Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Hakim partiyanın proqramı xalqımızın mənafeyini əks etdirir

Azərbaycanın tarixində yeni parlaq səhifə açmış, xalqımızın xoşbəxt həyatı üçün çalışmış, ölkəmizi inkişaf etdirərək dünya dövlətləri sırasına çıxarmış ulu öndər Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının yaradılmasından 30 il ötür. Partiya yarananda Azərbaycan hər bir sahədə dərin böhran içində idi. Həmin vaxtı bütün məsuliyyəti üzərinə götürən Yeni Azərbaycan Partiyası öz rəhbərinin təcrübəsi, peşəkarlığı sayəsində ölkəmizi üzləşdiyi bəlalardan xilas etdi.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, bugünkü güclü, qüdrətli Azərbaycanın bütün uğurlarının kökü məhz o gündən başlayır. Əlbəttə ki, bunun səbəbi güclü lider və tərəqqipərvər, aydın fikirli, xalqını, Vətənini, dövlətini düşünən insanların həmin liderə güvənib partiya ətrafında birləşməsi idi. Partiya dövlətimizin güclənməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahının yüksəldilməsi, əmin-amanlığın təmin edilməsi, sabitliyin qorunmasında böyük işlər görüb. “Qeyd etdiyim məqamlar bir ölkənin inkişafı üçün əsas faktorlardır ki, Azərbaycanda bu, tam bərqərar olub. Bunun nəticəsidir ki, Azərbaycan regionun lideridir, beynəlxalq əhəmiyyəti durmadan artır, həyata keçirdiyi nəhəng layihələr genişlənir. Bu, hazırda ölkəmizin qüdrətini və onun rəhbəri İlham Əliyevin yüksək idarəçilik keyfiyyətlərini əks etdirir. Partiyanın yaradılmasının 30 illiyi münasibətilə rəhbərliyin, fəal üzvlərin, xarici qonaqların iştirakı ilə möhtəşəm tədbir keçirildi. Tədbirdə çıxışı zamanı Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham Əliyev Partiyanın yaranma tarixinə, keçdiyi yola nəzər saldı, gördüyü işlərdən danışdı. Partiyanın lideri Heydər Əliyev müasir, heç kimdən asılı olmayan tam müstəqil Azərbaycan qurdu. Vacib məqamlardan ən əsası isə iqtisadi müstəqilliyə nail olmaq idi ki, Ulu Öndər və onun layiqli davamçısı Prezident İlham Əliyev bunun öhdəsindən ləyaqətlə gəldi. Davamlı olaraq iqtisadi islahatlar keçirildi, əlverişli biznes mühiti yaradıldı, sahibkarlar üçün geniş imkanlar açıldı, sosial-iqtisadi inkişafa dair uğurlu dövlət proqramları icra edildi. Bu və digər amillər sayəsində ölkənin iqtisadi qüdrəti artmağa başladı, bütün bu illər ərzində iqtisadiyyatımız ildən-ilə gücləndi”, – deyə S.Möhbalıyev qeyd edib.Son 19 ildə ölkəmizin valyuta ehtiyatlarının 31 dəfə artdığını diqqətə çatdıran deputat müstəqillik qazandıqdan bu yana iqtisadiyyatımıza 280 milyard dollara yaxın investisiya yatırıldığını bildirib: “Bunun da böyük hissəsi xarici investisiyalardır. Bu, ölkəmizdə yaradılan rahat biznes və investisiya mühitini əks etdirir, bu da xarici sərmayədarlar üçün əlverişlidir. Təbii ki, Azərbaycanın uğurlarını saymaqla qurtarmaq olmaz. Bu gün ölkəmiz dünyanın enerji təhlükəsizliyində mühüm rola malikdir, regionun nəqliyyat-tranzit, eləcə də logistik mərkəzi, kosmik klubun üzvü, beynəlxalq tədbirlərin keçirildiyi məkandır”.AHİK sədri bildirib ki, ölkəmizdə həmrəylik bərqərardır və xalqımız dövlətimizin və onun başçısının ətrafında sıx birləşib. Bunun ən yüksək məqamını bütün dünya Azərbaycanın parlaq Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsində gördü. Hamı bir nəfər kimi sarsılmaz birlik nümayiş etdirdi. Xalqına verdiyi bütün vədləri şərəflə və böyük məsuliyyətlə icra edən Prezident İlham Əliyev ən böyük arzumuzu reallaşdırdı. Bu yolda yorulmadan mübarizə apardı, güclü, yenilməz Ordu yaratdı. İndi Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasındadır.“Yeni Azərbaycan Partiyasının proqramı tamamilə Azərbaycan xalqının maraqlarını əks etdirir, ölkəmizin daha da inkişafını, növbəti qələbələri hədəfləyir”, – deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir