlumatlandırma, tətbiq edilən cərimələr və məsuliyyət barədə bilgiləndirmə məqsədilə geniş istifadə edilməlidir.

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.
Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir