Moldovada 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində bu ölkənin parlamentində təşkil olunmuş Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyi ilə əlaqədar sərgi, ölkəmizin Moldovadakı səfirliyinin önündəki bağçada “Şuşa İli”nə həsr olunmuş barelyefin açılış mərasimi, aparıcı Jurnal TV telekanalında keçirilən “Şuşa, sən azadsan” filminin nümayişi, Moldova Azərbaycanlıları Konqresinin təşkil etdiyi Zəfər günü ilə əlaqədar bayram şənliyi barədə həmin ölkənin aparıcı və böyük izləyici auditoriyasına malik olan “CANAL3”, “TV8”, “PRİMETV”, JURNALTV”, “TVRMoldova” telekanallarında geniş reportajlar yayılıb.AZƏRTAC xəbər verir ki, Moldovanın telekanallarında efirə gedən reportajlarda 44 günlük Vətən müharibəsində Azərbaycanın beynəlxalq hüquqa arxalanan ədalətli mövqeyi, hər bir azərbaycanlı üçün müqəddəs olan Şuşanın 28 il sonra erməni işğalından azad olunması, Şuşada və bütün Qarabağ regionunda aparılan genişmiqyaslı yenidənqurma işləri, keçirilən beynəlxalq tədbirlər, o cümlədən 2023-cü ildə Şuşanın bütün Türk dünyasının paytaxtı elan olunması izləyicilərin diqqətinə çatdırılıb.Bundan əlavə, səfirliyin önündəki bağçada Şuşaya həsr olunmuş barelyefin açılış mərasimi, tədbirdə Moldova və Azərbaycanın yüksək səviyyəli rəsmilərinin iştirakı, habelə bu ölkənin parlamentində təşkil olan sərgidə parlament sədrinin iştirakı geniş işıqlandırılıb.
Eyni zamanda, Moldovanın aparıcı “Noi”, “Timpul”, “Rupor”, “Dosarmedia”, “Publika”, “Tribuna”, “Realitatea”, “Trm”, “Primelestiri”, “Moldpress” informasiya agentliklərində 8 Noyabr – Zəfər günü, Şuşaya həsr olunmuş barelyefin açılışı və parlamentdə təşkil olunmuş sərgi ilə əlaqədar ümumi sayı 29 olan xəbər və məqalə dərc olunub.Bununla yanaşı, səfir Qüdsi Osmanovun “Tribuna”, “Timpul”, “Dosarmedia” və “Noi” informasiya-analitik portallarında “44 günlük Vətən müharibəsi tarixi ədalətin və beynəlxalq hüququn təntənəsidir” adlı məqaləsi rumın və rus dillərində yer alıb.