Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin sarsılmaz birliyini, əbədi qardaşlığını və daimi mütəffiqliyini təsdiq edən sənəddir
“Hazırda Azərbaycan-Türkiyə münasibətləri nümunəvi xarakter daşıyır. Bunu hər iki ölkənin rəsmiləri dəfələrlə öz çıxış və görüşlərində ifadə ediblər. Bu baxımdan Prezident İlham Əliyevin böyük fərəh hissi ilə qeyd etdiyi fikirləri xatırlatmaq yerinə düşər: “…hazırda Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyi nümunəvi xarakter daşıyır və özünün ən yüksək zirvəsindədir. Qarşılıqlı etimad, dəstək və həmrəylik kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimiz, eyni zamanda, regional əməkdaşlığa, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verir. Əminəm ki, qardaş xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan ilə Türkiyə arasında münasibətlər birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir”. Bu münasibətlər qardaşlıq güvəninə əsaslanaraq tarixin sınaqlarından çıxıb. Əlbəttə ki, bu gün Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın bir-birlərinə qarşılıqlı sayğısı və etibarı iki dövlətin əlaqələrinin möhkəmlənməsində çox mühüm rol oynayır.
Hazırda Azərbaycanın qlobal təşəbbüsləri beynəlxalq aləmdə sözsüz qəbul olunur. Biz bunu COVID-19 pandemiyasının tüğyan etdiyi dövrdə gördük. Həmin dövürdə Prezident İlham Əliyevin təşəbbüsü ilə nüfuzlu beynəlxalq təşkilatların onlayn zirvə görüşləri keçirildi. Bu il ölkəmizdə keçiriləcək COP29 da bu kimi beynəlxalq tədbirlərdən hesab olunur. Ən önəmli məsələ bu tədbirdə dünya liderlərinin iştirakı olacaq. Azərbaycan dövləti tərəfindən müxtəlif ölkələrin prezidentləri COP29-a dəvət edilir. Yeri gəlmişkən, Prezident İlham Əliyev iyunun 10-da Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub. Həmin görüşdə Prezident Rəcəb Tayyib Ərdoğan gələn ay Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirib və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb.
Dövlətimizin başçısı Türkiyə Prezidentini COP29-a bir daha dəvət edib. Prezident Rəcəb Tayyib Ərdoğan dəvəti məmnunluqla qəbul edib. Göründüyü kimi, bu kimi səfərlərin hər birində Azərbaycan və Türkiyənin sıx əməkdaşlıq və tərəfdaşlığı daha da möhkəmlənir. Xüsusən 2021-ci il 15 iyun tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri Azərbaycan-Türkiyənin tarixinə düşdü. Həmin gün imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki dövlətin qardaşlığı tarixinə yeni səhifə kimi yazıldı. Şuşa Bəyannaməsi ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır.
Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.
15 iyun tarixi artıq Azərbaycan dövləti və xalqı üçün ikiqat əlamətdardır. Xalqımız bu günü həm Milli Qurtuluş Günü kimi qeyd edir, eləcə də tarixi Şuşa Bəyannaməsinin imzalanması günü kimi xatırlayır. Bu bəyannamə əsl dostluq və qardaşlığın nümunəsi hesab olunur. Beynəlxalq aləm Azərbaycan-Türkiyə qardaşlığını Şuşa zirvəsindən izlədilər. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin sarsılmaz birliyini, əbədi qardaşlığını və daimi mütəffiqliyini təsdiq edən sənəddir.
Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəlmişdir. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin əlaqələrinin inkişafının konseptual istiqamətlərini müəyyən edir. Bu sənəd iki qardaş dövlətin müştərək müvəffəqiyyətlərinə yol açan yeni mərhələnin əsasını qoyub. Bəyannamənin imzalnması Azərbaycan və Türkiyənin beynəlxalq rolunun, çəkisinin daha da artmasında əhəmiyyətli rol oynayıb. Burada ümumi maraqlar qorunur. Ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə Azərbaycan və Türkiyə fəaliyyətlərini qarşılıqlı şəkildə əlaqələndirlər.
Qasımov Səyavuş Kamran oğlu,
Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent