Diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri

Azərbaycanın İraqla dostluq tarixi qədimdir. Hələ 1979-cu ildə Bakının və Bəsrənin qardaşlaşmasına dair sənəd imzalanmışdır. Bundan başqa,1994-cü il oktyabrın 21-də Bağdadda Azərbaycan və İraq Respublikasının Mədəniyyət və İnformasiya Nazirlikləri arasında əməkdaşlıq sazişi imzalanmışdır. Azərbaycanın mədəniyyət və incəsənət xadimləri İraqda keçirilən Babil festivallarında iştirak edirlər. İraq tərəfi, daima Azərbaycanla kənd təsərrüfatı, neft sənayesi, təhsil və din sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirmişdir.
Xatırlatmaq istəyirəm ki, hələ 2002-ci ildə Azərbaycan tərəfi ölkələr arasında imzalanması nəzərdə tutulmuş iqtisadiyyat, ticarət, elm və texniki əməkdaşlıq haqqında saziş layihəsini İraq Respublikasının Bakıdakı səfirliyinə təqdim etmişdir.
Yaxın və Orta Şərqdə, dünya siyasətində son illər ən mühüm amilə çevrilmiş İraqla münasibətlərə də Azərbaycan xüsusi əhəmiyyət verir. İraq Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 2-də tanımış, həmin ilin mart ayında ölkələrimiz arasında diplomatik münasibətlər qurulmuşdur. İraqın diplomatik nümayəndəliyi Azərbaycanda hələ sovet hakimiyyəti dövründə Baş Konsulluq səviyyəsində uzun illər fəaliyyət göstərmiş və 1992-ci ildən səfirlik statusuna qaldırılmışdır. Azərbaycanın İraqla əlaqələri elm, təhsil, mədəniyyət sahələrini əhatə etmiş, siyasi münasibətlər Bakıda fəaliyyət göstərmiş İraq səfirliyi, BMT, İKT çərçivəsində həyata keçirilmişdir.
Bir sözlə, indiyədək Azərbaycanla İraq müxtəlif beynəlxalq platformalarda sıx əməkdaşlıq ediblər. O cümlədən hər iki ölkə BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında daim sıx təmaslar qurublar və bir-birinin suverenliyini, ərazi bütövlüyününü dəstəkləyiblər.
Yerigəlmişkən, Azərbaycan-İraq əlaqələrinin genişləndirilməsi sahəsində böyük imkanlar və potensial vardır. İraq yaxın gələcəkdə Azərbaycanın apardığı xarici siyasət xəttində prioritet istiqamətlərdən biri ola bilər. Yuxarıda göstərilən amil nəinki iqtisadi potensiala, həmçinin, ortaq dəyərlərə əsaslanır. Hələ Vətən müharibəsindən əvvəlki illərdə də İraqın beynəlxalq təşkilatlar, xüsusilə də, İKT çərçivəsində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün aradan qaldırılmasında, işğal olunmuş ərazilərin azad edilməsi və qaçqınların öz doğma torpaqlarına qayıtmasını tələb edən qətnamələrin qəbul edilməsində Azərbaycanın mövqeyini dəstəkləməsi beynəlxalq siyasətdə əhəmiyyət kəsb edən amillərdən və islam aləmində, o cümlədən, ərəb dövlətlərində ictimai rəyin formalaşmasına güclü təsir göstərmişdir. Yaxşı haldır ki, hazırda həm Azərbaycan, həm də İraq tarixi zəmin üzərində qarşılıqlı münasibətlərin genişləndirilməsinə böyük maraq göstərirlər.
Bu baxımdan, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 19-da Azərbaycana rəsmi səfərə gəlməsi də mühüm əhəmiyyət daşıyır. Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib, Azərbaycan və İraq arasında bir sıra sənədlər imzalanıb. Öz çıxışında Prezident İlham Əliyev ölkələrimiz arasında diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk səfərini tarixi səfər adlandırıb, bu səfərin ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcəyinə və əməkdaşlığımızda yeni səhifə açacağına əminliyini bildirib.
Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət Azərbaycanın dünya birliyindəki nüfuzunu getdikcə artırır. Xüsusilə, Ermənsitan üzərindəki tarixi Qələbəmizdən sonra ölkəmizin dünya miqyasındakı mövqeyi daha da möhkəmlənmiş, reytinqi yüksəlmişdir. Son illər Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı xeyli artıb. Yuxarıda qeyd etdiyim kimi, bir neçə gün əvvəl İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir göstəricisidir. Onu da qeyd edim ki, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. İnanırıq ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin daha da güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq.

İman ABDUYEV, politoloq

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir