“Biz İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq, öz əzəli torpaqlarımızı işğalçılardan azad etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik”.
“Report”un xəbərinə görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatı zamanı deyib.
“Siz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə toxundunuz. Qeyd etməliyəm ki, bu qətnamələr 1993-cü ildə qəbul edilmişdir. Ancaq 27 il ərzində bu qətnamələr icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu. Beynəlxalq ictimaiyyət və beynəlxalq birlik isə sadəcə olaraq buna göz yumurdu və Ermənistana hər hansısa bir sanksiyalar tətbiq edilməmişdi. Baxmayaraq ki, dəfələrlə Azərbaycan məsələ qaldırmışdı ki, Ermənistana qarşı sanksiyalar tətbiq edilsin, Ermənistan cəzalandırılsın. Çünki 20 faiz Azərbaycan ərazisini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib.
Mən Sizə məlumat verdim ki, ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə yeksan etmişlər, qalan 2 məsciddə isə heyvan, inək və donuz saxlamışdılar. Bütün müsəlmanların hisslərinə toxunmuşdular. Biz təkbaşına bu məsələni həll etdik, ədaləti bərpa etdik”, – dövlət başçısı bildirib.