Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Dövlət Turizm Agentliyi: “Sektor yaxın iki ildə tam bərpa olunacaq”

Azərbaycanda turizm sektorunun yaxın iki il ərzində tam bərpa olunması gözlənilir.

Bunu “Report”a açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

“Hesab edirik ki, gec-tez 2019-cu ilin rekord göstəricilərinə yaxınlaşacağıq. Turizm tez bərpa olunan sahədir. Biz coğrafiyamızı genişləndiririk, turizm üçün yeni bazarlar açırıq. Hesab edirik ki, turizm tam bərpa olunacaq və müsbət dinamika davam edəcək. Ənənəvi ölkələr var ki, Azərbaycana daha çox həmin ölkələrdən xarici vətəndaşlar səfər edir. Bu ilin qış mövsümü üçün marketinq işlərini daha çox MDB, Yaxın Şərq və Avropa ölkələrində aparmışıq”, – o qeyd edib.

F. Nağıyev qarşıdan gələn yeni il bayramlarına toxunaraq bildirib ki: “Azərbaycanda üç qış turizm komleksi – Şahdağ, Tufandağ və Naxçıvanda olan Ağbulaq kompleksi var. Düşünürük ki, yeni açdığımız bazarlardan bizə turistlər gələcəklər”.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana gələn xarici turistlərin sayı 118 % artaraq 1 milyon 323 min 416 nəfərə çatıb.

Bu ilin oktyabr ayı ərzində ölkəyə 160 467 turist gəlib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 76 % çoxdur.

Oktyabr ayı ərzində Azərbaycana gələn turistlərin 33,7 %-i, yəni 54,1 mini Rusiyanın payına düşür. Bu sıralamada ikinci yeri 28,3 min nəfərlə Türkiyə, üçüncü yeri isə 15,3 min nəfərlə İran tutur.

Sıralamada növbəti yerləri Hindistan (9,4 min), Gürcüstan (8,5 min), Pakistan (5,6 min), Səudiyyə Ərəbistanı (4,1 min), Özbəkistan (3,2 min), Qazaxıstan (3,1 min), İsrail (2,5 min), Belarus (2,4 min), Ukrayna (2,3 min), Birləşmiş Ərəb Əmirlikləri (2,2 min), Birləşmiş Krallıq (1,6 min) və Türkmənistan (1,4 min) yer alıb.

Qeyd edilən dövrdə Azərbaycanı seçən ziyarətçilərin regionlar üzrə payına gəlincə bu kateqoriyada da liderliyi 33,7 %-lə Rusiya edir. Sonrakı yerləri Türkiyə (17,6 %), Asiya (16,4 %), İran (9,5 %), Avropa (7,8 %), Yaxın Şərq (7,7 %) və digər regionlar (1,9 %) qərarlaşıb.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir