Fransa Ermənistanda revanşist meyilləri gücləndirməklə yeni münaqişəyə zəmin yaradır – Ekspert rəyi

Fransa Milli Assambleyasının dünən qəbul etdiyi qətnamə bir daha bu dövlətin ölkəmizə qarşı ifrat qərəzini, ədalətsiz münasibətini ifadə edir. Bu, ölkəmizə qarşı məkrli ilk belə qətnamə deyildi. Belə ki, son iki il ərzində Fransa parlamenti ölkəmizə qarşı artıq üçüncü sənədi qəbul edir. Bundan əvvəl Fransa Senatı qondarma “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyinin tanınması ilə Azərbaycan əleyhinə qətnamə qəbul edib. Daha sonra bu il noyabrın 15–də Fransa Senatı növbəti dəfə analoji məzmunda sənəd qəbul etməklə bu ölkənin bölgə ilə bağlı “ədalətli” siyasəti haqqında aydın təsəvvürlər formalaşdırdı. Fransa parlamentinin hər iki palatasında qəbul edilən qətnamələr arasında müəyyən fərqlər olsa da, onları birləşdirən bir xüsusiyyət var: anti–Azərbaycan mövqe!Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli söyləyib.Maraqlı məqamlardan bəhs edən ekspert səsverməyə çıxarılan qətnamələrin demək olar yekdilliklə qəbul edildiyini vurğulayaraq deyib: “Bu fakt bir daha Fransa siyasi elitasında ölkəmizə qarşı formalaşmış əhval–ruhiyyəni təsdiqləyir. Tarixi faktların, regionda cərəyan edən siyasi–hərbi proseslərin saxtalaşdırılmasına əsaslanan, yalanlarla dolu olan bu qətnamələr bir daha rəsmi Parisin Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesində vasitəçi ola bilməyəcəyini sübut edir. Belə qərəzli, tərəfkeş mövqeyə, ədalətsiz yanaşmaya sahib olan dövlət iki ölkə arasında problemlərin həllində vasitəçilik funksiyasını necə həyata keçirə bilər? Beynəlxalq siyasət və hüquq normaları da tələb edir ki, vasitəçi dövlət mübahisə edən tərəflərə münasibətdə ən azı balanslı, ehtiyatlı siyasət həyata keçirməlidir. Fransa isə son zamanlar həm icra, həm də qanunverici hakimiyyət orqanları vasitəsilə ölkəmizə qarşı açıq–aydın qərəzini ifadə edir”.M.Məmmədli qeyd edib ki, Fransa parlamentinin qəbul etdiyi qətnamələrin tövsiyə xarakteri daşıması və formal olaraq ölkənin rəsmi mövqeyini ifadə etməməsi də məsələnin mahiyyətini dəyişmir. Məsələn, Milli Assambleyada dünən keçirilən səsvermədə Fransa hökumətinin nümayəndəsi də iştirak edib və məlum qətnaməni faktiki olaraq dəstəklədiyini bildirib. Yaxud da bu yaxınlarda Emmanuel Makronun Fransa televiziyasına verdiyi müsahibəsini, o cümlədən digər dövlət rəsmilərinin ölkəmizə qarşı davamlı ittihamlarını xatırlamaq kifayətdir. Bu baxımdan, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, belə bir mövqeyə sahib dövlət vasitəçi ola bilməz.Eyni zamanda, vurğulanıb ki, rəsmi Paris yenidən vasitəçi olmaq üçün siyasi və mənəvi haqqını tam itirib. Təəssüf ki, Fransa müasir dövrdə bir qrup siyasətçinin və yaxud siyasətbazın, ayrı–ayrı erməni diaspor qruplarının merkantil maraqlarının girovuna çevrilib. Nəticədə Fransanın iki ölkə arasında davam edən danışıqlar prosesinə münasibətdə nümayiş etdirdiyi mövqe regionda davamlı və kövrək sülhün əldə olunması prosesinə maneə törədir. Bununla yanaşı, Ermənistanda revanşist meyilləri gücləndirməklə yeni münaqişənin yaranmasına, vəziyyətin gərginləşməsinə zəmin yaradır.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir