Diaspor rəhbəri Taleh Mahmudovun ad günüdür

Rusiyanın Krasnoyarsk diyarındakı Azərbaycan diasporu öz fəallığı ilə seçilir. Krasnoyarsk diyarının “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının illik plan əsasında keçirdiyi tədbirlər sayəsində Azərbaycan diasporu yerli xalq və rəsmi qurumlar arasında nüfuz qazanıb. Krasnoyarsk diyarı Azərbaycan milli-mədəni muxtariyyəti regional ictimai təşkilatının 2023- cü il üçün əsas planı müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirin keçirilməsi olub. Bu tədbir də “Azərbaycan milli-mədəni muxtariyyəti” regional ictimai təşkilatının təşəbbüsü ilə Krasnoyarskda msy ayında təntənəli şəkildə qeyd edilib. Əlbəttə ki, bütün bunlarda Krasnoyarsk diyarının “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri, Krasnoyarsk Deputatlar Şurasının millət vəkili Taleh Mahmudovun xüsusi əməyi var. Yeri gəlmişkən, Taleh Mahmudov və digər bir neçə soydaşımız Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə təltif olunublar.

image-qo1x03ejwwq

Taleh Mahmudov, həmçinin Krasnoyarsk şəhərində yerləşən “Bionika” bərpa terapiyası klinikasının təsisçisidir. O, İdman ustası, Krasnoyarsk diyarının Ağır Atletika Federasiyasının prezidentidir. Bu gün Taleh Mahmodovun doğum günüdür. Xatırladaq ki, Taleh Sədi oğlu Mahmudov 1961-ci il avqustun 7-də Ağsu rayonunun Göydəlləkli kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra təhsilini Bakıda Maliyyə-iqtisad texnikumunda davam etdirib. 1979-cu ildə hərbi xidmətə çağırılıb və 1981-ci ilə qədər Xabarovskda Sovet Ordusunda xidmət edib. 1982-ci ildən indiyədək Krasnoyarsk şəhərində yaşayır və orada işləyir. Dəmir yollarının tikintisi idarəsində onun yolu iş icraçısından keçərək, tikinti-montaj idarəsinin rəisi vəzifəsinə qədər gedib çıxıb. Krasnoyarsk şəhərindəki bir sıra əhəmiyyətli memarlıq obyektləri bilavasitə Taleh Mahmudovun iştirakıyla tikilib, istifadəyə verilib. Onlardan “Lokomotiv” stadionunu, çoxmənzilli yaşayış evlərini, sosial təminat obyektlərlərini, Kemçuq dəmiryol stansiyasının binasını və s. misal göstərmək olar.   O, 1992-ci ildə Krasnoyarsk Mühəndis-inşaat institutunu bitirib.   1998-ci ildən Taleh Mahmudov aktiv ictimai fəaliyyətlə məşğul olur. Onun fəaliyyəti əsasən, Azərbaycan mədəniyyəti və ənənələrinin Krasnoyarsk vilayətində qorunub saxlanması və inkişafına yönəlib. 1998-ci ildə bilavasitə onun iştirakı ilə Krasnoyarskda yerli “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatı yaradıldı. 2004-cü ildən həmin təşkilatın sədridir. Taleh Mahmudovun rəhbərliyi altında bu təşkilat Krasnoyarsk diyarının, həmçinin şəhərin özünün sosial-mədəni və ictimai-siyasi həyatında daim iştirak edir. Həmvətənlərinə, o cümlədən Azərbaycandan gələnlərə kömək edir. Milli mədəni ənənələrin qorunması və tanıdılmasına çalışır. Muxtariyyət milli mədəniyyətin qorunması və inkişafı üçün böyük iş görür. Krasnoyarsk diyarında və Krasnoyarsk şəhərində Azərbaycanın Respublika Günü, Novruz bayramı və başqa əlamətdar günlərlə bağlı tədbirlərin keçirilməsi ənənə xarakteri alıb. Muxtariyyətin təmsilçiləri vilayətdə və şəhərdə keçirilən mədəni tədbirlərdə iştirak edirlər. Azərbaycan muxtariyyətinin nəzdində uşaqlardan, həmçinin böyüklərdən ibarət bir neçə yaradıcı kollektiv də fəaliyyət göstərir.
Taleh Mahmudovun sayəsində Rusiyasnın azərbaycan Gənclər Təşkilatının Krasnoyarskda şöbəsi açılıb. Təşkilatın məqsədi mədəniyyət, idman, təhsil və elmi inkişaf baxımından azərbaycanlı gənclərin inkişafı, mənəvi dəyərlərin dəstəklənməsidir.

image-17-27-50-1661252431195453155_367x266Azərbaycan muxtariyyətinin gənclərdən ibarət “Odlar Yurdu” adlı KVN komandası vilayətdə milli-mədəni ictimai təşkilatların komandaları arasında ən yaxşılardan biridir. 2016-cı ilin mayında “Odlar Yurdu” KVN üzrə Millətlər liqasının gümüş mükafatçısı, 2017-ci ilin noyabrında isə turnirin qalibi olub. 2017-ci ildə Taleh Mahmudovun dəstəyilə 1941-45-ci illərdə müharibədən bəhs edən “Azərbaycandan cəbhəyə” adlı kitab ərsəyə gəlib və təqdimat mərasimi keçirilib. Bu kitab Krasnoyarsk diyarının elmi-tədqiqat kitabxanasında layiqli yer tutur. “Azərbaycan milli-mədəni muxtariyyəti”nin sədri olaraq, Taleh Mahmudovun Krasnoyarskda başqa milli-mədəni ictimai birliklərin rəhbərlərilə sıx əlaqələri var. Taleh Mahmudov azərbaycanlıların ümumrusiya sosial-mədəni məkana inteqrasiyası üçün də böyük iş görür, Azərbaycanla Krasnoyarsk diyarı arasında işgüzar və mədəni əlaqələrin qurulmasına, inkişafına töhfəsini verir.   İctimai fəaliyyətlə yanaşı, o, idman və sağlam həyat tərzinin təbliğinə də xüsusi diqqət yetirir. 2000-ci ildə onun rəhbərliyi altında Krasnoyarsk regional ictimai təşkilatı olan Ağır Atletika Federasiyası yaradılıb. İndiyə qədər federasiyaya o, rəhbərlik edir. Federasiya daimi əsaslarla fəaliyyət göstərir, şəhər və regional səviyyədə yarışlar təşkil olunur, istedadlı idmançılar yetişdirilir. Bu fəaliyyətinə görə 2018-ci ildə təltif olunub.
2018-ci ildə Rusiyanın Krasnoyarsk şəhər sakinlərinin dəstəyini qazanan soyadımız Taleh Mahmudov Krasnoyarsk şəhər Deputatlar Şurasına deputat seçilib. Dağıstanın Serqokolinsk rayonunun fəxri vətəndaşı olan diaspor rəhbəri 2018-ci ildə Vahid Rusiya partiyasına üzv olub.
Taleh Mahmudov 2019-cu ilin 5 aprelində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin sərəncamına əsasən fəxri fərmanla təltif olunub. Həmyerlimiz Rusiya Prezidenti tərəfindən əmək nailiyyətlərinə, aktiv ictimai fəaliyyətinə və çoxillik vicdanlı işinə görə bu mükafata layiq görülüb. Bundan əvvəl Taleh Mahmudov Krasnoyarsk diyarının qubernatoru, diyarın qanunverici orqanı, Krasnoyarsk şəhərinin başçısı, Səhiyyə Nazirliyi və başqa qurumlar tərəfindən tərəfindən dəfələrlə təşəkkür məktublarına, mükafatlara layiq görülüb.
Onun təşəbbüsü ilə pandemiya dövründə də Krasnoyarskda xeyriyyə aksiyası keçirilib. Belə ki, Taleh Mahmudov və dini lider Mütəllib İbişov başda olmaqla Krasnoyarsk şəhərinin vətəndaşlarına özünütəcrid dövründə xeyriyyə yardımı aksiyası təşkil ediblər. Aksiyadan məqsəd milli mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq ehtiyacı olan hər kəsə ərzaq yardımının təqdim edilməsi olub.
Onun rəhbərliyi ilə Krasnoyarsk diyarında yaşayan Azərbaycan diasporunun nümayəndələri İkinci Qarabağ müharibəsi zamanı Vətənə maddi və mənəvi yardım ediblər. Belə ki, soydaşlarımız yaralanmış azərbaycanlı hərbçilərin müalicəsi üçün 52 ədəd İlizarov aparatına vəsait toplayıblar. Qeyd edək ki, artıq Krasnoyarskdan göndərilən 52 ədəd İlizarov aparatı Dövlət Sərhəd Xidməti Hərbi Hosbitalına təhvil verilib.
2020-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsi “Dünya azərbaycanlılarının həmrəyliyi” günü münasibətilə Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatlarının üzvlərini və diaspor fəallarını “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edib. Təltif olunan soydaşlarımız arasında Taleh Mahmudov da var.
O, bu diqqətə görə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə təşəkkür edib. Qeyd edib ki, bundan sonra da Krasnoyarskı diyarı ilə Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsinə, Azərbaycan tarixinin, mədəniyyətinin təbliğinə səylə çalışacaq. Taleh Mahmudov bildirib ki, Krasnoyarksda Azərbaycanla bağlı keçirilən bütün təbirlərimiz azərbaycançılıq ideyasına əsaslanır.

image-img-20230426-wa0049
Onu da deyək ki, Yeni İl ərəfəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkənin ictimai-siyasi həyatında fəallıq göstərən bir sıra tanınmış şəxslərin təltif olunması ilə bağlı sərəncam imzalamışdı. Təltif olunanlar arasında Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti” adlı ictimai təşkilatın sədri Taleh Mahmudov da var idi. Sərəncama görə Taleh Mahmudov Rusiya Federasiyasının Prezidenti tərəfindən “Təşəkürnamə” ilə təltif olunmuşdur.
Taleh Mahmudovu doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı və işlərində müvəffəqiyyətlər arzu edirik!

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir