Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Dinamik iqtisadi uğurlar

Ulu Öndər Heydər Əliyev: “Bizim iqtisadiyyatımızın aparıcı qüvvəsi özəl sektordur, sahibkarlardır”

Azərbaycanda sahibkarlığın inkişafı, əlverişli biznes mühitin yaradılması məqsədilə əsaslı şəkildə islahatlar aparılır. Bu, iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun daima mərkəzində durur. Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi sosial-iqtisadi tərəqqisinin hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində uğurla yerinə yetirilməkdədir. Dinamik uğurların əldə edilməsində özəl sektor əhəmiyyətli rol oynamaqdadır ki, bu da həyata keçirilən məqsədyönlü siyasət biznes mühiti üçün əlverişlili şəraitin yaradılması ilə şərtlənir. “Bizim iqtisadiyyatımızın aparıcı qüvvəsi özəl sektordur, sahibkarlardır” deyən Ulu Öndər Heydər Əliyev bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdir. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, Ulu Öndər onları Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modeli qurulmuşdur. Bu model özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı özündə ehtiva edən və sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi.

Sahibkarlığa dövlət tərəfindən maddi və hüquqi dəstək yaradılmış, kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsi təmin edilmişdir. Sahibkarlığın bazar infrastrukturunun yaradılması sahəsində respublikada ilk sənaye şəhərciyinin, biznes mərkəzlər şəbəkəsinin yaradılması üzrə tədbirlər həyata keçirilməkdədir. Bunun nəticəsində dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarlığın tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri təkmilləşmiş, qanunsuz müdaxilə halları azalmışdır. Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində mütəmadi tədbirlər həyata keçirilməkdədir.

Ulu Öndər Heydər Əliyev daima xüsusi vurğulayıdı ki, Azərbaycan dövləti sahibkarlığın sürətlə inkişaf etdirilməsini ölkədə iqtisadi və sosial problemlərin həllinin, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsinin mühüm amili hesab edir: “Sosial-iqtisadi inkişaf sahəsində Azərbaycan bazar iqtisadiyyatının, azad sahibkarlığın inkişaf etdirilməsi, iqtisadi həyatın sərbəstləşdirilməsi, xarici kapitalın, xarici investisiyaların Azərbaycana cəlb olunması, xarici investorlar üçün əlverişli şərait yaradılması xəttini qəti şəkildə götürmüşdür. Sözün qısası, söhbət azad bazar iqtisadiyyatından gedir. Bununla əlaqədar mən Azərbaycanla iqtisadi əməkdaşlığa maraq göstərənlərin hamısını respublikamıza dəvət etmişəm, onu nəzərdə tuturam ki, Azərbaycan hər cəhətdən bütün dünya üçün açıqdır, xüsusən investisiyalar üçün, iqtisadi münasibətlər üçün Azərbaycan Birləşmiş Krallığın işgüzar aləminin üzünə açıqdır. Mən demişəm və sizin qarşınızda bir daha bildirirəm ki, Azərbaycan iqtisadi əməkdaşlıq üçün, investisiyalar üçün əlverişli imkanlara malikdir, respublikanın rəhbərliyi, dövlətimiz investisiyaların müdafiəsinə, Azərbaycanla əməkdaşlığa başlayacaq xarici firmaların mənafelərinin müdafiəsinə təminat verir.”

Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsinin sistem şəklində həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilib. Bu strateji xəttin reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Prezident İlham Əliyevin imzaladığı bir sıra fərman və sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırıb. Məqsəd ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etməkdir. “Bir pəncərə” sistemi elektron hökumətin əsas elementlərindən sayılır. O, məlumatların bir mərkəzdə cəmləşdirilməsini, eləcə də bütün inzibati qeydiyyatların (vergi qeydiyyatı da daxil olmaqla) tamamilə sinxronlaşdırılmasını nəzərdə tutur. İş adamlarının mərkəzi sistemlə avtomatik, on-layn və davamlı əlaqəsi yaranır. Faktiki olaraq bu, lisenziyaların mərkəzləşdirilmiş qaydada və elektron şəkildə təqdim edilməsi deməkdir. Bu zaman, qeydiyyat üçün lazım olan prosedurların sayı azalır, vaxt itkisinin qarşısı alınır.

Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu güclü iqtisadiyyat nəticəsində Azərbaycanın ildən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları onun həm də sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital yatırmasını şərtləndirir. Türkiyə, Gürcüstan, Moldova və digər ölkələrdə inşa edilən nəhəng emal müəssisələri respublikamızın həmin ölkələrin bu məhsullara olan təminatında həlledici rol oynaması ilə bərabər, sərmayədar dövlət kimi dünya bazarında rəqabət imkanlarını artırır. Eyni zamanda azərbaycanlı iş adamları müxtəlif ölklərdə öz bizneslərini qurur, fəaliyyət dairələrini ildən-ilə genişləndirirlər.

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir