İqlim, innovasiya və ticarət üzrə CAREC Tərəfdaşlığına dair Bakı Bəyannaməsi imzalanıb

Bakıda COP29 çərçivəsində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə təşkil edilən İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığına həsr olunmuş Yüksək Səviyyəli Sessiyada bəyannamə imzalanıb.

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə təşkil edilən İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığına həsr olunmuş Yüksək Səviyyəli Sessiya keçirilib.

Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya üzrə Əməkdaşlıq və İnteqrasiya Departamentinin regional başçısı Ləzizə Sabirovanın moderatorluğu ilə keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov CAREC Proqramının regionun inkişafına töhfələrini vurğulayıb. Qeyd olunub ki, proqram müxtəlif sektorlar üzrə yüksək keyfiyyətli layihələrə, o cümlədən prioritet istiqamətlərə sərmayə qoymaqla regional əməkdaşlığın gücləndirilməsini dəstəkləyir. Diqqətə çatdırılıb ki, regionda mühüm nəqliyyat qovşağı olan Azərbaycan transsərhəd və tranzit prosedurlarının, logistikanın davamlı olaraq təkmilləşdirilməsində və ticarətin rəqəmsallaşmasında önəmli rol oynayır. Azərbaycanın CAREC ölkələri ilə ticarət və investisiya əlaqələrinin gücləndirilməsi üçün səylərin davam etdirildiyi bildirilib: “2024-cü ilin doqquz ayı ərzində Azərbaycan ilə CAREC-ə üzv dövlətlər arasında ticarət dövriyyəsi təqribən 4 milyard ABŞ dollarına çatıb, CAREC ölkələrinin Azərbaycanın ümumi xarici ticarətində payı isə 11,5 faiz təşkil edib”. Qeyd edilib ki, tədbir çərçivəsində imzalanan “İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığına dair Bakı Bəyannaməsi” regionda sosial, iqtisadi və ekoloji sahələrdə təşəbbüsləri dəstəkləyən yeni platforma formalaşdıracaq. Həmçinin, bu çərçivədə yeni yaşıl prinsiplərin qəbul edilməsi prosesləri asanlaşacaq, ticarət və iqlim dəyişikliyi üzrə dialoq təşviq ediləcək.

Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava, Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Yevgeni Jukov, 2024-cü il üzrə CAREC Proqramına sədrlik edən Qazaxıstanın Baş nazirinin müavini, milli iqtisadiyyat naziri Nurlan Baybazarov CAREC ölkələrinin tərəfdaşlığı, iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı birgə tədbirlər, yaşıl layihələrin reallaşdırılması imkanları barədə fikirlərini bildiriblər. Sessiyada CAREC İqlim Dəyişikliyi Fəaliyyət Planı, CAREC İqlim və Davamlılıq Layihəsinə Hazırlıq Fondu və İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığına dair təqdimatlar olub.

Tədbirdə iqlim riskinə hazırlıq, su, enerji və qida təhlükəsizliyi, aşağı karbonlu həllər, iqlim fəaliyyəti istiqamətində tərəfdaşlığın gücləndirilməsi ətrafında müzakirələr aparılıb. Proqrama üzv olan ölkələr arasında İqlim, innovasiya və ticarət üzrə CAREC Tərəfdaşlığına dair Bakı Bəyannaməsi imzalanıb.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir