Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Layiqli həyat şəraitinin təmini Böyük Qayıdışa dair proqramda qarşıya qoyulan vacib hədəflərdəndir

Ötən ilin fevralında “Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilərkən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış beş milli öncəlikdən biri kimi müəyyən olunmuş, prosesin realizəsi istiqamətində çox ciddi addımların atılmasına başlanmışdı. Prezident İlham Əliyevin təsdiq etdiyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair dövlət Proqramı” isə cari milli prioritet üzrə köklü hüquqi bazisdir. Eyni zamanda, I Dövlət Proqramını qəbul etməklə postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərin əsl sahibi kimi Qarabağ və Şərqi Zəngəzurda əbədi mövcudluğumuzda bizim nə qədər qərarlı olduğumuzu dünyaya göstəririk. Həmçinin bu sənəd öz Qələbə nitqində Qarabağı, Zəngəzuru dirçəldəcəyimizi bəyan edən Müzəffər Ali Baş Komandanın ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi, əməli təzahürü və prosesin realizəsinin praktiki planıdır.Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.Onun sözlərinə görə, kifayət qədər əhatəli olan proqram həm də keçmiş məcburi köçkünlərin konstitusion səviyyədə ali niyyət kimi bəyan edilən hüquqlarının və azadlıqlarının, layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində çox ciddi bir yol xəritəsidir. Nəzərə almalıyıq ki, bizim bir milyon civarında soydaşımız 30 ildir vətənindən didərgin salınmaqla təbii hüquqlar başda olmaqla çoxsaylı hüquqlarından məhrum olunub. Qəbul edilən sənəd yalnız çoxsaylı hüquqların bərpasına yönəlməyib, bu iş həm də Dövlət Proqramının prioritet istiqamətləri kimi sistemli şəkildə təmin ediləcək.Sənəddə, ilk növbədə, bütövlükdə Şərqi Zəngəzur və Qarabağın təhlükəsiz bir zonaya çevrilməsi hədəflənir ki, bu, həm də ciddi geosiyasi hadisə hesab olunmalıdır. Biz regional təhlükəsizliyə ümummilli məqsəd kimi baxmaqla Ermənistandan, onun təhrikçi havadarlarından fərqimizi ortaya qoyuruq.Deputat qeyd edib ki, proqramda qarşıya qoyulan digər vacib hədəflər insanlar üçün layiqli həyat şəraitinin təmin olunmasıdır. Bunun üçün müasir yaşayış məntəqələrinin salınması, əhatəli və qabaqcıl standartlara cavab verən infrastrukturun qurulması nəzərdə tutulur ki, artıq istifadəyə verilən Füzuli, Zəngilan Beynəlxalq Hava limanları, Ağalı kəndi kimi digər rayonlarımızda başlanan çoxşaxəli işlərin nümunəsində müvafiq istiqamətdə çox ciddi nəticələrimiz var. Eyni zamanda, Azərbaycan Prezidenti Proqramda məsələyə kompleks yanaşaraq əhalinin yalnız öz ata-baba yurdlarına təhlükəsiz layiqli qayıdışını deyil, həm də əhalinin dayanıqlı məskunlaşmasını da hədəf qoyur. Bu hədəfə çatmaq üçün isə ərazilərin iqtisadi inkişafının dəstəklənməsi üçün ciddi proqramların icrası nəzərdə tutulur. Yəni, bu kompleks hədəflər planı bölgəyə həyat gətirməklə bərabər, həm də urbisidə, ekosidə məruz qalmış böyük bir ərazini ən müasir, ən sağlam mühitə malik yaşayış məskənlərindən birinə çeviririk. Ən nəhayət, biz quruculuğu, bərpanı təbiətin dostu, yaşıl artım ölkəsi kimi aparırıq. Bildiyiniz kimi, təmiz ətraf mühit və yaşıl artım ölkəsi olmaq bizim yaxın 10 il üzrə Milli Prioritetlərimizdən biridir. Bu mənada Böyük Qayıdışa dair Dövlət Proqramında işğaldan azad olunmuş ekoloji təmiz mühitin təmin edilməsi niyyətini bəyan etməsi, elə milli prioritetə doğru inamlı addımdır.

“Ümumiyyətlə, Dövlət Proqramı yalnız növbəti 4 il üçün Qarabağ və Şərqi Zəngəzurda planlaşdırılan işlər tikinti və quruculuqla məhdudlaşmır. Nəzərə alaq ki, bu hələ yalnız birinci sənəddir, hədəflər isə daha böyükdür. Bu mənada istisnasız və mübaliğəsiz deyə bilərik ki, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun bərpası və bu bölgələrə əhalinin qayıdışına dair vizyonu və hədəfləri milli dövlətçilik konsepsiyamızın ən mühüm sütunlarından birinə çevriləcək”, – deyən Bəhruz Məhərrəmov fikirlərini yekunlaşdırıb.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir