CNN Azərbaycanın turizm rəsmisi ilə müsahibə yayımlayıb

“Avropa bazarı bizim üçün çox önəmlidir. Bu bazar üzrə fəaliyyətləri inkişaf etdirmək istiqamətində işlər görürük”.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid “CNN International” kanalına müsahibəsində bildirib.

Müsahibə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Dünya Səyahət Bazarı sərgisi çərçivəsində baş tutub. Azərbaycan rəsmisini kanalın tanınmış jurnalisti Riçard Kvest danışdırıb.

Müsahibə zamanı jurnalistin “Niyə Azərbaycan?” sualına cavab olaraq F. Zenqstşmid Azərbaycan təbiətinin gözəllikləri, müxtəlif iqlim tipləri, fərqli turizm təcrübələrin mövcudluğunu vurğulayaraq ölkəmizin zəngin mədəni və tarixi irsi haqqında məlumat verib. Baş icraçı direktor əsas hədəf bazarları haqqında ünvanlanan sualla bağlı bildirib ki, hazırda qonşu ölkələrlə yanaşı, Yaxın Şərq, Cənub-Şərqi Asiya ölkələri, o cümlədən Hindistan və Pakistandan gələn turistlərin sayı artmaqdadır.

Dayanıqlı turizmin önəmindən danışan F.Zenqstşmid Azərbaycanın turizmin təbliğatına başladığı ilk gündən bu istiqamətdə addımlar atdığını və turizm inkişafında əsas göstəricinin “yerli insanlar” və regionlar olduğunu bildirib.

R.Kvest “CNN” telekanalında “Quest Means Business”, o cümlədən “Business Traveller” proqramlarının aparıcısıdır.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir