Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Deputat: Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzində Azərbaycan dayanır

Qütbləşən dünyada baş verən proseslər yeni çağırışları meydana çıxarır. Belə ki, güc önə keçərək ədalət və beynəlxalq hüququ ikinci plana salır. Ona görə də qlobal səviyyədə soy-kökü, dili və mədəniyyətləri oxşar xalqlar birləşərək yeni bir gücün yaradılması çağırışını edirlər. Regionumuzda belə bir çağırışa ilk reaksiya verən yeni güc Türk Dövlətləri Təşkilatı (TDT) simasında formalaşır. Avropadan Asiyaya qədər bu region 200 milyondan çox eyni soy-köklü insanı özündə birləşdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
Deputat qeyd edib ki, 2009-cu ildə Naxçıvanda Türk Dili Danışan Ölkələr kimi fəaliyyətə başlayan bu birlik artıq Səmərqənddə Türk Dövlətləri Təşkilatı kimi ilk dəfə təşkilata üzv dövlətlərin liderlərinin IX Zirvə Görüşünü keçirib. Bu birlik artıq təşkilata çevrilib və yeni dünya nizamında özünə uyğun yerini və mövqeyini formalaşdırır. TDT-yə üzv ölkələrin mərkəzində Azərbaycan dayanır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə zamanında icra olunan beynəlxalq tranzit layihələri bu gün TDT-nin iqtisadi əməkdaşlığının genişlənməsinə və gücünün artmasına töhfə verir.
“Hazırda bu təşkilat daxilində hələ ki, fiziki bağlantının yaranmasına yeganə mane Naxçıvanı Azərbaycandan ayıran Qərbi Zəngəzurdur. 20-ci əsrdə bu ərazinin Azərbaycandan qoparılaraq Ermənistana verilməsi ilə maraqlı güclər faktiki olaraq Türk dünyasını bir-birindən ayırmış oldu. Amma iki il əvvəl Azərbaycanın müzəffər Ordusunun Qələbəsi nəticəsində Ermənistan kapitulyasiya aktını imzaladı. 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatla Türk dünyası arasında yenidən fiziki bağlantı yaradacaq Zəngəzur dəhlizinin açılması ehtiva edildi”,-deyə A.Badamov vurğulayıb.
O bildirib: “Təbii ki, Azərbaycan regionda baş verən prosesləri koordinasiya edir və ancaq birləşdirici töhfələr verir. Prezident İlham Əliyev Səmərqənddə keçirilən TDT-nin liderlərinin IX Zirvə Görüşündə çıxışı zamanı deyib: “Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli ölkələrdə bütün imkanlar vardır – təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək türkdilli ölkələr dünya miqyasında böyük gücə çevriləcəkdir. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır”.
Milli Məclisin deputatı əlavə edib ki, TDT-yə üzv ölkələrin bu təşkilatda müşahidəçi statusu olan iki ölkə ilə bir yerdə ÜDM-i 1,25 trilyon dollardan çoxdur. Əhalisi 200 milyondan çox olan bu ailənin ÜDM-i böyük rəqəmlə ifadə olunsa da, ölkələrarası ticarət dövriyyəsi 25,9 milyard dollar olmaqla heç də bu günün reallığını özündə əks etdirmir. Onu da qeyd etməliyik ki, TDT-yə daxil ölkələrin təbii resurslarını, əlverişli coğrafiyasını nəzərə alsaq bu təşkilat yaxın gələcəkdə qlobal geosiyasətdə və iqtisadiyyatda mühüm rola malik olacaq. Beləliklə, iqtisadi güc siyasi baxışların formalaşmasında və həyata keçirilməsində mühüm rol oynayır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyev türk dilli xalqlarının maraqlarının dünyada qorunması yönündə səsləndirdiyi fikirləri ilə də bir daha öz liderliyini nümayiş etdirdi. Hazırda TDT-də bütün istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi bu günün reallığıdır. Hesab edirəm ki, gələcəkdə TDT dünya səviyyəsində böyük siyasi və iqtisadi gücə malik və özünün təsdiq etmiş təşkilat kimi tanınacaq.

 

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir