Noyabrın 10-da Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinə çağırılıb. İRNA agentliyinin verdiyi məlumata görə, Nazirlikdə diplomata bildiriblər ki, Azərbaycan “kütləvi informasiya vasitələrində İran əleyhinə təbliğata son qoymalıdır”.
Qonşu ölkənin xarici siyasət idarəsinin belə bəyanatından sonra, əlbəttə, qısaca cavab vermək olardı: “Bizdə söz azadlığıdır, dövlət kütləvi informasiya vasitələrinin fəaliyyətinə qarışmır”.
Lakin burada böyük bir “əmma” var. Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonra 30 ildən çoxdur ki, Arazın sağ sahilində bütün təbliğat maşını ölkəmizə qarşı nifrət yağdırır. Azərbaycanda xatırlayırlar ki, İran özünün Azərbaycandakı diplomatik nümayəndəliyini uzun müddət “İran İslam Respublikasının Bakıdakı səfirliyi” adlandırır, Xəzər dənizinin sektoral prinsip üzrə ədalətli bölgüsünə israrla müqavimət göstərirdi. Bu ölkənin bizə qarşı həyata keçirdiyi bütün neqativ tədbirləri sadalasaq, bir kitablıq faktlar yığılardı.
İran İslam Respublikasının hakimiyyət orqanlarında Azərbaycan dilinə, – bəzi məlumatlara görə, bu ölkədə təqribən 40 milyon etnik azərbaycanlı həmin dilin daşıyıcısıdır, – necə münasibət bəsləndiyini (bu dilin tədris olunmasının qadağan edilməsini) ölkəmizdə çox yaxşı bilirlər.
İran İslam Respublikasında milyonlarla həmvətənimizin bizimlə ortaq dilinə belə “qayğı ilə” yanaşdıqları bir vaxtda bu islam ölkəsində bizim ana dilimizdə xəbərləri yayan telekanallar, qəzetlər, saytlar yaradılır. Lakin bu süjetlərə baxan, bu xəbərləri oxuyan insanlar yaxşı bilirlər ki, yerli molla hakimiyyətinin bu ruporlarında diqqətəlayiq heç nə yoxdur, bunlar yalnız İran vətəndaşları olan azərbaycanlılar və bizim dövlətimiz haqqında yalan və böhtandan ibarətdir.
Azərbaycan İran kütləvi informasiya vasitələrində müxtəlif “din xadimləri”nin düşmənçilik xarakterli çıxışlarına həmişə təmkinlə yanaşıb, dəfələrlə ən yüksək səviyyədə cənub qonşularımızı dost və qardaş ölkə adlandırıblar. Görünür, İran İslam Respublikasında bəziləri bunu bizim zəifliyimiz, İrandan qorxmağımız kimi qəbul ediblər.
Azərbaycan bütün istiqamətlər üzrə ölkəmizə düşməncəsinə hücumların təfərrüatını bilir, lakin bütün neqativ hallara dözümlülük göstərirdi. Bizim kütləvi informasiya vasitələri də bu məsələlərdə təmkinli olublar.
Bu dəfə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ultimativ formada “kütləvi informasiya vasitələrində İran əleyhinə təbliğata son qoyulmasını” tələb edəndə qonşu ölkənin xarici siyasət məntiqinə heyrətlənməmək olmur. Onlar diplomatik protokolda qəbul edildiyi kimi narahatlığını, təəssüfləndiyini bildirmək əvəzinə, sadəcə əmr etməyi qərara alıblar. İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanda haqlı olaraq “zəhər TV” adlanan İranın “Səhər TV” telekanalı ilə yəqin ki, bu tonda danışa bilir.
Qonşu ölkədə söz azadlığının necə miskin vəziyyətdə olduğunu bildiyimizə görə inamla deyə bilərik ki, Azərbaycan kütləvi informasiya vasitələri İran İslam Respublikasında baş verənlər haqqında həqiqəti yazır. Həqiqət isə, indi İran ideoloqları üçün ən dəhşətli sözdür.
Bir hissəsi körfəz suları ilə yuyulan ölkənin küçə və meydanlarında hazırda səslənən “Rədd olsun diktatura!”, “Azadlıq, ədalət, milli hökumət!” şüarlarını Azərbaycan kütləvi informasiya vasitələri fikirləşməyib, bunlar milyonlarla İran vətəndaşının çağırışlarıdır. Azərbaycan parlamentariləri ğz vətəndaşlarına qarşı qəddarlığa çağırmır, İran İslam Respublikasının İslam Şurası Məclisi isə həbs edilmiş 15 minə yaxın etirazçının edam olunması haqqında qərar qəbul edir.