Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Fransa Senatının qəbul etdiyi qərəzli qətnamə ilə əlaqədar  AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN BƏYANATI

AZƏRTAC

ansa Respublikası Senatının və Milli Assambleyasının, eləcə də bu ölkənin bir sıra siyasi dairələrinin uzun illər davam edən və son dövrdə daha da kəskinləşən açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyətinə, ümumiyyətlə, Fransanın beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımlarının intensivləşməsinə etiraz olaraq Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakıları bəyan edir:

 

– Fransa Parlamentinin hər iki palatasında Azərbaycan əleyhinə indiyədək qəbul edilmiş qətnamələr, o cümlədən Fransa Senatının 2022-ci il noyabrın 15-də qəbul etdiyi qətnamə və Fransa Milli Assambleyasının bu yaxınlarda səsverməyə çıxarmağa hazırlaşdığı qətnamə Fransa ilə Azərbaycan arasında ikitərəfli öhdəlikləri, xüsusilə də Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” Müqaviləni pozur. Sözügedən müqavilənin 2-ci maddəsinə uyğun olaraq, tərəflər öz üzərinə beynəlxalq təhlükəsizliyin təmin edilməsi, münaqişələrin qarşısının alınması və dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn aliliyinin təmin olunması üçün öz səylərini sərhədlərin pozulmazlığı prinsipləri əsasında birləşdirəcəklərinə dair öhdəlik götürmüşlər;

– Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət edilməsi Fransa tərəfinin həm çoxtərəfli, həm də ikitərəfli beynəlxalq öhdəliklərindən irəli gəlir;

– Fransada fəaliyyət göstərən radikal erməni qruplarının dəfələrlə Azərbaycanın Parisdəki Səfirliyinə qarşı özündə vandalizm və terror elementlərini ehtiva edən cinayət əməlləri törətməsi və Fransa tərəfinin bunun qarşısını almaq üçün heç bir tədbir görməməsi onun erməni vandalizmini himayə etdiyini, Azərbaycana qarşı açıq diskriminasiyaya yol verdiyini bir daha sübut edir. Həmçinin rəsmi Paris “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək kimi beynəlxalq öhdəliklərini yerinə yetirməməklə Azərbaycana selektiv yanaşdığını göstərir;

– Cənubi Qafqaz regionunun və bütövlükdə Avropanın təhlükəsizliyi üçün təhdid törətmiş, Azərbaycanın qətiyyətli səyləri ilə artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsinin 30 ilə yaxın bir müddətdə həll edilməməsinin əsas səbəblərindən biri də danışıqlar prosesində beynəlxalq vasitəçi rolunu oynamış bəzi dövlətlərin, xüsusən Fransanın Ermənistanın işğalına əsaslanan status-kvonu qoruyub saxlamağa çalışması olmuşdur;

– BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizinin 30 ilə yaxın davam edən işğalına göz yuman, səs verdiyi qətnamələrin icrasını Ermənistandan tələb etməyən Fransanın delimitasiya olunmamış Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmada Ermənistanın suverenliyinin pozulmasını iddia etməsi riyakarlıqdır;

– Azərbaycanın guya Ermənistana qarşı hücumunun BMT Təhlükəsizlik Şurası tərəfindən qınandığını iddia edən Fransa parlamentariləri Təhlükəsizlik Şurasının məhz Fransanın sədrliyi altında keçirilmiş 2022-ci il 15 sentyabr tarixli iclasında şuranın üzvü olan əksər dövlətlərin Azərbaycan ilə Ermənistan arasında bütün mübahisəli məsələlərin dinc diplomatik yollarla bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həllinə, habelə iki dövlət arasında sərhədin delimitasiyasının həyata keçirilməsinə çağırış etdiyini görməzdən gəlir. Senat həmin iclasda səsləndirilən çağırışlara tamamilə zidd olaraq, Ermənistanı revanşizmə həvəsləndirən birtərəfli addım və tədbirlərə çağırış etməklə Fransanın daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasından öz çirkin niyyətləri naminə sui-istifadə etdiyini nümayiş etdirir;

– Fransa tərəfindən Azərbaycan qüvvələrinin beynəlxalq səviyyədə tanınan ərazimiz olan, qətnamədə “Laçın dəhlizi” kimi qeyd olunan ərazilərdən çıxarılmasına dair tələbin irəli sürülməsi qətnamənin beynəlxalq hüquqa nə dərəcədə zidd olduğunu göstərməklə yanaşı, onun müəlliflərinin və dəstəkçilərinin yerdəki vəziyyətdən bixəbər, erməni “qara təbliğat” maşınının əlində alət olduğunu açıq şəkildə göstərir;

– Fransa Senatının və Milli Assambleyasının bu kimi destruktiv və təxribatçı addımları Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur.

İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1969-cu il 4 yanvar tarixli Konvensiyaya, eləcə də BMT-nin Nizamnaməsinə istinad edən, həmçinin Azərbaycanı hərbi cinayətlərdə ittiham edən Fransaya törətdiyi qətliamların və vəhşiliklərin bir qismini xatırladırıq:

– Dünyanın müxtəlif regionlarında 50-dən artıq dövlətin ərazisini işğal edərək, sərvətlərini talan edərək, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq və bəşəriyyət əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirmişlər. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan qara ləkədir;

– 1960–1966-cı illərdə Əlcəzairin Böyük Səhrada payına düşən Reqqan və İn Ekker adlı ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilmişdir ki, onlardan da 11-i yeraltı sınaqlar olmuşdur. Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri bu günədək Əlcəzair tərəfinə təqdim etmir. Eyni zamanda, Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın verilməsi məsələsindən də boyun qaçırır;

– İşğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən bu günədək imtina edir. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön yerlərdən birini tutur. Ermənistan müttəfiqi Fransanın ənənələrini davam etdirərək işğal etdiyi Azərbaycan torpaqlarında bir milyondan artıq mina basdırmışdır və dəqiq mina xəritələrini ölkəmizə verməkdən imtina edir. 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın qəbul edilməsindən ötən dövrdə 270-ə yaxın Azərbaycan vətəndaşının mina qurbanına çevrilməsinin Fransa tərəfindən bir dəfə də olsa pislənilməməsi bu ölkənin humanitar hüquqa necə selektiv yanaşdığını növbəti dəfə nümayiş etdirir;

– Əlcəzairin 1830–1962-ci illəri əhatə edən işğalı dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən qətlə yetirildiyindən bu ölkə “1,5 milyon şəhid ölkəsi” adlandırılır;

– Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edən Fransa ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin xalqına muxtariyyət belə verməkdən imtina etmişdir. Hətta Əlcəzair adlı dövlətin mövcud olmasını inkar edən Fransa bu ölkəni özünün bir parçası, dənizarxası ərazisi – Fransa Əlcəzairi adlandırmışdır;

– 1832-ci ildə El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilmiş, qadınlar və uşaqlar da daxil olmaqla, 12 min adam öldürülmüşdür;

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir