Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Fransa Senatının qətnaməsi beynəlxlq hüququn normalarına hörmətsizlikdir

 

Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüququn normaları əsasında dünyada tanınır. Bununla əlaqədar bütün nüfuzlu aparıcı beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda, qərarlar, qətnamələr qəbul ediblər. BMT, onun Təhlükəsizlik Şurası, Baş Assambleyası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO və digər təşkilatlar tərəfindən ərazi bütövlüyümüzün tanınması ilə əlaqədar müvafiq sənədlər qəbul edilib. Bu baxımdan bir neçə gün əvvəl Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 2020-ci il 9 noyabr tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnaməni beynəlxalq hüququn normalarına hörmətsizlik kimi dəyərləndirirəm. Senatın yalan və iftira üzərində qurulmuş bu qərəzli “kağız parçası” təxribatdan başqa bir şey deyil. Bu “sənəd”, həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.
Siyasi şərhçi deyib ki, Senatın bu qərəzli qətnaməsinə ilk etiraz səsini qaldıranlardan biri elə onların özlərindən oldu. Fransa Senatının üzvü Natali Qule açıq şəkildə bildirib ki, Senatda Azərbaycana qarşı qəbul olunan qətnamənin heç bir qüvvəsi yoxdur. N.Qulie bu sənədin əleyhinə səs verdiyini deyib. O, Azərbaycanın haqq yolunda olduğuna əminliyini ifadə edib və qətnamənin Fransadakı güclü erməni lobbisinin təsiri altında qəbul edildiyini vurğulayıb. N.Qulie qətnamənin əleyhinə səs vermiş yeganə Senat üzvüdür.
Senat üzvünün qətnamə barəsində dediklərini bir daha xatırladan Ə.Bədəlov deyib: “Bu qətnamənin Azərbaycana heç bir mənfi təsiri olmayacaq. Bu sənəd məcburi xarakter daşımır və Fransa hökumətinin mövqeyini dəyişdirə bilməyəcək. Ümumiyyətlə, unutmayaq ki, vaxtilə Fransanın da həmsədri olduğu Minsk qrupu artıq mövcud deyil”.
Belə qətnamələrin nə Fransaya, nə də Ermənistana bir fayda gətirəcəyini vurğulayan siyasi şərhçi əlavə edib ki, Fransanın parlament səviyyəsində “zavallı ermənilərə” havadarlıq etməsinin heç bir əhəmiyyəti yoxdur. Əslində, bu, Fransa tərəfindən Azərbaycanın daxili işlərinə qarışmaq, hörmətsizlik kimi qiymətləndirilməlidir. Çünki bir neçə həftə əvvəl Fransa Prezidenti Emmanel Makronun və Ermənistanın baş naziri Nikol Paşinyanın da imzaladığı Praqa Bəyanatı qəbul edilib. “Xatırladım ki, Azərbaycan, Fransa, Avropa İttifaqı və Ermənistan liderlərinin Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində dördtərəfli görüşün sonunda Bəyanat imzalandı. Bəyanata əsasən, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdı və bu xüsusda, BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Bu, faktiki olaraq o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu. Fransa Prezidenti öz vətəninə döndükdən bir qədər sonra Senatın belə bir qətnamə qəbul etməsinin iki məqsədi var: birincisi Emmanuel Makronun Fransada Prezident kimi hörməti yoxdur, ikincisi isə siyasi riyakarlıq”, – deyə Ə.Bədəlov vurğulayıb.
O bildirib ki, Fransanın bu addımı Ermənstanla Azərbaycan arasında sülh yaradılmasına ciddi zərbə vurur. Ermənistanın özü indiyədək keçmiş Dağlıq Qarabağın müstəqilliyini tanıyan hər hansı bir sənəd qəbul etməyib. Düzdür, belə bir sənədin qəbul edilməsinə parlamentdə bir neçə dəfə cəhd edilb, ancaq son anda buna cürət edə bilməyiblər. Çünki yaxşı bilirlər ki, beynəlxalq aləmdə buna reaksiya verən olmayacaq. Xatırladım ki, keçmiş Dağlıq Qarabağda keçirilən bütün seçkilərin nəticələri heç vaxt beynəlxalq aləmdə tanınmayıb. Fransa Senatının da qətnaməsi tanınmayacaq. Çünki artıq Dağlıq Qarabağ adlı region yoxdur. Dünya birliyi də bu reallığı qəbul edib.
Fransa Senatının indiyədək bir neçə dəfə belə qətnamə qəbul etdiyini xatırladan Ə.Bədəlov deyib: “Bu, son iki ildə Fransa parlamentinin Azərbaycana qarşı qəbul etdiyi üçüncü qərəzli və böhtan xarakterli sənəddir. Bu da Fransanın ölkəmizə qarşı aparılan nifrət kampaniyasının məqəsdli xarakter daşımasından xəbər verir. Özünü demokratiyanın beşiyi hesab edən, azadlıq və bərabərlik tərəfdarı olduğunu sübut etmək istəyən Fransa bir qədər keçmişə nəzər salsa, onlarla dövləti işğal etdiyini, müstəmləkəsinə çevirdiyini və qətliamlar törətdiyni açıq şəkildə görər. Ona görə də başqasının gözündə tük axtarmaqdansa, öz gözlərindəki tiri görsünlər”.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir